Avqust 24, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Tam bu havaların xəstəliyi: Bədəndə göbələk – 7 sualda

Yay aylarında dəridə yaranan ağ, açıq-qəhvəyi və ya çəhrayı ləkələr xalq arasında “samyeli” kimi tanınan tinea versikolorun əlamətidir. Xüsusilə isti, rütubətli hava və tərləmə göbələyin dəridə çoxalmasını asanlaşdırır. Günəş vannasından sonra isə ləkələr daha nəzərəçarpan görünür.

Dermatoloq Dr. Melda Koyuncunun sözlərinə görə, tinea versikolor dəridə rəng dəyişikliklərinə səbəb olan səthi göbələk infeksiyasıdır. Xəstəliyin törədicisi əsasən dəridə normal olaraq yaşayan Malassezia adlı mayadır. Bəzi insanlarda bu mikroorqanizm həddindən artıq çoxalaraq xəstəliyə səbəb olur.

Bulaşıcıdırmı?

Tinea versikolor adətən yoluxucu hesab edilmir.

Əlamətləri nələrdir?

Əsasən gövdə, çiyin, boyun və qollarda ağ, qəhvəyi, çəhrayı və ya sarımtıl ləkələr yaranır. Ləkələrdə yüngül qabıqlanma və bəzən qaşınma olur. Günəşə çıxdıqda təsirlənmiş nahiyələr qaralmadığı üçün ləkələr daha aydın görünür.

Nələr xəstəliyi tətikləyir?

İsti və rütubətli hava, çox tərləmə, yağlı dəri, immun sisteminin zəifləməsi və hormonal dəyişikliklər əsas risk faktorlarıdır.

Kimlərdə daha çox rast gəlinir?

Yeniyetmələr və gənc yetkinlərdə daha çox müşahidə olunur. İmmunitet sistemi zəifləmiş şəxslərdə də xəstəlik yaranır.

Diaqnoz necə qoyulur?

Əksər hallarda dermatoloqun müayinəsi kifayət edir. Lazım gəldikdə dəri üzərindəki incə qabıqlar mikroskop altında araşdırılır. Wood lampası ilə də diaqnoz dəqiqləşdirilir.

Necə müalicə olunur?

Adətən ketokonazol, selenyum sulfid və ya sink pirition kimi göbələkəleyhinə maddələr tərkibli krem və şampunlardan istifadə edilir. Geniş yayılmış və təkrarlanan hallarda ağızdan qəbul edilən dərmanlar həkim tərəfindən təyin olunmalıdır. Göbələk aradan qalxdıqdan sonra dərinin normal rənginə qayıtması həftələr, hətta aylar çəkir.

Qorunmaq üçün nə etmək lazımdır?

Tərli paltarla uzun müddət qalmamaq, çox tərlədikdən sonra duş qəbul edib quru paltar geyinmək, isti və rütubətli mühitlərdə dərini mümkün qədər quru saxlamaq, geniş və pambıq geyimlərə üstünlük vermək tövsiyə olunur. Çox isti və uzunmüddətli vannalar əvəzinə ilıq duş qəbul etmək də faydalıdır.

Xəstəlik tez-tez təkrarlanırsa, həkim məsləhəti ilə yay aylarında və ya əvvəlki residivlər zamanı həftədə bir dəfə, yaxud ayda bir neçə dəfə göbələkəleyhinə şampunlardan qoruyucu məqsədlə istifadə etmək təkrarlanma riskini azaldır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az