Türkiyə 7–8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Zirvəsinə ev sahibliyi edəcək. Zirvə çərçivəsində NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları, çoxsaylı qonaq liderlər, 100-ə yaxın nazir, yüksək səviyyəli diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və minlərlə xarici qonaq Türkiyəyə səfər edəcək.
Tədbirin təhlükəsizliyinin təmin olunması üçün 48 841 polis və 7 447 jandarma olmaqla ümumilikdə 56 288 təhlükəsizlik əməkdaşı xidmət aparacaq. Bundan əlavə, kibertəhlükəsizlik sahəsində 639 nəfərlik xüsusi heyət 24 saat ərzində virtual patrul fəaliyyəti göstərəcək.
Zirvəni işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən təxminən 3 min jurnalist, televiziya əməkdaşı, fotoqraf və rəqəmsal media nümayəndəsi akkreditasiyadan keçmək üçün müraciət edib.
Liderlərin əsas toplantısı qapalı formatda keçiriləcək və NATO-nun məxfilik qaydalarına uyğun təşkil olunacaq. Mətbuat nümayəndələrinə yalnız iclasın başlanğıc hissəsini qısa müddət ərzində izləməyə icazə veriləcək. NATO-nun Baş katibi Mark Rutte toplantının əvvəlində zirvənin gündəliyi və əsas müzakirə mövzuları barədə məlumat verəcək.
Zirvənin media fəaliyyətlərinin təşkili məqsədilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi xüsusi NATO işçi qrupu yaradıb. Dövlət yayımçısı TRT tədbiri 80 kamera və 26 fərqli çəkiliş nöqtəsindən bütün dünyaya canlı yayımlayacaq.
36-cı NATO Zirvəsi Türkiyənin son illərdə ev sahibliyi etdiyi ən böyük beynəlxalq siyasi tədbirlərdən biri hesab olunur. Zirvədə alyansın təhlükəsizlik strategiyası, regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də NATO-nun gələcək fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
