Gundelik.az Ölkə Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev general İsgəndər Allahverdiyevin dəfn mərasimində – FOTO
Ölkə Xəbərlər

Əli Nağıyev, Zakir Həsənov və Elçin Quliyev general İsgəndər Allahverdiyevin dəfn mərasimində – FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev general-mayor İsgəndər Allahverdiyevlə vida mərasimində iştirak ediblər.

Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, “Azərbaycan Bayrağı” ordenli general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçirilib.

Mərasimdə mərhumun ailə üzvləri və yaxınları, DSX, Müdafiə Nazirliyi və DTX-nin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, ölkənin təhlükəsizliyinin təmin olunmasına və sərhəd mühafizəsi sisteminin inkişafına verdiyi töhfələr qeyd edilib, xatirəsi ehtiramla yad olunub.

Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Qeyd edək ki, İsgəndər İmanverdi oğlu Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin yaradıldığı 1991-ci ildə komitənin sədri vəzifəsinə təyin olunub. 1992-ci ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

Sonrakı illərdə İsgəndər Allahverdiyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunları İdarəsinin rəisi və Sərhəd Qoşunlarının komandanı vəzifələrində xidmət edib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında rəis müavini vəzifəsində fəaliyyət göstərib.

İsgəndər Allahverdiyev “Azərbaycan Bayrağı” ordeni, “Hərbi xidmətlərə görə” medalı və digər medal və təltiflərlə təltif olunub.

Exit mobile version