İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp: İranla müharibə qazanılıb, danışıqlar davam edir

ABŞ-ın İrana müharibəni dayandırmaq üçün 15 maddəlik plan təqdim etdiyi bildirilir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü ABŞ və İran arasında müharibəyə son qoymaq üçün danışıqların davam etdiyini açıqlayaraq, “Müharibə qazanıldı” dedi.ABŞ prezidenti Tramp Tehranın sülh sazişi bağlamağa hazır olduğuna işarə etdi. Bu açıqlama İran hökumətinin Vaşinqtonla birbaşa danışıqlar apardığını inkar etməsindən qısa müddət sonra verildi.

Oval Ofisdə jurnalistlərə danışan Tramp bildirib ki, İranın enerji infrastrukturuna hücum təhdidindən geri çəkilmək qərarını “danışıqlar davam etdiyi üçün” verib.

İrana qarşı mövqeyinin dəyişməsi ilə bağlı suala Tramp belə cavab verib: “Biz düzgün insanlarla danışırıq və onlar razılığa gəlməyə çox hazırdırlar”.“The New York Times” qəzeti adı açıqlanmayan iki məmura istinadən ABŞ-ın İrana müharibəni bitirmək üçün 15 maddəlik plan təqdim etdiyini bildirib. Planın Pakistan vasitəsilə təqdim edildiyi bildirilsə də, İran rəsmilərinin bundan nə dərəcədə xəbərdar olduğu bəlli deyil. Qəzetin məlumatına görə, İsrailin ABŞ-ın İrana qarşı hücumlarında iştirak edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir.

Tramp bir gün əvvəl ABŞ və İran arasında “təxminən 15” razılaşma maddəsi olduğunu bildirmişdi. Prioritet siyahının başında İranın nüvə silahı əldə etməsinin qarşısını almaq dayanırdı.

Tramp vitse-prezident JD Vance və dövlət katibi Marko Rubio da daxil olmaqla bir neçə ABŞ rəsmisinin danışıqlarda iştirak etdiyini açıqladı. Daha əvvəl ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və onun kürəkəni və yaxın müşaviri Cared Kuşnerin bazar günü axşamı iranlı həmkarları ilə danışıqlar apardığı bildirilmişdi.

ABŞ və İran arasında danışıqların mahiyyəti ilə bağlı ziddiyyətlər yaransa da, regional liderlərin müharibəyə son qoymaq üçün pərdəarxası diplomatik səylər göstərdikləri bildirilir.

Çərşənbə axşamı səhər Pakistanın Baş naziri Şahbaz Şərif özünün X hesabında paylaşım edərək ölkəsinin iki ölkə arasında danışıqlarda vasitəçilik etməyə hazır olduğunu elan etdi. Tramp həmçinin Şərifin paylaşımının ekran görüntüsünü rəsmi Truth Social hesabında paylaşdı.

Ağ Evin mətbuat katibi Karolin Livitt CNBC-yə verdiyi müsahibədə Trampın tvitinin Pakistanın təklifini qəbul edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib: “Bunlar həssas diplomatik müzakirələrdir və biz onları ABŞ xəbər mediası vasitəsilə müzakirə etməyəcəyik”.

Mənbə: Euronews

Tərtib etdi: Jalə Əliyeva

Gundelik.az