ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs rejiminin hələ də qüvvədə olduğunu açıqlayıb. O, İsrailin davam edən hərbi əməliyyatları fonunda HƏMAS rəhbərliyinin atəşkəsin pozulmasında iştirak etmədiyini bildirib.
Gundelik.az xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib. Qəzzada atəşkəsin davam edib-etməməsi ilə bağlı suala ABŞ prezidenti “Bəli, belədir” cavabını verib.
İsrailin hücumlarına birbaşa şərh verməyən Tramp, HƏMAS rəhbərliyinin atəşkəsi pozmadığını, bunun əvəzində bəzi üsyançı qrupların məsuliyyət daşıdığını qeyd edib. “Bu vəziyyət müvafiq qaydada və qətiyyətlə idarə olunacaq”, – deyə o əlavə edib.
ABŞ prezidenti atəşkəsin davam edəcəyinə ümid etdiyini və “HƏMAS ilə sülhün qorunmasına nail olmaq istədiklərini” vurğulayıb.
Bununla belə, atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 34 fələstinlinin həlak olduğu bildirilib. İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və cavab olaraq hücumlar həyata keçirdiyini açıqlayıb.
İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, hökumət Qəzzaya humanitar yardımın girişini növbəti xəbərdarlığa qədər dayandırıb.
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları isə bütün razılaşmalara, o cümlədən atəşkəsə tam sadiq qaldıqlarını bəyan edib.
Gundelik.az
