Son zamanlar uşaq bağçalarında azyaşlılara qarşı müəllimlər tərəfindən kobud davranış göstərilməsi ilə bağlı müxtəlif məlumatlar yayılır. Bəs belə halların uşağın psixologiyasına hansı təsirləri ola bilər?
Məsələ ilə bağlı psixoloq Sevda Əliyeva Gündəlik.az-a açıqlamasında bildirir ki, uşağın güvəndiyi və valideynindən sonra uzun müddətini keçirdiyi bir böyüyün ona qarşı kobud və zorakı davranması uşaqda ciddi psixoloji sarsıntı yarada bilər.
Onun sözlərinə görə, xüsusilə məktəbəqədər yaş dövründə uşaq baş verən hadisəni böyüklər kimi təhlil edə bilmir və yaşadığı qorxunu müxtəlif davranışlarla ifadə edə bilər.
“Belə hadisədən sonra uşaqda bağçaya getmək istəməmək, müəllimdən qorxmaq, valideyndən ayrılmaqda çətinlik çəkmək, ağlama, yuxu pozuntuları, aqressivlik və ya əksinə, həddindən artıq susqunluq müşahidə oluna bilər. Bəzi uşaqlar yaşadıqları hadisəni sözlə ifadə edə bilmədikləri üçün bunu davranışları ilə göstərirlər”, – deyə psixoloq qeyd edir.
Sevda Əliyeva vurğulayır ki, problemin ən ciddi tərəflərindən biri uşağın böyüklərə və təhlükəsiz mühitə olan inamının sarsılmasıdır.
“Uşaq düşünə bilər ki, onu qoruması və qayğı göstərməsi lazım olan insan əslində ona zərər verə bilər. Bu isə onun yalnız həmin müəllimə deyil, ümumilikdə böyüklərə münasibətinə təsir göstərə bilər. Uşaq özünü təhlükəsiz hiss etmədiyi mühitdə normal inkişaf və öyrənmə prosesini də sağlam şəkildə davam etdirə bilməz. Fiziki zorakılıqla yanaşı, uşağın təhqir edilməsi, qışqırıq, qorxudulması və alçaldılması da ciddi psixoloji təsir yarada bilər. Ümumdünya Səhiyyə Təşkilatı da fiziki cəza və digər zorakı davranışların uşaqlarda qorxu, stress, narahatlıq, davranış problemləri, emosional və sosial inkişafla bağlı mənfi nəticələrlə əlaqəli olduğunu bildirir”.
Sevda Əliyeva hesab edir ki, belə hadisədən sonra valideyn uşağın davranışındakı dəyişikliklərə xüsusi diqqət yetirməlidir.
“Uşaq hadisədən sonra əvvəlkindən fərqli davranmağa başlayıbsa, gecələr qorxursa, bağçaya getmək istəmirsə, müəyyən insanları görəndə təşviş keçirirsə və ya özünə qapanırsa, bunları sadəcə ‘uşağın kaprizi’ kimi qiymətləndirmək olmaz. Uşağın nə yaşadığını sakit şəkildə öyrənmək və onu dinləmək lazımdır”.
Psixoloq əlavə edir ki, uşağın başına gələn hadisə ilə bağlı danışarkən onu sorğu-suala tutmaq, günahlandırmaq və ya “niyə müqavimət göstərmədin?” kimi suallar vermək düzgün deyil.
“Ən vacib məsələ uşağa onun günahkar olmadığını hiss etdirmək və təhlükəsizliyinin təmin olunduğunu göstərməkdir. Hadisənin xarakterindən və uşağın reaksiyasından asılı olaraq mütəxəssis dəstəyi də lazım ola bilər”.
Qeyd edək ki, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, uşaqlara qarşı zorakı davranış həm qısamüddətli, həm də uzunmüddətli psixoloji və inkişaf nəticələri ilə əlaqələndirilir. Erkən uşaqlıq dövründə uzunmüddətli stress beynin inkişafına, öyrənmə və emosional tənzimləmə proseslərinə mənfi təsir göstərə bilər.
Nurəddin Abdullayev
Gündəlik.az

