Arıların minlərlə çiçəkdən topladığı nektardan yaranan bal, tərkibi və orqanizmə təsiri yetişdiyi coğrafiyaya görə dəyişən güclü qida mənbəyidir. Şam, şabalıd, lavanda və ya kəklikotu balı kimi müxtəlif növlər rəngi, ətri və sağlamlığa faydaları ilə bir-birindən fərqlənir.
Arının zəhməti, təbiətin zənginliyi və minlərlə çiçəyin mahiyyəti ilə meydana gələn bal yüzillərdir həm qida, həm də şəfa mənbəyi kimi insanların süfrəsində yer alır. Səhərlər enerji toplamaq, mədəni rahatlatmaq və ya immuniteti gücləndirmək istəyənlərin çoxu bala üstünlük verir. Lakin bal dedikdə tək bir dad və ya tək bir faydadan danışmaq mümkün deyil. Çünki onun rəngi, dadı, qoxusu və təsiri arıların qidalandığı bitkilərə və bölgəyə görə dəyişir.
Türkiyənin zəngin bitki örtüyü bu müxtəlifliyi aydın şəkildə ortaya qoyur. Şam balından şabalıd balına, lavanda balından kəklikotu balına qədər hər bölgə özünəməxsus xüsusiyyətlərə malik balları ilə seçilir. Bəzi ballar güclü ətri ilə diqqət çəkir, bəziləri isə yüngül dadı və ya xüsusi tərkibi ilə üstünlük qazanır.
Bal növləri necə fərqlənir?
İstər pətək balı, istərsə də süzülmüş bal olsun, hər birinin özünəməxsus tərkibi var. Düzcə Universitetinin Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin rəhbəri, professor Meral Kekeçoğlunun sözlərinə görə, ballar əsasən iki qrupa bölünür:
Monofloral bal – arıların əsasən bir növ bitkidən nektar topladığı bal.
Polifloral bal – müxtəlif çiçəklərin nektarından yaranan bal.
Məsələn, şabalıd balında arılar nektarın böyük hissəsini şabalıd ağaclarından toplayır. Türkiyə Qida Kodeksinə əsasən, balın tərkibində təxminən 70 faiz şabalıd tozu (poleni) olduqda ona şabalıd balı deyilir.
Bu göstərici hər bal növündə fərqli ola bilər. Akasiya, sitrus, rozmarin, kəklikotu, günəbaxan, yonca və digər monofloral ballar da arıların əsasən həmin bitkilərdən qidalanması nəticəsində yaranır.
Bir neçə çiçəyin nektarını ehtiva edən ballar isə polifloral hesab olunur. Gündəlik həyatda tez-tez işlədilən “qarışıq çiçək balı” və ya “yayla balı” ifadələri bu qrupa aid edilir.
Hansı bal hansı faydanı verir?
Balın sağlamlıq üçün faydalı hesab edilməsinin səbəbi onun tərkibindəki təbii maddələrdir. Xüsusilə monofloral ballar müalicəvi xüsusiyyətləri ilə tanınır.
Şabalıd balı
Qara dəniz bölgəsində istehsal olunan şabalıd balı yüksək miqdarda fenolik birləşmələr ehtiva edir. Buna görə:
Güclü antioksidant təsir göstərir;
Antibakterial xüsusiyyətə malikdir;
Ürək-damar sisteminə müsbət təsir edir;
Xərçəng əleyhinə potensial xüsusiyyətlər daşıyır.
“Dəli bal” təhlükəsi
Şabalıd balı çox vaxt “dəli bal” ilə qarışdırılır. Halbuki bunlar fərqli məhsullardır.
“Dəli bal” və ya rododendron balı meşələrdə bitən rododendron çiçəklərindən əldə edilir. Bu bal təzyiqi aşağı salan təsirə malikdir. Lakin həddindən artıq istifadə edildikdə:
Hallüsinasiyalar yarada bilər;
Təzyiqin təhlükəli səviyyədə enməsinə səbəb ola bilər;
Ürək fəaliyyətində ciddi problemlər yarada bilər.
Bu səbəbdən onun istifadəsində ehtiyatlı olmaq vacibdir.
Şam, sidr və palıd balları
Bu ballar “salğı balları” adlanan qrupa daxildir və çiçək nektarından deyil, ağacların ifraz etdiyi şirin maddələrdən əldə olunur.
Şam balı
İmmunitet sistemini dəstəkləyir;
Tənəffüs yolları xəstəliklərində faydalıdır;
Bəlğəmgətirici təsir göstərir;
Mədə problemlərinin yüngülləşməsinə kömək edir.
Kəklikotu balı
Ağız boşluğu infeksiyalarına qarşı faydalıdır.
Palıd balı
Qansızlıqla mübarizədə faydalı hesab olunur.
Sidr balı
Təbii antiseptik xüsusiyyətlərə malikdir.
Professor Kekeçoğlunun sözlərinə görə, balın tərkibindəki fenolik maddələr və flavonoidlər ona antiseptik, antibakterial və ürək-damar sistemini dəstəkləyən xüsusiyyətlər qazandırır.
Diabet xəstələri bal yeyə bilərmi?
Balın şirin olması səbəbindən diabet xəstələri arasında onun qan şəkərini sürətlə artıracağı barədə narahatlıq geniş yayılıb. Lakin mütəxəssis bildirir ki, bəzi bal növlərinin qlisemik indeksi daha aşağıdır.
Xüsusilə:
Şam balı
Şabalıd balı
Akasiya balı
Cökə balı
qan şəkərini digər şirin məhsullara nisbətən daha yavaş yüksəldə bilər. Bununla belə, diabet xəstələrinin balı yalnız həkim məsləhəti ilə və ölçülü şəkildə qəbul etməsi tövsiyə olunur.
Pətək balı, yoxsa süzülmüş bal?
Bal alarkən tez-tez verilən suallardan biri də budur.
Professor Kekeçoğlu bildirir ki, müasir arıçılıqda çox vaxt hazır pətəklərdən istifadə olunur. Buna görə də bəzi hallarda pətəkdə müxtəlif qalıqların olma riski mövcuddur.
Bu baxımdan:
Keyfiyyətli istehsal olunmuş süzülmüş bal daha etibarlı hesab edilir;
Əgər arının özü tərəfindən tamamilə hörülmüş təbii pətəkdən əldə edilən bal tapmaq mümkündürsə, onun da əlavə faydaları var.
Mütəxəssis qeyd edir ki, təbii pətəyin qaraciyər sağlamlığına müsbət təsirləri barədə də araşdırmalar mövcuddur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
