Türkiyəli alimlərin apardıqları eksperimental tədqiqatda təzə sıxılmış sızma zeytun yağı ilə hazırlanmış yemlə qidalanan siçovullarda diz artrozunun yüngülləşdiyi, oynaq qığırdağındakı zədələnmənin azaldığı müəyyən edilib.
Araşdırma, Səhiyyə Elmləri Universitetinin Elmi Tədqiqat Layihəsi çərçivəsində Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanası, Bakırköy Dr. Sadi Konuk Təhsil və Araşdırma Xəstəxanası, Bağcılar Təhsil və Araşdırma Xəstəxanası, İstanbul-Cerrahpaşa Universitetinin Baytarlıq Fakültəsi və Doqquz Eylül Universitetinin Baytarlıq Fakültəsinin alimləri tərəfindən həyata keçirilib.
Tədqiqat zamanı laboratoriya şəraitində siçovulların diz oynaqlarına monosodium asetat yeridilərək osteoartrit (artroz) modeli yaradılıb. Daha sonra heyvanlar 21 gün ərzində təzə sıxılmış sızma zeytun yağı ilə hazırlanmış xüsusi yemlə qidalandırılıb.
Nəticələr göstərib ki, bu qidalanma üsulu tətbiq olunan siçovullarda dizdəki artroz əlamətləri zəifləyib, qanda oksidləşdirici maddələrin səviyyəsi isə azalıb.
Araşdırmanın nəticələri Clinical Rheumatology jurnalının son sayında dərc olunub.
Layihənin koordinatoru, professor Cemil Ertürk bildirib ki, diz artrozu adətən yalnız oynağın köhnəlməsi kimi qəbul edilsə də, xəstəliyin bioloji mexanizmləri damar sərtliyi ilə oxşarlıqlar göstərir.
Onun sözlərinə görə, artrozun əsas səbəblərindən biri mexaniki aşınma olsa da, iltihabi proseslər, genetik xüsusiyyətlər və maddələr mübadiləsinin pozğunluqları da xəstəliyin inkişafında rol oynayır. Buna baxmayaraq, osteoartritin əsas yaranma səbəbi hələ də tam müəyyən edilməyib.
Pis xolesterinlə artroz arasında əlaqə
Professor Ertürk qeyd edib ki, uzun illər aparılan araşdırmalar diz artrozu ilə ateroskleroz (damar sərtliyi) arasında diqqətçəkən oxşarlıqlar ortaya çıxarıb.
Alim xatırladıb ki, damar sərtliyində damar divarına zərər verən əsas amillərdən biri oksidləşmiş aşağı sıxlıqlı lipoprotein (ox-LDL) hesab olunur. Həmçinin qoruyucu funksiyaya malik paraoksonaza-1 (PON-1) fermentinin bu xəstəlikdə azaldığı məlumdur.
2012-ci ildə apardıqları araşdırmada diz artrozu olan xəstələrdə də PON-1 səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olduğu müəyyən edilib.
2015-ci ildə aparılan başqa bir tədqiqat isə osteoartritli xəstələrdə bədən piyinin yüksək, əzələ kütləsinin isə sarkopeniya səbəbindən aşağı olduğunu göstərib. 2017-ci ildə isə ateroskleroza səbəb olan oksidləşmiş LDL səviyyəsinin diz artrozu olan şəxslərdə də yüksək olduğu aşkarlanıb.
Zeytun yağı qığırdaq zədələnməsini azaldıb
Professor Ertürk bildirib ki, oksidləşmiş LDL ilə mübarizədə antioksidantlarla zəngin qidalar mühüm rol oynayır və Aralıq dənizi ölkələrində geniş istifadə olunan təzə sıxılmış sızma zeytun yağı bu baxımdan diqqət çəkir.
Onun sözlərinə görə, təcrübə zamanı osteoartrit yaradılmış siçovullar təzə sıxılmış sızma zeytun yağı hopdurulmuş xüsusi yemlə qidalandırılıb. Bu qrupda həm oksidləşmiş LDL, həm də digər oksidləşdirici maddələrin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Histopatoloji müayinələr isə oynaq qığırdağındakı zədələnmənin yüngülləşdiyini göstərib.
Professor Ertürk vurğulayıb ki, əldə olunan nəticələr zeytun yağının osteoartriti müalicə edən dərman kimi qiymətləndirilməsi anlamına gəlmir. Onun sözlərinə görə, zeytun yağı yalnız dəstəkləyici qida kimi dəyərləndirilir. Bundan əlavə, bu tədqiqat heyvanlar üzərində aparılıb və nəticələrin insanlar üçün dəqiq təsdiqlənməsi məqsədilə genişmiqyaslı klinik araşdırmalara ehtiyac var.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

