Əgər parkda gəzəndən və ya meşədə vaxt keçirəndən sonra özünüzü daha sakit hiss etmisinizsə, bu sadəcə təsəvvür deyil — biologiyadır. Təbiətdə olmaq bədəndə ölçülə bilən dəyişikliklər yaradır: stress hormonlarını azaldır, qan təzyiqini aşağı salır və hətta bağırsaq sağlamlığını yaxşılaşdıra bilər.
Üstəlik, bunun üçün saatlarla yürüş etməyə ehtiyac yoxdur. Araşdırmalar göstərir ki, ən güclü təsir cəmi 20 dəqiqədən sonra başlayır. Yəni həftədə bir neçə dəfə nahar fasiləsində parka qısa gəzinti belə həm bədəninizə, həm də zehninizə fayda verə bilər.
Təbiətin sağlamlığa təsir etdiyi dörd əsas yol:
1. Bədəniniz qeyri-ixtiyari şəkildə rahatlayır
Yaşıl ağacları görmək, şam ağacının qoxusunu hiss etmək və yarpaqların xışıltısını və ya quş səslərini eşitmək sinir sisteminizə dərhal təsir edir.
Bu zaman bədəndə:
qan təzyiqi azalır,
ürək ritmi yavaşıyır,
stress səviyyəsi aşağı düşür.
Oksford Universitetinin biomüxtəliflik professoru Baronessa Keti Uillis bildirir ki, bu dəyişikliklər fizioloji sakitləşmə ilə əlaqəlidir.
Böyük Britaniyada 20 minə yaxın insanın iştirak etdiyi araşdırma göstərib ki, həftədə ən azı 120 dəqiqə yaşıllıqda vaxt keçirən insanlar öz sağlamlıqlarını və psixoloji vəziyyətlərini daha yaxşı qiymətləndirirlər.
Bu səbəbdən bəzi bölgələrdə “yaşıl sosial resept” proqramları tətbiq olunur — insanlar fiziki və psixi sağlamlıqlarını yaxşılaşdırmaq üçün təbiətlə daha çox təmasda olmağa təşviq edilir.
2. Stress hormonları azalır
Təbiət hormonal sistemə də təsir edir.
Açıq havada vaxt keçirmək:
kortizol,
adrenalin kimi stress hormonlarının səviyyəsini azaldır.
Bir araşdırmada insanlar üç gün ərzində Yapon sərvi — Hinoki ağacının yağının qoxusunu qəbul etdikdən sonra onların qanında viruslarla mübarizə aparan “natural killer” hüceyrələrinin artdığı müşahidə olunub. Maraqlıdır ki, bu təsir iki həftə sonra da davam edib.
İllinoys Universitetinin professoru Minq Kuo bunu belə izah edir: “Təbiət sakitləşməsi lazım olanı sakitləşdirir, güclənməsi lazım olanı isə gücləndirir.”
3. Təbiətin qoxusu beyinə təsir edir
Təbiətin təsiri yalnız gördüklərinizlə məhdudlaşmır — qoxular da böyük rol oynayır.
Ağac və torpaq qoxusunda bitkilərin yaydığı üzvi maddələr olur və nəfəs aldıqda onların bir hissəsi qan dövranına keçir.
Məsələn:
şam meşəsinin qoxusu insanı 90 saniyə ərzində sakitləşdirə bilir,
bu təsir təxminən 10 dəqiqə davam edir.
Hətta araşdırmalar göstərib ki, müəyyən sakitləşdirici qoxular körpələri belə rahatlaşdırır. Yəni təsir yalnız psixoloji deyil, fiziolojidir.
4. Bağırsaq sağlamlığını dəstəkləyir
Torpaq və bitkilər faydalı bakteriyalarla zəngindir. Bunlar probiotik məhsullarda gördüyümüz bakteriyalara bənzəyir.
Mütəxəssislər hesab edir ki:
təbiətdəki bəzi bakteriyalar əhval-ruhiyyəni yaxşılaşdıra,
bitkilərin yaydığı “fitonsid” adlı maddələr isə xəstəliklərlə mübarizəyə kömək edə bilər.
İnfeksiya üzrə mütəxəssis Kris van Tulleken bildirir ki, təbiət immun sistemini “məşq etdirən” müsbət bir mühitdir. Buna görə də o, uşaqlarının meşədə torpaqla oynamasına icazə verir.
Təbiəti evinizə də gətirə bilərsiniz
Hər kəsin tez-tez meşəyə və ya parka getmək imkanı olmaya bilər. Amma kiçik təbii toxunuşlar belə faydalıdır.
Məsələn:
ağ və ya sarı güllər beyində sakitləşdirici təsir yarada bilər,
pinen tərkibli efir yağları rahatlıq hissini artırır,
hətta meşə şəkillərinə baxmaq belə stressi azalda bilir.
Araşdırmalar göstərir ki, kompüter ekranında təbiət görüntülərinə baxmaq və ya sadəcə yaşıl mənzərəni izləmək beyində sakitləşdirici dəyişikliklər yaradır.
Professor Minq Kuo isə bunu belə yekunlaşdırır: “Görünür, təbiətin hər kiçik hissəsi fayda verir.”
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

