Oktyabr 8, 2026
Baku
Aktual Müsahibə Ölkə Xəbərlər

Mənfəət var, amma kassada pul yoxdur – Fidanə Alıyeva səbəbini açıqladı

Şirkətin maliyyə hesabatında mənfəət göstərməsi ilk baxışdan onun maliyyə vəziyyətinin yaxşı olduğu təəssüratını yaradır. Lakin praktikada elə vəziyyətlər olur ki, müəssisə hesabat dövrünü mənfəətlə başa vurur, amma kassasında və bank hesablarında gündəlik ödənişləri qarşılamaq üçün kifayət qədər vəsait olmur. Bu isə ilk baxışda ziddiyyətli görünsə də, əslində biznes maliyyəsinin ən vacib məqamlarından biri ilə mənfəət və pul axınının fərqi ilə bağlıdır.

Mənfəət şirkətin müəyyən dövr ərzində əldə etdiyi gəlirlərdən həmin gəlirlərin qazanılması ilə bağlı xərclər çıxıldıqdan sonra yaranan maliyyə nəticəsidir. Pul axını isə şirkətə faktiki daxil olan və şirkətdən faktiki çıxan pul vəsaitlərini göstərir. Başqa sözlə, şirkət satış həyata keçirib gəlir tanıya bilər, lakin həmin satışın pulu hələ onun hesabına daxil olmayıb. Belə olduqda mühasibat uçotunda mənfəət yarana, eyni zamanda real pul çatışmazlığı yaşana bilər.

Bu vəziyyət xüsusilə satışların böyük hissəsini nisyə və ya təxirə salınmış ödənişlərlə həyata keçirən şirkətlər üçün xarakterikdir. Məsələn, müəssisə 100 min manatlıq məhsul satıb və bu satış üzrə gəliri tanıyıb. Lakin müştəri ödənişi 60 gün sonra edəcəksə, şirkətin həmin 100 min manatlıq vəsaiti hazırda kassasında və ya bank hesabında yoxdur. Eyni zamanda müəssisənin əməkhaqqı, vergi, icarə, təchizatçı və digər öhdəliklər üzrə ödənişləri davam edir.

“Finance and Accounting” MMC-nin təsisçisi Fidanə Alıyeva Gundelik.az-a açıqlamasında bildirib ki, şirkətin mənfəətli olması onun avtomatik olaraq likvid vəsait baxımından rahat vəziyyətdə olduğu anlamına gəlmir.

Onun sözlərinə görə, mənfəət və pul axını bir-biri ilə əlaqəli olsa da, eyni anlayış deyil:

“Mənfəət şirkətin müəyyən dövrdə nə qədər qazandığını, pul axını isə həmin dövrdə real olaraq nə qədər pulun daxil olub-çıxdığını göstərir. Şirkətin mənfəəti yüksək ola bilər, amma əgər satışlardan yaranan debitor borclar yığılmayıbsa, həmin mənfəət hələ real pula çevrilməyib. Eyni zamanda şirkət kredit və ya borc öhdəliklərini ödəyirsə, bu ödənişlər də pul vəsaitlərinin hərəkətinə ciddi təsir göstərə bilər”.

Mütəxəssis bildirir ki, şirkətin kassasında pulun azalmasının səbəbi təkcə satışların nisyə olması deyil.

“Müəssisə avadanlıq və digər uzunmüddətli aktivlərə investisiya edə, kredit borclarını qaytara, əvvəlki dövrlərdən qalan öhdəliklərini ödəyə və ya ehtiyatlarını artıra bilər. Bu əməliyyatlar şirkətin mənfəət göstəricisinə birbaşa və ya həmin dövrdə eyni ölçüdə təsir etməsə də, pul vəsaitlərinin balansına təsir göstərir. Buna görə də biznesin real maliyyə dayanıqlığını qiymətləndirərkən yalnız mənfəət və zərər hesabatına deyil, pul vəsaitlərinin hərəkəti hesabatına da diqqət yetirmək vacibdir”, – deyə o vurğulayıb.

Fidanə Alıyevanın fikrincə, sahibkar üçün əsas risklərdən biri mənfəəti sərbəst istifadə edilə bilən pul kimi qəbul etməkdir.

“Xüsusilə sürətlə böyüyən şirkətlərdə bu problem daha qabarıq görünə bilər. Satışların artması ilə yanaşı debitor borclar da artırsa, biznes kağız üzərində daha çox mənfəət əldə etsə də, gündəlik xərclərin maliyyələşdirilməsi çətinləşə bilər. Buna görə şirkətlər debitor borcların yığılma müddətini, təchizatçılara ödəniş şərtlərini, kredit öhdəliklərini və aylıq pul ehtiyaclarını daim nəzarətdə saxlamalıdırlar”, deyə mütəxəssis qeyd edib.

Nəticə etibarilə, “şirkət mənfəət əldə edir” və “şirkətin hesabında kifayət qədər pul var” ifadələri eyni məna daşımır. Mənfəət biznesin iqtisadi nəticəsini, pul axını isə onun real pul hərəkətini göstərir. Sağlam maliyyə idarəetməsi üçün bu iki göstəricinin birlikdə təhlil edilməsi vacibdir. Çünki şirkətin uzunmüddətli uğurunu yalnız nə qədər qazandığı deyil, qazandığı vəsaiti nə vaxt real pula çevirdiyi və həmin pulla öhdəliklərini necə idarə etdiyi də müəyyən edir.

Nurəddin Abdullayev
Gundelik.az