İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp Ukrayna danışıqlarında irəliləyiş olduğunu deyir, lakin “çətin məsələlər” qalır

Donald Tramp və Volodimir Zelenski Floridada keçirilən danışıqlar zamanı Ukrayna müharibəsinə son qoymaq istiqamətində irəliləyiş əldə olunduğunu bildiriblər. Lakin ABŞ prezidenti ərazi məsələsinin hələ də “həll olunmamış” qaldığını etiraf edib.
Həm ABŞ, həm də Ukrayna prezidentləri görüşü “əla” kimi dəyərləndirsələr də, Tramp “bir-iki çox çətin məsələ”nin hələ də açıq qaldığını, xüsusilə torpaq məsələsinin problem yaratdığını deyib.
Mar-a-Laqoda jurnalistlərə açıqlama verən Zelenski bildirib ki, 20 maddəlik sülh planının 90 faizi üzrə razılıq əldə olunub. Tramp isə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təxminən 95 faizinin hazır olduğunu söyləyib.
Zelenski daha sonra ABŞ və Ukrayna nümayəndə heyətlərinin müharibənin sona çatdırılmasına yönəlmiş məsələləri müzakirə etmək üçün gələn həftə yenidən görüşəcəyini bildirib.
“Biz bütün məsələlər üzrə məzmunlu söhbət apardıq və son həftələr ərzində Ukrayna və Amerika komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk,” – Zelenski “Telegram” mesajlaşma tətbiqində yayımladığı açıqlamada deyib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb və hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir.
Tramp bildirib ki, Rusiyanın böyük hissəsinə nəzarət etdiyi Ukraynanın şərqindəki Donbas bölgəsinin demilitarizasiya olunmuş zonaya çevrilməsi ilə bağlı təklif hələ də “həll olunmayıb”.
“Bu torpaqların bir hissəsi artıq ələ keçirilib,” – deyə Tramp görüşdən sonra jurnalistlərə bildirib. “Bu ərazilərin bir qismi müzakirə mövzusu ola bilər, lakin yaxın aylarda tamamilə itirilə də bilər.”
Hazırda Moskva Donetsk vilayətinin təxminən 75 faizinə, qonşu Luqansk vilayətinin isə 99 faizinə nəzarət edir. Bu iki bölgə birlikdə Donbas adlanır.
Rusiya Ukraynanın Donbasda nəzarətində qalan kiçik ərazilərdən geri çəkilməsini tələb edir, Kiyev isə həmin bölgənin Ukrayna qüvvələri tərəfindən qorunan azad iqtisadi zonaya çevrilə biləcəyini bildirir.
ABŞ prezidenti Ukraynanın itirdiyi ərazilərlə bağlı mövqeyini bir neçə dəfə dəyişib. Sentyabrda Ukraynanın bu torpaqları geri ala biləcəyini deməsi müşahidəçiləri təəccübləndirmişdi. Daha sonra isə bu fikirdən geri çəkilib.
“Bu, çox çətin məsələdir,” – Tramp deyib. “Amma həll olunacaq.”
Tramp bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri “95 faiz hazırdır”, lakin gələcək hücumların qarşısını almaq üçün konkret hərbi və ya logistik dəstək barədə açıq öhdəlik verməyib.
O, ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların mümkünlüyünü də istisna etməyib və bunun “uyğun zamanda” baş tuta biləcəyini söyləyib.
Tramp Ukrayna–Rusiya müharibəsini sona çatdırdığı münaqişələr siyahısına əlavə etmək istədiyini bildirsə də, danışıqların “çox pis” getməsi halında müharibənin davam edə biləcəyini də etiraf edib.
Bundan əvvəl Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. O, danışığın detalları barədə çox məlumat verməsə də, Putinin “Ukraynanın uğur qazanmasını istədiyinə” inandığını deyib.
Eyni zamanda Tramp Moskvanın Ukraynanın referendum keçirməsinə imkan verən atəşkəsdə maraqlı olmadığını da anlayışla qarşıladığını bildirib.
Rusiya prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov isə deyib ki, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub və tərəflər Aİ və Ukraynanın müharibəni bitirmək üçün irəli sürdüyü son təklifləri müzakirə ediblər.
Uşakovun sözlərinə görə, Tramp Kremlin mövqeyini dinləyib və hər iki lider Aİ və Ukraynanın təklif etdiyi müvəqqəti atəşkəsin münaqişəni uzadacağı fikrində həmfikir olublar.
Zelenski bildirib ki, Ukrayna rəsmiləri yanvar ayında, Avropa liderlərinin də iştirakı ilə, Ağ Evdə görüşə bilərlər və bu görüşlər zamanı əlavə danışıqların planları yekunlaşdırıla bilər.
Görüşdən sonra Avropa liderləri ilə telefon danışığında Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Florida danışıqlarında “yaxşı irəliləyiş” olduğunu qeyd edərək, Ukraynanın ilk gündən etibarlı təhlükəsizlik zəmanətləri almasının vacibliyini vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron isə yanvar ayında Parisdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirə ediləcəyi görüşün keçiriləcəyini açıqlayıb.
“Yanvarın əvvəlində Parisdə Könüllülər Koalisiyasına daxil olan ölkələri bir araya gətirərək hər birinin konkret töhfələrini yekunlaşdıracağıq,” – Makron Zelenski və Trampla danışdıqdan sonra X sosial şəbəkəsində yazıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az