Gundelik.az Dünya Toxuculuq zərərli vərdişləri azaltmağa necə kömək edir?
Dünya Xəbərlər

Toxuculuq zərərli vərdişləri azaltmağa necə kömək edir?

Ucuz və öyrənməsi asan olan toxuculuq, dırnaq yeməkdən və sosial şəbəkələrdə məqsədsiz gəzməkdən tutmuş, narkotik asılılığı ilə mübarizə aparan insanlara qədər müxtəlif asılılıq davranışları ilə mübarizədə kömək edir. Yeganə yan təsir isə çoxlu şərf və papaqlardır.

Amanda Wilson uzun illər boyu ağrılı sensor vərdişlərlə mübarizə aparıb.

“Dərimi elə dərəcədə yolurdum ki, yara əmələ gəlirdi və dırnaqlarımı o qədər yeyirdim ki, infeksiyalanırdı,” — deyə Kanadanın Mississauga şəhərindən olan, OKB (obsessiv-kompulsiv pozuntu) yaşayan maliyyə işçisi Amanda Wilson bildirir.

Sonra o, toxuculuqla tanış olur.

“Yun və iynələrlə toxumağa başlayandan sonra artıq gözəl dırnaqlarım və sağlam baş dərim var,” — deyə Wilson əlavə edir.

Uzun müddət daha çox yaşlı insanların hobbi kimi qəbul edilsə də, indi toxuculuq bütün yaşlar üçün psixoloji sağlamlığa dəstək vasitəsi kimi daha ciddi qəbul olunur. İlkin elmi araşdırmalar və şəxsi təcrübələr göstərir ki, toxuculuq (və onun “qohumu” olan qarmaqla toxuma) emosional tarazlığı yaxşılaşdıra və zərərli vərdişləri azaltmağa kömək edir— dırnaq yeməkdən tutmuş narkotik asılılığına qədər.

Britaniya Kolumbiyası Universitetinin psixiatriya professoru Karl Birmingem deyir:

“Bəzi ağır travmalar üçün toxuculuğun kömək edəcəyinə inanmaq bir az inam tələb edir.” Lakin bir çox insan üçün bu üsul həqiqətən faydalıdır.

Toxuculuğun təsiri ilə bağlı elmi sübutlar

Elmi dünyada toxuculuq uzun müddət ciddi qəbul edilməyib. Tədqiqatçı Betsan Corkhill bildirir ki, elm adamları “ritmik, ikitərəfli, psixososial müdaxilə” ideyasına maraq göstərsələr də, söhbət “toxuculuq”dan gedəndə maraq azalır.

Londonlu klinik psixoloq Mia Hobbs hesab edir ki, bunun səbəbi toxuculuğun tarixən qadın fəaliyyəti kimi qəbul olunmasıdır.

Hazırda bu sahədə elmi tədqiqatlar azdır və çoxu yalnız sorğulara əsaslanır. Məsələn, 2020-ci ildə aparılan bir araşdırmada iştirakçıların 90%-i qarmaqla toxumanın onları sakitləşdirdiyini bildirib.

Lakin Hobbs deyir ki, daha ciddi klinik tədqiqatlar — yəni toxuculuğun yeni insan qruplarında sınanması — hələ kifayət qədər aparılmayıb.

Emosional tənzimləmə

Karl Birmingem 2009-cu ildə yemə pozuntuları olan gənc qadınlar üzərində apardığı tədqiqatdan sonra toxuculuğun psixoloji təsirini araşdırmağa başlayıb.

O bildirir ki, toxuculuq onların narahatlığını təxminən 75% azaldıb.

Bunun səbəbi, Birmingemin fikrincə, toxuculuğun təkrarlanan hərəkətlərinin beyni sakitləşdirən sistemləri aktivləşdirməsidir. Bu, bədənin stressdən sonra rahatlama vəziyyətinə keçməsinə kömək edir.

Toxuculuq həmçinin beynin stresslə bağlı bölgələrində aktivliyi azaldır.

“Vərdişi dəyişmək”

Mütəxəssislər bildirir ki, toxuculuq iki əsas yolla kömək edir:

mənfi emosiyaları idarə etməyə kömək edir

əlləri məşğul saxlayır

Bu, xüsusilə siqaret kimi asılılıqlarda faydalıdır. Məsələn, bəzi insanlar siqareti buraxmaq üçün toxuculuqdan istifadə edib və uğur qazanıb.

Elmi məhdudiyyətlər

Bəzi iddialar — məsələn, toxuculuğun qan təzyiqini aşağı salması və ya Alzheimer riskini azaltması — hələ tam elmi sübut olunmayıb.

Mütəxəssislər bildirir ki, bu sahədə daha geniş və ciddi klinik tədqiqatlara ehtiyac var.

Toxuculuq hər kəs üçün uyğun olmaya bilər — bəziləri üçün çətin və əsəbi ola bilər. Amma bir çox insan üçün bu fəaliyyət sakitləşdirici, diqqəti yayındıran və zərərli vərdişləri azaltmağa kömək edən bir vasitədir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version