Gundelik.az Xəbərlər Kosmetoloq Günay Əliyeva: “Estetik prosedurda yalnız qiymətə görə seçim etmək ciddi risklər yarada bilər”
Xəbərlər

Kosmetoloq Günay Əliyeva: “Estetik prosedurda yalnız qiymətə görə seçim etmək ciddi risklər yarada bilər”

Son illərdə Türkiyə xüsusilə Avropadan, o cümlədən Böyük Britaniya və Almaniyadan estetik və kosmetik prosedurlar üçün müraciət edilən ölkələrdən biri kimi diqqət çəkir. Müxtəlif gözəllik və estetik prosedurlardan yararlanmaq üçün Türkiyəyə üz tutan xarici pasiyentlərin sayı kifayət qədər yüksəkdir.

Lakin tibbi turizmdə əsas müzakirə mövzularından biri də çox aşağı qiymətə təklif olunan estetik və kosmetoloji xidmətlərin mümkün riskləridir. Belə hallarda pasiyentin yalnız qiymətə deyil, mütəxəssisin ixtisasına, xidmət göstərilən mərkəzin şəraitinə, istifadə olunan məhsulların keyfiyyətinə və prosedurdan sonrakı nəzarət imkanlarına diqqət etməsi vacibdir.

Məsələ ilə bağlı Gündəlik.az-a açıqlama verən kosmetoloq Günay Əliyeva bildirir ki, estetik prosedurlara sırf qiymət meyarı ilə yanaşmaq düzgün deyil.

Onun sözlərinə görə, pasiyent prosedurdan əvvəl ilk növbədə təhlükəsizlik məsələlərini araşdırmalıdır:

“Estetik prosedurun qiyməti, əlbəttə, pasiyent üçün önəmli faktordur. Lakin bu, seçim zamanı əsas və yeganə meyar olmamalıdır. Pasiyent bilməlidir ki, ödədiyi məbləğin qarşılığında hansı xidmətləri alır, proseduru kim həyata keçirəcək, istifadə olunan məhsulların mənşəyi və keyfiyyəti necədir və hər hansı arzuolunmaz hal yarandıqda ona kim və necə yardım göstərəcək”.

Günay Əliyeva xüsusilə xaricdə estetik və kosmetoloji xidmətlərdən istifadə edən şəxslərin prosedurdan sonrakı dövrü də əvvəlcədən nəzərə almasının vacibliyini vurğulayır.

“Pasiyent başqa ölkədə prosedur etdirirsə, yalnız prosedurun özünü deyil, sonrakı nəzarət prosesini də düşünməlidir. Hər hansı fəsad və ya arzuolunmaz reaksiya yaranarsa, mütəxəssislə əlaqə necə saxlanılacaq? Pasiyent əlavə müayinəyə ehtiyac yarandıqda hara müraciət edəcək? Bunlar prosedurdan əvvəl cavablandırılmalı suallardır”.

Kosmetoloq hesab edir ki, sosial şəbəkələrdə yayılan “çox ucuz paketlər” insanlarda yanlış təsəvvür yarada bilər.

“Bir prosedurun bazardakı orta qiymətindən nəzərəçarpacaq dərəcədə aşağı təklif olunması avtomatik olaraq həmin mərkəzin pis və ya qeyri-peşəkar olduğunu göstərmir. Amma belə halda pasiyent qiymətin niyə bu qədər aşağı olduğunu mütləq araşdırmalıdır. Prosedurun qiymətinə konsultasiya, istifadə olunan məhsullar, sonrakı nəzarət və digər xidmətlərin daxil olub-olmadığı əvvəlcədən aydınlaşdırılmalıdır”.

Günay Əliyevanın sözlərinə görə, estetik prosedurlardan əvvəl pasiyentin fərdi xüsusiyyətlərinin və sağlamlıq vəziyyətinin nəzərə alınması mühüm əhəmiyyət daşıyır.

“Estetik prosedur nə qədər sadə görünsə də, hər insana eyni şəkildə tətbiq edilə bilməz. Pasiyentin dəri tipi, allergik reaksiyaları, istifadə etdiyi dərmanlar və digər fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Mütəxəssis pasiyentə prosedurun mümkün nəticələri və riskləri barədə əvvəlcədən ətraflı məlumat verməlidir”.

Kosmetoloq həmçinin prosedurun kim tərəfindən və hansı şəraitdə həyata keçirildiyinin yoxlanılmasını vacib hesab edir. O əlavə edir ki, pasiyent yalnız sosial şəbəkələrdəki reklamlara və izləyici sayına əsaslanaraq seçim etməməlidir.

“Pasiyent mütəxəssisin təhsilini, ixtisasını, təcrübəsini və hansı prosedurlar üzrə çalışdığını araşdırmalıdır. Sosial şəbəkədə çoxlu izləyicinin olması mütəxəssisin peşəkarlığının göstəricisi deyil”.

Günay Əliyeva əlavə edir ki, estetik prosedurdan sonra gözlənilən nəticənin əldə olunmaması ilə tibbi fəsadı da bir-birindən fərqləndirmək lazımdır.

“Bəzən pasiyentin gözləntisi ilə real nəticə üst-üstə düşməyə bilər. Bəzi hallarda isə prosedurdan sonra arzuolunmaz reaksiya yarana bilər. Ona görə hər bir vəziyyətə fərdi yanaşılmalı və problem yarandıqda mütləq mütəxəssisə müraciət edilməlidir”.

O, sonda xaricdə estetik prosedurlardan istifadə etməyi planlaşdıran şəxslərə tələsməməyi tövsiyə edir:

“Pasiyent prosedurdan əvvəl bir neçə mütəxəssislə məsləhətləşməli, alternativləri öyrənməli və mümkün riskləri anlamalıdır. Xüsusilə ‘bu gün qərar verin, sabah prosedur edək’ tipli yanaşmalara ehtiyatla yanaşmaq lazımdır. Estetik prosedurla bağlı qərar yalnız qiymət və reklam əsasında verilməməlidir”.

Nurəddin Abdullayev
Gündəlik.az

Exit mobile version