Artan ekran müddəti və sosial şəbəkələrdən intensiv istifadə bir çox insanı görünməz rəqəmsal istehlak dövrünə salır. Mütəxəssislər bildirirlər ki, rəqəmsal minimalizm texnologiyanı həyatımızdan tam çıxarmağı deyil, ondan daha şüurlu və məqsədli istifadə etməyi hədəfləyir.
Artıq demək olar ki, hər kəs cibində kiçik bir “rəqəmsal dünya” daşıyır. Səhər oyanan kimi telefona baxmaq, hər boş anda sosial mediada vaxt keçirmək zamanla vərdişə çevrilərək diqqəti və məhsuldarlığı azaldır.
2023-cü ildə Avropa İttifaqında aparılan araşdırmaya görə, rəqəmsal minimalizm prinsipini tətbiq edən şəxslər ekran qarşısında keçirdikləri vaxtı orta hesabla 20 faiz azaldıblar. Bu isə psixoloji sağlamlığın və iş-həyat balansının yaxşılaşmasına müsbət təsir göstərib.
Rəqəmsal minimalizm nədir?
Klinik psixoloq İrəm Akyüz Çaylakın sözlərinə görə, rəqəmsal minimalizm insanların texnoloji vasitələrdən şüurlu və seçici şəkildə istifadə etməsini təşviq edən yanaşmadır. Məqsəd texnologiyanı tamamilə tərk etmək deyil, ondan nə üçün, nə qədər və hansı məqsədlə istifadə etdiyimizi müəyyənləşdirməkdir.
FoMO – nəyisə qaçırmaq qorxusu
Mütəxəssis bildirir ki, daimi onlayn olmaq istəyi və FoMO (Fear of Missing Out) adlanan “nəyisə qaçırmaq qorxusu” insanların telefonlarını təkrar-təkrar yoxlamasına səbəb olur. Araşdırmalar göstərir ki, bəzi insanlar bildirişləri söndürsələr belə, telefonlarına əvvəlkindən daha tez-tez baxırlar.
Bu vəziyyətdə özünü tənzimləmə və özünənəzarət bacarıqlarının inkişaf etdirilməsi, zərurət olduqda isə psixoloji dəstək alınması faydalıdır.
Ekran vaxtı və psixi sağlamlıq
Uzun müddət ekran qarşısında qalmaq xüsusilə uşaq və yeniyetmələrdə narahatlıq və depressiya riskini artırır. Araşdırmalar ekran vaxtının artması ilə onlayn oyunlar, sosial media istifadəsi, narahatlıq və depressiya arasında əlaqə olduğunu göstərir.
Bu səbəbdən valideynlərə uşaqların ekran qarşısında keçirdiyi vaxta nəzarət etmələri tövsiyə olunur.
Rəqəmsal detoks həll yoludurmu?
Mütəxəssislərin fikrincə, sosial mediadan və ya telefondan müəyyən müddət uzaq qalmaq qısa müddətdə zehni rahatlama yaradır. Lakin həyat tərzində ümumi dəyişiklik edilməzsə, bunun uzunmüddətli təsiri məhdud olur.
Ekran vaxtını azaltmaq üçün tövsiyələr
Telefonunuzdakı istifadə etmədiyiniz tətbiqləri silin.
Yalnız vacib tətbiqlərin bildirişlərini aktiv saxlayın.
Sosial media üçün gündəlik və ya həftəlik vaxt limiti müəyyən edin.
Ailə və dostlarla üzbəüz ünsiyyətə daha çox vaxt ayırın.
İdman, musiqi, kitab oxumaq və digər hobbilərlə məşğul olun.
Hansı tətbiqlərdən nə vaxt istifadə edəcəyinizi əvvəlcədən planlaşdırın.
Mütəxəssislər vurğulayırlar ki, texnologiya həyatımızı asanlaşdıran vasitə olmalıdır. Onun faydalarından yararlanmaq üçün istifadəyə nəzarət etmək və rəqəmsal vərdişləri şüurlu şəkildə formalaşdırmaq vacibdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

