Yeni araşdırmalar göstərir ki, müntəzəm meyvə istehlakı havanın çirklənməsinin ağciyər funksiyalarına mənfi təsirlərini müəyyən dərəcədə azaldır.
Avropa Tənəffüs Cəmiyyətinin Amsterdamda keçirilən konqresində təqdim olunan tədqiqata əsasən, gündə ən azı dörd porsiya meyvə yeyən qadınlarda havanın çirklənməsi nəticəsində ağciyər tutumunun azalması daha az müşahidə olunub.
Araşdırmanın müəllifi, İngiltərənin Lester Universitetinin Ətraf Mühitin Sağlamlığı və Davamlılıq Mərkəzinin doktorantı Pimpika Kaevsri bildirib ki, dünya əhalisinin 90 faizindən çoxu Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi həddi aşan hava çirkliliyi səviyyələrinə məruz qalır. Onun sözlərinə görə, yüksək hava çirkliliyi ağciyər funksiyalarının zəifləməsi ilə sıx əlaqəlidir və tədqiqatın məqsədi sağlam qidalanmanın bu mənfi təsiri azaldıb-azaltmadığını müəyyən etmək olub.
Təxminən 200 min nəfərin məlumatları təhlil edilib
Tədqiqatçılar Böyük Britaniyanın Biobank məlumat bazasında yer alan təxminən 200 min iştirakçının qidalanma vərdişlərini və ağciyər funksiyalarını əks etdirən göstəriciləri, o cümlədən FEV1 (bir saniyə ərzində xaric edilən hava həcmi) nəticələrini araşdırıblar.
İştirakçıların havanın çirklənməsinə məruz qalma səviyyəsi əsasən diametri 2,5 mikrometrdən kiçik hissəciklər (PM2.5) üzrə hesablanıb.
Nəticələr göstərib ki, havadakı PM2.5 səviyyəsinin hər 5 mikroqram/kubmetr artması meyvəni az istehlak edən qadınlarda FEV1 göstəricisinin orta hesabla 78 millilitr, çox meyvə yeyən qadınlarda isə 57 millilitr azalmasına səbəb olub. Bu fərq meyvənin müəyyən qoruyucu təsir göstərə biləcəyini ortaya qoyur.
Antioksidantlar qoruyucu rol oynayır
Pimpika Kaevsri bildirib ki, meyvələr antioksidantlar və iltihabəleyhinə təbii birləşmələrlə zəngindir. Bu maddələr havadakı zərərli xırda hissəciklərin yaratdığı oksidativ stressi və iltihabı azaltmaqla ağciyər funksiyalarının qorunmasına kömək edir.
Araşdırmada həmçinin kişilərin qadınlarla müqayisədə ümumilikdə daha az meyvə istehlak etdiyi müəyyən edilib. Tədqiqatçılar hesab edirlər ki, qoruyucu təsirin əsasən qadınlarda müşahidə olunmasının səbəblərindən biri də bu olur.
Mütəxəssislər xəbərdarlıq edir
İtaliyanın Turin Universitetinin professoru Sara De Matteis bildirib ki, bitki mənşəli qidalarla zəngin sağlam qidalanma həm tənəffüs sistemi, həm də ətraf mühit üçün faydalıdır. Bununla belə, sağlam qidaya çıxış imkanlarının cəmiyyətin bütün təbəqələri üçün bərabər olmadığını vurğulayıb.
Professor qeyd edib ki, fərdi qidalanma vərdişlərinin yaxşılaşdırılması faydalı olsa da, bu, dövlətlərin havanın çirklənməsini azaltmaq istiqamətində məsuliyyətini əvəz etmir.
Tədqiqatçılar gələcəkdə qidalanma vərdişlərinin uzunmüddətli dövrdə ağciyər funksiyalarına təsirini daha ətraflı araşdırmağı planlaşdırırlar.
Alimlərin qənaətinə görə, meyvələrin müntəzəm istehlakı havanın çirklənməsinə məruz qalan insanlarda tənəffüs sağlamlığının qorunmasına dəstək verir. Bununla yanaşı, havanın çirklənməsinin azaldılması istiqamətində kompleks ekoloji tədbirlər hələ də əsas prioritet olaraq qalır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

