Gundelik.az Dünya Təyyarə havalimanında yerüstü xidmət əməkdaşını vurdu
Dünya Hadisə Xəbərlər

Təyyarə havalimanında yerüstü xidmət əməkdaşını vurdu

Kanadanın Monreal şəhərindəki hava limanında faciəli qəza baş verib. Yerüstü xidmət əməkdaşı təyyarənin geri itələnməsi əməliyyatı zamanı təyyarənin vurması nəticəsində ağır yaralanaraq həyatını itirib.

Hadisə bazar ertəsi saat 18:00 radələrində Parisə uçmağa hazırlaşan French Bee aviaşirkətinin 351 saylı reysində baş verib. Təyyarədə olan sərnişin Matthieu Douvenou hadisəni təyyarənin altındakı kamera vasitəsilə gördüyünü bildirib.

Douvenou deyib ki, ekrandan təyyarənin burun eniş şassisini izləyərkən yerüstü xidmət əməkdaşının qəfil büdrədiyini görüb. Ardınca təyyarə geri hərəkət edib və zərbə baş verib. Sərnişin hadisənin ciddi olduğunu dərhal anladığını söyləyib.

Beynəlxalq Makinistlər və Aerokosmik İşçilər Assosiasiyası qəza nəticəsində ölən əməkdaşın 39 yaşlı Oscar Robayo olduğunu açıqlayıb. Robayo hava limanında baqaj və sərnişin xidmətləri göstərən Samsic şirkətində apron əməkdaşı kimi çalışıb.

Hava limanının fövqəladə hallar qrupları hadisə yerinə təxminən saat 19:30-da müdaxilə edib. Ağır yaralanan Robayo xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq həyatını itirib.

Təyyarədə olan sərnişin hadisə zamanı yüngül silkələnmə hiss etdiklərini, bir sərnişinin qışqırdığını bildirib. Tibb bacısı olduğunu deyən başqa bir sərnişin isə yaralıya kömək etmək istəyib. Kabin heyətinin təxminən 30 saniyə sonra kamera görüntüsünü bağladığı qeyd olunub.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmaya başlayıb və hadisə yerinə ekspertlər göndərib. Əmək və Sosial İnkişaf Nazirliyi də işəgötürənin sağlamlıq və təhlükəsizlik öhdəliklərinə əməl edib-etmədiyini müəyyənləşdirmək üçün ayrıca araşdırma başladıb.

Hava limanı rəhbərliyi hadisəni “faciəvi iş qəzası” kimi qiymətləndirərək həyatını itirən əməkdaşın yaxınlarına başsağlığı verib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version