ABŞ Prezidenti Donald Trump İranın müharibəni dayandırmaq üçün ABŞ-ın təkliflərinə verdiyi cavabı “tamamilə qəbuledilməz” adlandırıb. İran tərəfi isə Pakistan vasitəsilə göndərdiyi təklifdə bütün cəbhələrdə dərhal atəşkəs, ABŞ-ın dəniz blokadasının dayandırılması və İrana qarşı yeni hücumların olmayacağına zəmanət istəyib.
ABŞ və İsrailin fevral ayında başladığı hücumlardan sonra elan olunan atəşkəs əsasən qorunsa da, ara-sıra qarşılıqlı hücumlar davam edir. Tramp daha əvvəl də müharibənin “tezliklə bitəcəyini” demişdi.
İsrailin baş naziri Benjamin Netanyahu isə bildirib ki, İranın zənginləşdirilmiş uran ehtiyatları tamamilə məhv edilmədən müharibə bitmiş hesab oluna bilməz. O deyib ki, İranın nüvə zənginləşdirmə obyektləri sökülməlidir.
İran Prezidenti Məsud Pezeşkian birbaşa təklifə toxunmasa da, “düşmən qarşısında heç vaxt baş əyməyəcəklərini” bildirib və dialoqdan danışılmasının təslim olmaq mənasına gəlmədiyini vurğulayıb.
ABŞ mediasının məlumatına görə, Vaşinqtonun 14 maddəlik memorandumunda İranın nüvə zənginləşdirməsini dayandırması, sanksiyaların ləğvi və Hörmüz boğazında sərbəst gəmi hərəkətinin bərpası kimi şərtlər yer alıb. İran isə boğazdakı nəzarətini davam etdirir və bu, dünya neft qiymətlərinin artmasına səbəb olub.
İran hərbi rəsmiləri bildirib ki, Hörmüz boğazından keçən gəmilər Tehranla əməkdaşlıq etməsələr “ciddi nəticələrlə” üzləşə bilərlər. İran həmçinin ABŞ-ın bölgədəki müttəfiqlərinə də xəbərdarlıq edib.
Bu arada, Böyük Britaniya bölgəyə hərbi gəmi göndərəcəyini açıqlayıb. Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında beynəlxalq gəmi təhlükəsizliyi missiyası yaratmağa çalışırlar. İran isə Fransa və Britaniyanın hər hansı hərbi yerləşdirməsinə “qəti və dərhal cavab” veriləcəyini bildirib.
Son günlər bölgədə gərginlik daha da artıb:
Qətər yaxınlığında bir yük gəmisi naməlum mərmi ilə vurulub.
Küveyt hava məkanına pilotsuz uçuş aparatlarının daxil olduğunu açıqlayıb.
BƏƏ İran istiqamətindən gələn iki dronu vurduğunu bildirib.
ABŞ, Qətər, Bəhreyn, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı və Omanda böyük hərbi bazalara malikdir. Bazar ertəsi 40-dan çox ölkənin müdafiə nazirləri Hörmüz boğazında gəmiçiliyin qorunması planlarını müzakirə edəcəklər.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
