Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkələrindən biri hesab olunur.
Gundelik.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, ölkənin ümumi ərazisinin təxminən 25 faizi minalarla və digər partlayıcılarla çirklənib. Beynəlxalq Siyasət Araşdırmaları İnstitutunun (ISPI) hesablamalarına əsasən, 2025-ci ilin iyun ayına qədər Ukraynanın 139 min kvadrat kilometr ərazisi minalanıb ki, bu da İngiltərənin ümumi sahəsindən (130 min kvadrat kilometr) böyükdür.
“Bu o deməkdir ki, əvvəllər insanların rahatlıqla istifadə etdiyi yollar artıq keçilməz vəziyyətə düşüb, parklar və meşələr təhlükə mənbəyinə çevrilib”, – məqalədə qeyd olunur.
Ekspertlərin sözlərinə görə, Ukrayna ərazisinə bir milyondan çox mina səpələnib. Xüsusilə döyüşlərin getdiyi bufer zonasında çoxlu sayda partlamamış mərmi, raket və qumbaraatan mövcuddur. Ərazilərin təmizlənməsi zamanı mütəxəssislər görünməmiş çətinliklərlə üzləşirlər.
Materialda həmçinin bildirilir ki, Rusiya ordusunun irəliləməsini dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgərləri geniş şəkildə minalardan istifadə edirlər. Hətta bəzi yaşayış məntəqələrinin küçələri də minalanır, pilotsuz uçuş aparatları vasitəsilə “Lepestok” tipli piyada əleyhinə minalar atılır. Bu isə mülki əhali üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıxal ölkəsinin dünyada ən böyük minalanmış əraziyə sahib olduğunu açıqlamışdı.
Gundelik.az
