Yeni tədris ilinin başlaması ilə xüsusilə tələbələrin kirayə mənzillərə tələbatının artması yaşayış xərclərini də gündəmə gətirir. Başqa şəhər və rayonlardan ali məktəblərə qəbul olunan, lakin yataqxana imkanlarından yararlana bilməyən tələbələr üçün kirayə xərcləri ciddi maliyyə yükünə çevrilə bilər.
Məsələ ilə bağlı Gundelik.az-a danışan təhsil eksperti Anar Kazımov hesab edir ki, yüksək nəticə göstərərək ali məktəbə qəbul olunan, lakin maddi imkanları məhdud olan gənclərin təhsildən kənarda qalmasına imkan verilməməlidir.
Ekspertin sözlərinə görə, bu istiqamətdə ayrıca dövlət dəstəyi mexanizminin yaradılması mümkündür:
“Gəncin yüksək bal toplayaraq ali məktəbə qəbul olması onun potensialını və təhsil almaq imkanını göstərir. Əgər həmin tələbə başqa şəhərdə oxuyursa və ailəsinin maddi vəziyyəti kirayə haqqını qarşılamağa imkan vermirsə, bu məsələ artıq təkcə ailənin problemi kimi qiymətləndirilməməlidir. Söhbət ölkənin gələcək insan kapitalından gedir”.
Anar Kazımov hesab edir ki, ilk növbədə “tələbə kirayə dəstəyi” adlı xüsusi proqram yaradılması nəzərdən keçirilə bilər. Onun fikrincə, dəstək bütün tələbələrə deyil, müəyyən meyarlar əsasında ehtiyacı olan şəxslərə verilməlidir.
“Məsələn, qəbul balı, ailənin gəlir səviyyəsi, tələbənin qeydiyyatda olduğu rayonla təhsil aldığı şəhər arasındakı məsafə və ailədə təhsil alan şəxslərin sayı kimi meyarlar müəyyənləşdirilə bilər. Bu zaman həm yüksək nəticə göstərən, həm də real sosial ehtiyacı olan tələbələr müəyyən edilər”.
Ekspertin fikrincə, dövlət tərəfindən veriləcək vəsaitin birbaşa tələbəyə ödənilməsi ilə yanaşı, rəsmi kirayə müqaviləsi əsasında ev sahibinə köçürülməsi variantı da tətbiq oluna bilər. Bu, vəsaitin məqsədli istifadəsinə nəzarəti asanlaşdıra bilər.
Kazımov digər bir təklif kimi tələbələr üçün sosial kirayə mənzillərin yaradılmasını irəli sürür:
“Böyük şəhərlərdə tələbələr üçün ayrıca sosial kirayə fondu formalaşdırmaq olar. Dövlət müəyyən binaları bu məqsədlə ayıra, yaxud özəl sektorla əməkdaşlıq edə bilər. Belə mənzillər bazar qiymətindən daha aşağı tariflə tələbələrə təqdim olunar. Bu, həm tələbənin, həm də ailəsinin üzərindəki yükü azaldar”.
Təhsil eksperti hesab edir ki, problemin uzunmüddətli həlli üçün universitet yataqxanalarının sayının artırılması da vacibdir.
“Əgər tələbə yataqxanada münasib qiymətə yaşaya bilirsə, onun hər ay yüksək kirayə haqqı ödəməsinə ehtiyac qalmır. Buna görə yeni universitet şəhərcikləri və yataqxanaların tikintisi yalnız ali məktəblərin deyil, dövlət-özəl tərəfdaşlığının da iştirakı ilə həyata keçirilə bilər”.
Kazımov həmçinin regionlardan gələn tələbələr üçün “təqaüd + yataqxana” paketinin tətbiqini təklif edir:
“Yüksək bal toplayan və sosial vəziyyəti uyğun olan tələbəyə yalnız təqaüd verməklə kifayətlənməmək olar. Ona yataqxana yeri və ya müəyyən məbləğdə yaşayış dəstəyi də təqdim edilə bilər. Belə bir paket tələbənin əsas diqqətini təhsilinə yönəltməsinə şərait yaradar”.
Ekspertin fikrincə, burada əsas məqsəd dövlət vəsaitinin hamıya eyni formada paylanması deyil, həqiqətən ehtiyacı olan və yüksək nəticə göstərən gənclərə hədəfli dəstəyin göstərilməsidir.
“Ölkənin gələcəyi savadlı, peşəkar və potensiallı gənclərdən asılıdır. Regiondan çıxıb yüksək nəticə göstərən bir gəncin yalnız kirayə puluna görə təhsil imkanlarının məhdudlaşması arzuolunan deyil. Biz belə hallarda problemi sonradan həll etməyə yox, əvvəlcədən qarşısını almağa çalışmalıyıq. Tələbəyə verilən dəstək əslində ölkənin gələcəyinə qoyulan investisiyadır”, – deyə Anar Kazımov qeyd edib.
Nurəddin Abdullayev
Gundelik.az

