Prezident Donald Tramp deyir ki, ABŞ Qrenlandiya ilə bağlı mümkün razılaşmanı araşdırır. Bu açıqlama NATO ilə aparılan danışıqlardan sonra verilib və Tramp Avropalı müttəfiqlərə qarşı tarif tətbiqi təhdidlərindən geri çəkilib. Həmin müttəfiqlər ABŞ-ın Qrenlandiyanı əldə etmək planlarına qarşı çıxmışdılar.
Sosial mediada Tramp həm özü, həm də NATO tərəfindən “çox məhsuldar” adlandırılan müzakirə ilə bağlı az detal paylaşıb.
Transatlantik alyansı həftələrlə davam edən ritorika ilə sarsıtdıqdan sonra ABŞ prezidenti bildirib ki, bu görüş potensial razılaşmanın “çərçivəsinin” formalaşmasına gətirib çıxarıb.
Lakin Trampın Qrenlandiya üzərində “mülkiyyət” tələbinə cavab verən konkret bir razılaşma barədə heç bir işarə olmayıb. O, bu ambisiyasını İsveçrədə keçirilən Dünya İqtisadi Forumunda bir daha təkrarlayıb, eyni zamanda hərbi gücdən istifadə etməyi istisna edib.
Çərşənbə günü Truth Social platformasında Tramp yazıb:
“Biz Qrenlandiya və əslində bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın çərçivəsini formalaşdırmışıq.
Əgər bu həll yekunlaşarsa, bu, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün çox yaxşı olacaq.”
Diplomatik mənbələr BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-ə bildiriblər ki, Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiya üzərində Amerikanın nəzarəti və ya mülkiyyəti ilə bağlı heç bir razılaşma yoxdur.
Tramp əlavə edib ki, danışıqlar davam etdiyi müddətdə dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff ona “birbaşa hesabat verəcəklər”.
Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen bəyanatında deyib:
“Gün başladığından daha yaxşı notla başa çatır.”
O əlavə edib:
“İndi gəlin oturaq və Danimarka Krallığının qırmızı xətlərinə hörmət etməklə, Arktikadakı Amerika təhlükəsizlik narahatlıqlarını necə həll edə biləcəyimizi müzakirə edək.”
Sonrakı saatlarda bəzi detallar üzə çıxıb.
Tramp İsveçrə Alplarında NATO-nun baş katibi Mark Rutte ilə görüşdən sonra jurnalistlərə bildirib ki, mümkün razılaşma mineral hüquqlarını əhatə edə bilər.
O, həmçinin Avropalı müttəfiqlərin ABŞ-ı uzaqmənzilli raket hücumlarından qorumaq üçün nəzərdə tutulan “Qızıl Qübbə” (Golden Dome) müdafiə sistemi planında birgə işləyə biləcəklərini deyib.
Qrenlandiyanın strateji mövqeyi ilə yanaşı, ABŞ adanın böyük və əsasən istifadə olunmamış nadir torpaq elementləri ehtiyatlarına da diqqət çəkir. Bu minerallar mobil telefonlar və elektrik avtomobilləri də daxil olmaqla bir çox texnologiyalar üçün həyati əhəmiyyət daşıyır.
“Bu, ən son uzunmüddətli razılaşmadır,” – Tramp jurnalistlərə deyib.
“Bu, hamını çox yaxşı vəziyyətə salır, xüsusilə təhlükəsizlik və minerallar baxımından.
Bu, əbədi bir razılaşmadır.”
NATO-nun baş katibi bildirib ki, Tramp ilə görüşündə Qrenlandiya üzərində Danimarkanın suverenliyi məsələsi müzakirə olunmayıb.
Rutte Fox News-a deyib ki, “bu məsələ prezidentlə bu axşamkı söhbətlərimdə artıq gündəmə gəlmədi”.
Tramp əvvəllər Qrenlandiyanı icarəyə götürmək ideyasını rədd etmiş və demişdi:
“Siz mülkiyyəti müdafiə edirsiniz. İcarəni müdafiə etmirsiniz.”
NATO sözçüsü Allison Hart Tramp və Rutte arasındakı görüşdən sonra bəyan edib:
“Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqlar davam edəcək və məqsəd Rusiyanın və Çinin Qrenlandiyada – iqtisadi və ya hərbi baxımdan – mövqe qazanmasının qarşısını almaqdır.”
