Halkalı–İstanbul Hava Limanı Metro Xəttinin 22 kilometrlik Halkalı–Arnavutköy hissəsi bu gün istifadəyə verilir. Bununla da Gayrettepe–İstanbul Hava Limanı–Halkalı metro layihəsi tam şəkildə başa çatır.
İstanbulun relsli nəqliyyat şəbəkəsini əhəmiyyətli dərəcədə gücləndirəcək xəttin açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək.
Yeni hissənin istifadəyə verilməsi ilə xəttin ümumi uzunluğu 69 kilometrə çatır. Tamamilə yeraltı tikilən bu metro xətti həm Türkiyənin ən uzun, həm də ən sürətli metro xətti hesab olunur. Qatarlar saatda 120 kilometr sürətlə hərəkət edə biləcək.
Beş yeni stansiya istifadəyə verilir
22 kilometrlik yeni hissədə aşağıdakı stansiyalar fəaliyyətə başlayacaq:
İbn Haldun Universiteti
Kayaşehir
Olimpiyatköy
Halkalı Stadionu
Halkalı
Bu stansiyaların açılması ilə Başakşehir və Küçükçekmece rayonlarında yaşayan təxminən 1,5 milyon nəfər hava limanına və şəhərin müxtəlif nöqtələrinə birbaşa metro ilə rahat şəkildə çata biləcək.
Digər nəqliyyat xətləri ilə əlaqə
Yeni xətt İstanbulun mövcud nəqliyyat şəbəkəsinə inteqrasiya olunub. Halkalı stansiyasında sərnişinlər Marmaray, yüksəksürətli qatar (YHT), Halkalı–Bahçeşehir şəhərətrafı qatar xətti və digər metro marşrutlarına keçid edə biləcəklər.
Bundan əlavə:
Kayaşehirdə M3 metro xəttinə,
Olimpiyatköydə M9 metro xəttinə,
Halkalı Stadionunda isə tikintisi davam edən M7 metro xəttinə keçid mümkün olacaq.
Hava limanına 30 dəqiqəyə
Yeni xətt sayəsində səyahət müddətləri əhəmiyyətli dərəcədə azalacaq:
Halkalı – İstanbul Hava Limanı: 30 dəqiqə
Halkalı – Gayrettepe: 57 dəqiqə
Halkalı – Kağıthane: 54 dəqiqə
Başakşehir (Metrokent) – Kağıthane: 48 dəqiqə
Yerli texnologiya və sürücüsüz idarəetmə
Xəttdə ASELSAN tərəfindən hazırlanmış Türkiyənin ilk yerli və milli siqnalizasiya sistemi tətbiq olunub.
100 vaqondan ibarət qatar parkının 15 dəsti tam sürücüsüz standartlara uyğun istehsal edilib. Xəttin tam istifadəyə verilməsi ilə metro tam avtomatik və sürücüsüz sistemlə işləyəcək.
İqtisadiyyata böyük töhfə
Hesablamalara əsasən, layihə 2043-cü ilə qədər vaxt itkisi və yol nəqliyyatı xərclərinin azalması hesabına 935 milyon avro iqtisadi fayda təmin edəcək. Bundan başqa, nəqliyyat sıxlığının azalması nəticəsində insanların yollarda keçirdiyi vaxtdan ümumilikdə 117 milyon saat qənaət olunacağı gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
