Uzun illər ərzində universitet diplomu yaxşı karyeranın əsas şərtlərindən biri hesab olunub. Məktəbdən sonra universitetə daxil olmaq, diplom əldə etmək və daha sonra əmək bazarına çıxmaq klassik karyera modelini formalaşdırıb. Lakin əmək bazarının sürətlə dəyişməsi, süni intellektin iş proseslərinə inteqrasiyası və işəgötürənlərin konkret bacarıqlara daha çox önəm verməsi bu modelin gələcəyini müzakirə mövzusuna çevirib.
Artıq bir çox sahədə işə qəbul zamanı namizədin yalnız hansı universiteti bitirdiyi deyil, konkret olaraq nə bacardığı, hansı layihələr üzərində işlədiyi və əldə etdiyi bilikləri praktikada necə tətbiq edə bildiyi də nəzərə alınır. Bu isə ənənəvi dördillik ali təhsil modelinin qarşısına daha çevik və qısa müddətdə peşəkar bacarıq qazandıran alternativlər çıxarır.
Yaxın beş ildə universitetlər üçün əsas rəqabət yalnız digər ali təhsil müəssisələri ilə deyil, həm də onlayn təhsil platformaları, peşəkar sertifikat proqramları, korporativ akademiyalar, mikrodərəcə proqramları və iş üzərində öyrənmə modelləri ilə bağlı ola bilər.
Mövzu ilə bağlı “Qlobus Xaricdə Təhsil” şirkətinin rəhbəri, xaricdə təhsil üzrə mütəxəssis Anar Kazımov Gundelik.az-a açıqlama verib.
Onun sözlərinə görə, yaxın illərdə universitetlərin rolunun tamamilə aradan qalxması real görünmür, lakin ali təhsilin məzmunu və ona münasibət ciddi şəkildə dəyişə bilər.
Ekspert hesab edir ki, əmək bazarında konkret bacarıqlara tələbin artması universitetləri daha praktik, çevik və əmək bazarının ehtiyaclarına uyğun proqramlar hazırlamağa məcbur edəcək. Onun sözlərinə görə, xüsusilə texnologiya, rəqəmsal marketinq, proqramlaşdırma, dizayn, məlumat analitikası və digər sürətlə dəyişən sahələrdə insanın bütün karyerasını yalnız bir diplom üzərində qurması getdikcə daha az effektiv modelə çevrilir.
Anar Kazımov bildirir ki, universitetlər üçün əsas alternativlərdən biri qısamüddətli və modul əsaslı təhsil proqramlarının genişlənməsidir. Belə modeldə tələbə bir neçə il ərzində vahid proqram üzrə təhsil almaq əvəzinə, əmək bazarında konkret ehtiyaca uyğun bacarıqları mərhələli şəkildə əldə edə bilər. Mikrokvalifikasiyalar və peşəkar sertifikatlar da bu prosesin bir hissəsinə çevrilə bilər. Ekspertin fikrincə, gələcəkdə işəgötürən üçün namizədin yalnız diplomunun deyil, onun hansı bacarıqlara malik olduğunu təsdiqləyən portfelinin, sertifikatlarının və real layihələrinin əhəmiyyəti arta bilər.
Ali təhsilə alternativ kimi inkişaf edən digər istiqamət onlayn və hibrid təhsil modelləridir. Ənənəvi auditoriya dərsləri ilə müqayisədə bu format tələbəyə vaxt və məkan baxımından daha çox çeviklik verir. İnsan eyni vaxtda işləyərək yeni ixtisas və ya bacarıq əldə edə bilər. Bu xüsusilə artıq əmək bazarında olan və karyerasını dəyişmək istəyən şəxslər üçün cəlbedici modeldir.
Digər mühüm istiqamət şirkətlərin öz daxilində yaratdığı korporativ akademiyalardır. Böyük şirkətlər getdikcə daha çox əməkdaşlarının konkret iş prosesləri üçün lazım olan bilik və bacarıqları birbaşa özləri öyrətməyə çalışırlar. Bu yanaşmada əsas məqsəd diplom verməkdən çox, işçinin müəyyən vəzifəni effektiv yerinə yetirməsi üçün lazım olan kompetensiyaları formalaşdırmaqdır.
Peşə təhsili və “işləyərək öyrənmə” modeli də qarşıdakı illərdə daha çox aktuallaşa bilər. Xüsusilə texniki və tətbiqi sahələrdə nəzəri biliklə yanaşı real iş təcrübəsinin əldə edilməsi gənclərə əmək bazarına daha tez daxil olmaq imkanı yaradır. Bu modeldə insan həm gəlir əldə edir, həm də peşəkar bacarıqlarını inkişaf etdirir.
Bununla belə, bütün bu modellərin universiteti tam şəkildə əvəz edəcəyini söyləmək düzgün olmaz. Tibb, hüquq, mühəndislik, fundamental elmlər və bir sıra digər sahələrdə sistemli ali təhsil, akademik hazırlıq və peşəkar akkreditasiya hələ də mühüm əhəmiyyət daşıyır. Universitetin üstünlüyü yalnız diplom verməsində deyil, həm də fundamental bilik, tənqidi düşüncə, tədqiqat bacarığı, akademik mühit və sosial əlaqələr yaratmasındadır.
Əsas dəyişiklik isə universitetin “təhsilin son mərhələsi” kimi deyil, insanın karyerası boyunca dəfələrlə qayıtdığı inkişaf platforması kimi formalaşması ola bilər. Gələcəyin əmək bazarında bir diplomla kifayətlənmək əvəzinə, insanın müxtəlif dövrlərdə yeni bacarıqlar qazanması, sertifikatlar əldə etməsi və ixtisasını yeniləməsi daha geniş yayılmış praktikaya çevrilə bilər.
Beləliklə, yaxın beş ildə universitetlərin əsas problemi tələbələrin tamamilə yoxa çıxması deyil, onların nə üçün universitetə ehtiyac duyduqları sualının aktuallaşması olacaq. Əgər ali məktəblər əmək bazarının dəyişən tələblərinə uyğunlaşa, nəzəri biliklə praktiki bacarığı birləşdirə və tələbəyə çevik təhsil imkanları təqdim edə bilsələr, alternativ modellərin inkişafı universitetlərin mövqeyini zəiflətmək əvəzinə onların transformasiyasına səbəb ola bilər.
Nurəddin Abdullayev
Gundelik.az
