Gundelik.az Mədəniyyət və cəmiyyət Ürək sağlamlığı üçün hansı qidalar daha faydalıdır?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ürək sağlamlığı üçün hansı qidalar daha faydalıdır?

Yeni araşdırmaya görə, ürək sağlamlığını qorumaq üçün yalnız gündə beş porsiya meyvə və tərəvəz yemək kifayət etmir. Tədqiqatçılar qidaların tərkibindəki flavanolların miqdarına da diqqət yetirməyin vacib olduğunu bildirirlər.

ABŞ və Böyük Britaniyadan 30 minə yaxın insanın iştirak etdiyi araşdırmada gündə beş porsiya meyvə və tərəvəz yeyən bəzi insanların belə kifayət qədər flavanol qəbul etmədiyi müəyyənləşdirilib.

Flavanollar müəyyən qidalarda olan antioksidant birləşmələrdir. Onların iltihabı azaltmağa, qan dövranını yaxşılaşdırmağa və damarların elastikliyini dəstəkləməyə kömək edə biləcəyi bildirilir.

Araşdırmaya görə, gündə təxminən 500 mq flavanol qəbul etmək ürək sağlamlığı baxımından faydalıdır. Daha çox flavanol ehtiva edən qidalar arasında gavalı, zoğal, böyürtkən, yaşıl çay, paxla, albalı, alma, çiyələk və qaragilə yer alır.

Məsələn, bir porsiya gavalıda təxminən 450 mq, bir fincan yaşıl çayda 200 mq, bir orta ölçülü almada isə 110 mq flavanol olduğu göstərilib.

Bununla belə, mütəxəssislər flavanol qəbulunun infarkt və insult kimi ürək-damar xəstəliklərinin qarşısını aldığına dair hələ kifayət qədər sübut olmadığını vurğulayırlar. Flavanol miqdarı meyvə və tərəvəzin yetişdiyi ərazi, iqlim, yetişmə dərəcəsi, saxlanma və emal üsulundan asılı olaraq dəyişə bilər.

Bittər şokolad da flavanol mənbəyi hesab olunur. Lakin onun tərkibindəki flavanol miqdarı məhsuldan məhsula ciddi fərqlənir.

Mütəxəssislər ürək sağlamlığını qorumağın ən yaxşı yolunun müxtəlif meyvə və tərəvəzlər, liflə zəngin məhsullar və digər faydalı qidaları əhatə edən balanslı və müxtəlif qidalanma olduğunu bildirirlər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version