İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Təhlil: Tramp siyasi çətinliklərlə üzləşərkən vətənpərvər çağırış etdi

Donald Tramp çərşənbə axşamı gecəsi Konqresdə etdiyi sərt tonlu “Ölkənin vəziyyəti haqqında” çıxışında ABŞ-da “əsrlik dönüş” baş verdiyini iddia etdi. Sorğulara görə, bir çox amerikalı ölkənin hazırkı vəziyyətindən və Trampın rəhbərliyindən narazı olsa da, prezident siyasətində dəyişiklik edəcəyinə dair az işarə verdi. Bunun əvəzinə, çıxışını xalqa müraciət, tərəfdarlarına vətənpərvər çağırış və siyasi rəqiblərinə sataşmalar üzərində qurdu. O, “Millətimiz geri döndü” deyərək ABŞ-ın dünyada “ən güclü və dinamik ölkə” olduğunu vurğuladı, Demokratları yaşayış xərcləri böhranında günahlandırdı və ölkənin yaxşı vəziyyətdə olduğunu bildirdi. Gəlirlərin artdığını, birja bazarının böyüdüyünü, benzin qiymətlərinin aşağı düşdüyünü, qanunsuz miqrant keçidlərinin azaldığını və inflyasiyanın nəzarət altına alındığını qeyd etdi və “Ölkəmiz yenidən qalib gəlir” dedi.

Prezident üçün əsas problem isə onun ictimai dəstək reytinqinin təxminən 40 faiz olması və amerikalıların problemlərin həlli üçün daha çox addım gözləməsidir. Keçən ay Ağ Evdən etdiyi müraciətdə də oxşar statistikaları təqdim etsə də, bu, ictimaiyyəti inandırmamışdı. Tramp və komandası ümid edir ki, on milyonlarla tamaşaçı auditoriyası olan bu çıxış nəticəni dəyişəcək.

Çıxışda çoxlu yeni siyasət təklifləri səsləndirilmədi. Tramp işçi sinfi üçün yeni pensiya yığım hesabları və süni intellekt şirkətləri ilə elektrik təminatı barədə razılaşma kimi bəzi ideyalar irəli sürdü, həmçinin əvvəlki təkliflərini yenidən gündəmə gətirdi: sığorta haqları üçün birbaşa dövlət ödənişləri olan səhiyyə planı, seçicilərin vətəndaşlıq sübutu təqdim etməsi tələbi və qanunsuz miqrantlara kommersiya sürücülük vəsiqəsi verilməsinin qadağan edilməsi. O, Ali Məhkəmənin bir çox tarifləri ləğv edən qərarına baxmayaraq, gömrük rüsumu siyasətini davam etdirəcəyini də bildirdi.

Tariflər barədə danışarkən Demokratlardan narazı reaksiyalar gəldi, bəzi Respublikaçılar isə iqtisadi xərclərdən narahat olduqları üçün susqun qaldılar. İmmiqrasiya mövzusunda isə gərginlik artdı: Respublikaçılar alqışladı, Demokratlar isə sərt reaksiya verdi. Minneapolisdə federal agentlərin əməliyyatı zamanı iki amerikalının öldürülməsi Trampın nüfuzuna zərbə vurmasına baxmayaraq, prezident bu hadisəyə toxunmadı.

Tramp bildirdi ki, amerikalıları “tam açıq sərhəd”dən qoruyan yeganə qüvvə özü və Respublikaçı Konqres üzvləridir və bu sözlər səkkiz aydan sonra keçiriləcək aralıq seçkilərə işarə kimi qiymətləndirilir. Xarici siyasət çıxışda ikinci planda qaldı və ABŞ qüvvələrinin İrana yaxın bölgələrdə yığılmasına baxmayaraq, geniş hərbi əməliyyatların səbəbi izah edilmədi. Hazırda siyasi küləklər prezidentin əleyhinə əsir, lakin Tramp ictimai əhvalın iqtisadi faydalar və ölkənin 250 illik yubileyi zamanı dəyişəcəyinə inanır. Çıxışında hərbi qəhrəmanlara və qızıl medal qazanan xokkeyçilərə müraciət etməsi də bu siyasi strategiyanın bir hissəsi kimi dəyərləndirilir.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az