Gözdə qəfil yaranan işıq çaxmaları, uçuşan cisimlər və ya görmə sahəsinə pərdə enmiş kimi hiss yaranması sadə göz yorğunluğu deyil. Mütəxəssislər bu əlamətlərin tor qişa xəstəliklərindən damar tıxanıqlığına qədər bir çox ciddi göz probleminin göstəricisi ola biləcəyini bildirərək, erkən müdaxilənin əhəmiyyətinə diqqət çəkirlər.
“55 yaşdan sonra göz müayinəsinə laqeyd yanaşmayın”
Görmə itkisi bəzən bir neçə saniyə ərzində, bəzən isə günlər ərzində inkişaf edir. Görmə yenidən normallaşsa belə, yaşanan vəziyyətin diqqətdən kənarda qalmaması vurğulanır.
Göz xəstəlikləri üzrə mütəxəssis Op. Dr. Mert Hakan Şimşək qəfil görmə itkisinin müxtəlif səbəblərdən yarana biləcəyini bildirib. Tor qişa damarlarının tıxanması, tor qişanın qopması, göz təzyiqi tutmaları, görmə siniri xəstəlikləri və bəzi nevroloji problemlər görmə itkisinə səbəb olur.
Şimşək bildirib ki, qəfil görmə itkisi bir neçə saniyədən bir neçə günə qədər olan müddətdə inkişaf edir. Görmə tam və ya qismən itirilə bilər. Bəzi hallarda vaxtında müdaxilə qalıcı zədələnmənin qarşısını alır.
Qəfil və ağrısız görmə itkisinin mühüm səbəblərindən biri tor qişa damarlarında yaranan tıxanıqlıqlardır.
“Üzdəki dəyişikliklər də diqqətdən kənarda qalmamalıdır”
Retinal arteriyanın tıxanması zamanı gözü qidalandıran əsas damarın bağlanması səbəbindən saniyələr ərzində görmə itkisi baş verir. Xalq arasında “gözün iflici” kimi də ifadə edilən bu vəziyyət təcili tibbi qiymətləndirmə tələb edir.
Retinal venanın tıxanmasının isə xüsusilə yüksək təzyiq və diabet kimi xəstəlikləri olan insanlarda daha çox görüldüyü bildirilir.
“Müntəzəm göz müayinəsi vacibdir”
Mütəxəssislərin fikrincə, gözdə görünən işıq çaxmaları və hərəkət edən qara nöqtələr tor qişa problemlərinin ilk əlamətləri arasında olur.
Tor qişanın qopması zamanı gözün arxa hissəsində yerləşən işığa həssas tor qişa təbəqəsi öz yerindən ayrılır. Bu vəziyyətdə insan əvvəlcə işıq çaxmaları və uçuşan cisimlər görə bilər. Sonrakı mərhələdə isə görmə sahəsinə pərdə enmiş kimi hiss yaranır.
Bir neçə dəqiqə ərzində başlayan və öz-özünə keçən görmə itkiləri də diqqətdən kənarda qalmamalıdır. Mütəxəssislər bunun bəzən damar mənşəli problemlərin xəbərçisi ola biləcəyinə diqqət çəkirlər.
“Amaurosis fugax” kimi tanınan müvəqqəti görmə itkisi bəzi hallarda göz damarlarının qısa müddət ərzində tıxanması nəticəsində yaranır. Bu vəziyyət gələcəkdə baş verə biləcək daha ciddi damar problemləri baxımından qiymətləndirilməlidir.
Qəfil yaranan görmə problemlərində “keçib gedər” düşüncəsi ilə gözləmək qalıcı görmə itkisi riskini artırır. Buna görə də belə əlamətlər ortaya çıxdıqda vaxt itirmədən göz xəstəlikləri üzrə mütəxəssisə müraciət etmək böyük əhəmiyyət daşıyır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

