Texasda daşqınlar nəticəsində azı 78 nəfər ölüb, 41 nəfər itkin düşüb. Çayın sahilindəki qızların yay düşərgəsi viran qalıb. Axtarış-xilasetmə qrupları zamanla yarışır.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında daşqınlar nəticəsində ən azı 78 nəfər ölüb, onlarla insan itkin düşüb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ən böyük dağıntı Qvadalupe çayı boyunca yerləşən Kerr qraflığında baş verib. Belə ki, “Camp Mystic” xristian qızlar düşərgəsində daşqınlar nəticəsində 28-i uşaq olmaqla ümumilikdə 78 nəfər həlak olub. Düşərgədən on qız və bir məsləhətçi itkin düşüb.
Fəlakət cümə günü günəş doğmadan əvvəl baş verib. Qvadalupe çayı cəmi 45 dəqiqə ərzində 26 fut (8 metr) qalxaraq düşərgəni tamamilə su altında qoyub.
Fəlakətdən üç gün sonra Texas tarixindəki ən böyük axtarış-xilasetmə əməliyyatlarından biri daha çox cəsədlərin axtarışına çevrilib.
Ərazidə çalışan könüllülər məlumat veriblər ki, düşərgə avadanlıqları çay boyunca (təxminən 13 kilometr) uzağa aparılıb. Zəhərli ilanlar və digər zərərvericilər isə Axtarış-xilasetmə işlərini çətinləşdirir.
Kerr dairəsində tapılan 28 cəsədin şəxsiyyəti hələlik rəsmi olaraq açıqlanmayıb. Səlahiyyətlilər ölənlərin sayının artacağından narahatdır.
Texas qubernatoru Qreglq Abbot daşqından sonra əraziyə baş çəkərək deyib: “Bu uşaqların yaşadıqlarını görmək təsvirolunmaz ağrı idi. Bütün itkin düşənlər tapılana qədər bütün resurslar səfərbər ediləcək”.
Düşərgə ilə Kerrvil şəhəri arasındakı yol yararsızdır və su basmış evlər yıxılan ağaclar, səpələnmiş əşyalar və çökmüş infrastrukturla əhatə olunub.
Papa XIV Leo bazar günü çıxışı zamanı Texasda daşqın qurbanları üçün dua edib.
“Xüsusən də düşərgədə qızlarını itirən ailələrə ürəkdən başsağlığı verirəm”, – Papa XIV Leo bildirib.
ABŞ Prezidenti Donald Tramp bazar günü Kerr dairəsini “böyük fəlakət bölgəsi” elan edib. Tramp cümə günü bölgəyə səfər etməyi planlaşdırdığını bildirib.
Gundelik.az
