Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə Avropa İttifaqının mübahisəli Giriş-Çıxış Sistemini (EES) tətbiq etməyi təxirə salıb.
Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarından barmaq izi və üz tanıma məlumatlarının alınmasını nəzərdə tutan sistem hava limanlarında uzun növbələrə səbəb olub.
Sərhədlərdə hərəkətin ləngiməsinin qarşısını almaq məqsədilə bu ölkələrdə sistem tam işlək vəziyyətə gələnədək yoxlamaların tətbiq edilməyəcəyi bildirilib.
Ötən ilin oktyabrında mərhələli şəkildə tətbiqinə başlanılan EES-in apreldə tam qüvvəyə minməsi gözlənilirdi. Ölkələrə yay aylarında yaranacaq səyahət xaosunun qarşısını almaq üçün yoxlamaları dayandırmağa imkan verən 150 günlük keçid müddəti verilmişdi.
Bu müddət sentyabrın 6-da başa çatsa da, adı çəkilən 9 ölkə sistemlər düzgün işləyənədək EES yoxlamalarını tətbiq etməyəcəyini açıqlayıb.
Aviaşirkətlərdən etiraz
Aviaşirkətlər və hava limanları Aİ-nin yeni sərhəd nəzarəti sistemini tətbiq etmə üsulunu tənqid edib.
Ryanair hava limanlarına və sərhəd xidmətlərinə hazırlıq üçün daha çox vaxt verilməsi məqsədilə EES üzrə güzəştlərin ən azı 2027-ci ilin aprelinədək uzadılmasını tələb edib.
Şirkətin əməliyyat direktoru Nil MakMahon prosesi əvvəldən sona qədər “fəlakət” adlandıraraq, əvvəlcədən edilən xəbərdarlıqlara məhəl qoyulmadığını bildirib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