Lakin Danimarka parlamentindəki iki Qrenlandiyalı deputatdan biri NATO-nun adanın mineral sərvətləri ilə bağlı danışıqlarda niyə iştirak etdiyini sual edib.
Aaja Chemnitz deyib:
“NATO-nun bizim adımızdan heç nə danışımaq hüququ yoxdur. Bizsiz bizim haqqımızda heç nə.”
ABŞ mediasına görə, mümkün plan ABŞ-a ərazidə daha çox hərbi baza tikməyə imkan verə bilər.
Çərşənbə günü NATO görüşündə iştirak edən rəsmilər New York Times-a bildiriblər ki, təklif olunan model Böyük Britaniyanın Kiprdəki bazalarına bənzər ola bilər. Həmin bazalar Britaniyanın dənizaşırı ərazilərinin bir hissəsidir.
Danimarka ilə mövcud razılaşmalara əsasən, ABŞ Qrenlandiyaya istədiyi qədər qoşun yerləşdirə bilər. Hazırda ABŞ-ın adanın şimal-qərbində yerləşən Pituffik bazasında 100-dən çox hərbi personal daimi olaraq xidmət edir.
Tramp daha əvvəl 1 fevraldan etibarən Böyük Britaniyadan ABŞ-a göndərilən “bütün mallara” 10% tarif tətbiq edəcəyi ilə hədələmişdi. Əgər Danimarkadan Qrenlandiyanı almaqla bağlı razılaşma əldə olunmasaydı, bu tariflərin 1 iyundan 25%-ə qaldırılacağını demişdi.
Eyni tariflər Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Hollandiya və Finlandiyadan idxal olunan mallara da şamil ediləcəkdi. Bu ölkələrin hamısı 1949-cu ildə yaradılmış NATO-nun üzvləridir.
Lakin Tramp Rutte ilə görüşdən sonra ticarət müharibəsi ritorikasından imtina edib.
Truth Social-da yazıb:
“Bu anlaşmaya əsaslanaraq, fevralın 1-də qüvvəyə minməli olan tarifləri tətbiq etməyəcəyəm.”
Altı ildən sonra ilk dəfə Davosdakı Dünya İqtisadi Forumunda çıxış edən Tramp Qrenlandiyanı əldə etmək üçün “dərhal danışıqlara” başlamaq istədiyini deyib, lakin ərazini güc yolu ilə almayacaqlarını vurğulayıb.
“Yəqin ki, həddindən artıq güc tətbiq etməsəm, heç nə əldə etməyəcəyik. Biz dayandırılmaz olardıq, amma bunu etməyəcəyik,” – Tramp deyib.
“Mən güc istifadə etmək istəmirəm. İstəmədiyim üçün də etməyəcəyəm.”
O, dünya liderlərini ABŞ-ın Danimarkadan Qrenlandiyanı nəzarətə götürməsinə icazə verməyə çağırıb:
“Bəli deyə bilərsiniz və biz çox minnətdar olarıq. Ya da yox deyə bilərsiniz və biz bunu xatırlayacağıq.”
Bir gün əvvəl Davosda çıxış edən Fransa prezidenti Emmanuel Makron Trampın əvvəlki idxal vergisi təhdidlərini tənqid edib.
Makron bildirib ki, ABŞ tərəfindən “sonsuz şəkildə yeni tariflərin yığılması” “tamamilə qəbuledilməzdir”.
O, Avropa İttifaqını ABŞ-ın yeni rüsumlarına qarşı cavab tədbirlərini nəzərdən keçirməyə çağıran liderlər arasında olub.
Tramp isə çıxışında Makronu hədəf alaraq Fransanın onilliklərdir ABŞ-ı “aldatdığını” deyib.
ABŞ prezidenti həmçinin bir gün əvvəl Davosda çıxış edərək Avstraliya, Argentina və Kanada kimi “orta gücləri” birləşməyə çağıran Kanada baş naziri Mark Karniyə də söz atıb.
Buna cavab olaraq Tramp Karnini ABŞ-a qarşı nankor olmaqda ittiham edib.
“Kanada ABŞ sayəsində yaşayır,” – Tramp deyib.
“Bunu unutma, Mark, növbəti açıqlamalarını verəndə.”
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

