Oktyabr 8, 2026
Baku
Aktual İdman Müsahibə Ölkə Xəbərlər

Messi milliyə vida etdi: Argentina onu kimlə əvəzləyəcək? – Xəyal Abdullayevdən ŞƏRH

Lionel Messinin Argentina millisindəki son oyunu bir futbolçunun karyerasının deyil, bütöv bir futbol erasının sonu kimi yadda qaldı. 39 yaşlı ulduz oktyabrın 6-da “Benin”ə qarşı keçirilən qarşılaşmada milli forma ilə sonuncu dəfə meydana çıxdı. Argentina həmin oyunda 3:0 hesabı ilə qalib gəldi, Messi isə bir qol vuraraq iki məhsuldar ötürmə ilə yadda qaldı. Bununla da onun Argentina millisindəki 21 illik karyerası başa çatdı.

Messinin gedişi ilə Argentina futbolunun qarşısında əsas sual yaranıb: onun yerini kim dolduracaq?

Mövzu ilə bağlı Gundelik.az-a danışan jurnalist Xəyal Abdullayev bildirib ki, Messinin yerini bir futbolçunun doldurması real görünmür:

“Əslində Argentina üçün əsas məsələ yeni Messi tapmaq deyil, Messisiz yeni komanda qurmaqdır. Çünki Messi sadəcə qol vuran və ya məhsuldar ötürmə edən futbolçu deyildi. O, eyni zamanda oyunun tempini müəyyənləşdirir, hücumları qurur, rəqib müdafiəsinin diqqətini üzərinə çəkir və komandanın lideri kimi çıxış edirdi. Buna görə də onun yoxluğunu bir futbolçunun üzərinə qoymaq mümkün deyil. Argentina artıq bu yükü komanda daxilində bölüşdürməlidir”.

Jurnalistin sözlərinə görə, Messidən sonrakı Argentina millisində ən çox diqqət çəkən adlardan biri Niko Paz ola bilər. Onun fikrincə, gənc futbolçu texnikası, oyun qurmaq bacarığı və hücumun müxtəlif zonalarında oynamaq xüsusiyyəti ilə gələcəkdə 10 nömrəli mövqenin əsas namizədlərindən biridir.

“Franko Mastantuono da xüsusi diqqətə layiqdir. O, hələ çox gəncdir, amma böyük potensiala malikdir. Paz və Mastantuono kimi futbolçuların qarşıdakı illərdə daha böyük rol alması gözlənilir. Bununla yanaşı, Xulian Alvarez, Lautaro Martinez, Enzo Fernandes və Aleksis Mak Allister kimi artıq yüksək səviyyədə özünü təsdiqləmiş futbolçular da Messidən sonra komandanın əsas fiqurlarına çevriləcəklər. Yəni söhbət yalnız bir oyunçunun meydana çıxmasından getmir. Argentina yeni futbol modelinə keçməlidir”, – deyə Xəyal Abdullayev qeyd edib.

O vurğulayıb ki, Messi ilə bağlı ən böyük boşluqlardan biri həm də liderlik məsələsidir. Argentina millisində kapitanlıq sarğısının Kristian Romeroya verilməsi komandanın yeni dövrə keçidinin göstəricilərindən biridir. Emiliano Martinez və Lautaro Martinez kimi futbolçuların da bu prosesdə mühüm rol oynayacağı gözlənilir.

“Argentina üçün 10 nömrəli forma da xüsusi əhəmiyyət daşıyır. Bu forma Maradonadan Messiyə qədər böyük bir futbol ənənəsinin simvoludur. Ona görə də həmin formanı geyinəcək futbolçunun üzərində ciddi təzyiq olacaq. Lakin məncə, yeni futbolçunu davamlı olaraq Messi ilə müqayisə etmək düzgün yanaşma deyil. Argentina yeni dövrünü öz oyunçuları üzərində qurmalıdır. Messi kimi ikinci futbolçu olmayacaq, amma Messidən sonrakı Argentina çox güclü komanda ola bilər”, – deyə jurnalist əlavə edib.

Xəyal Abdullayev hesab edir ki, Messinin milli komandadan getməsi Argentina üçün böyük itkidir, lakin bu, komandanın zəifləməsi anlamına gəlməməlidir. Əsas məsələ yeni nəslin düzgün formalaşdırılması və komandanın bir futbolçudan asılı olmayan oyun sisteminə keçməsidir.

“Əslində qarşıdakı illərin əsas sualı “Messini kim əvəz edəcək?” deyil. Əsas sual budur: Messidən sonrakı Argentina necə oynayacaq? Məncə, komandanın gələcəyi bu suala veriləcək cavabdan asılı olacaq”, – deyə Xəyal Abdullayev sözlərini yekunlaşdırıb.

Nuri
Gundelik.az