Gundelik.az Elm və təhsil Ədəbiyyat Qürbətdə bitən ömür, sönməyən azadlıq eşqi – Ceyhun Hacıbəyli
Ədəbiyyat

Qürbətdə bitən ömür, sönməyən azadlıq eşqi – Ceyhun Hacıbəyli

Milli ədəbi-ictimai fikir tarixinə töhfələr verən Ceyhun Hacıbəyli Azərbaycan xalqının zəngin mədəni nailiyyətlərinin dünyaya tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərmişdir.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Milli istiqlaliyyətimiz uğrunda apardığımız mübarizənin ayrı – ayrı məqamlarında vətən torpağımız zaman – zaman igidlərimizin qanları ilə suvarılsa da, ruhumuzda olan azadlıq eşqini düşmən məhv edə bilməyib. Bu gün Azərbaycan Demokratik Respublikasının yaranmasını əsl milli tarixi bayram kimi təntənəli şəkildə qeyd olunması da məhz bu əzmin və azadlıq idealından dönməzliyin nəticəsidir. Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi- ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimlərimizdən biri də Ceyhun Hacıbəylidir. Ceyhun Hacıbəyli mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan, adı azadlıq tariximizə qızıl hərflərlə yazılan ədiblərimizdəndir. O, əqidə və amalından dönməyərək Azərbaycanın müstəqilliyi uğrunda qəhramancasına mübarizə aparmışdır. Adı Azərbaycanın Azadlıq tarixinə qızıl hərflərlə yazılan C.Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməmiş, son nəfəsinədək sovet imperiyası ilə ideoloji mübarizə aparmış, Azərbaycanın müstəqilliyi uğrunda bacardığını əsirgəməmişdir. Ceyhun bəy nüfuzlu Hacıbəylilər ailəsinin Azərbaycan maarifçiliyinə daha bir hədiyyəsi idi. Əsasən bədii, elmi ədəbiyyat və publisistika ilə məşğul olmasına baxmayaraq, bir şuşalı balası kimi musiqi sahəsində də qardaşı Üzeyirə kömək edirdi.
Şərqin ilk operası olan “Leyli və Məcnun”un ərsəyə gəlməsində onun da müəyyən xidmətləri var. Hətta 1908-ci ildəki ilk premyerada Ceyhun Hacıbəylinin İbni Səlam və Nofəl rolunu da oynamışdır. Amma təbii ki, ictimai arena onu özünə daha çox çəkirdi. Ceyhun bəy geniş dünyagörüş qazanmaqla yanaşı, bir neçə xarici dili də öyrənməyə macal tapdı. Elə bu üzdən də 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Versal sülh konfransında müşaviri təyin olunur. Əlimərdan bəy Topçubaşov komandasının əsas simalarından olan C.Hacıbəyli bundan əvvəl parlamentin rəsmi orqanı olan “Azərbaycan”qəzetində redaktor kimi də öz bacarığını göstərmişdir. Versal Sülh Konfransı respublika üçün ciddi əhəmiyyət daşıdığından 1919-cu ilin yanvar ayının 7-də orada iştirak edən Ceyhun bəylə birgə bütün heyətə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski və Adil xan Ziyadxanovun imzası ilə “general” mandatı təqdim olunur.
Versala ezam olunan nümayəndə heyəti öz işini çox böyük ustalıqla yerinə yetirir. Fasilələrlə davam edən konfransın yekununda “Antanta” ittifaqı Azərbaycanın müstəqilliyini tanıyır. Bu, təbii ki, sovet Rusiyasını qəzəbləndirməyə bilməzdi. Nümayəndə heyəti məcburiyyət qarşısında qalıb elə Avropada məskunlaşmalı olur. Ceyhun Hacıbəyli də vətənə qayıda bilməyəcəyini qərarlaşdıraraq, ailəsini Fransaya gətirtməli olur. Ceyhun bəy özü də inanmırdı ki, Sovet rejimi onu nə zamansa bağışlaya bilər. Amma Bakıdakı ailəsi, xüsusən də Üzeyir bəy onun vətənə dönüşünü ömrünün sonuna qədər gözləyib. Fəxri Xiyabanda Hacıbəylilər ailəsinin dəfn olunduğu hissədə Üzeyir bəyin məzarının yanında bir boş yer var ki, onu da Ceyhun Hacıbəyli üçün saxlamışdılar. Ailəsi istəyirdi ki, o, Üzeyir bəyin yanında dəfnolunsun. Yəni onun vətənə qayıdacağına axıradək inanırdılar. Amma çox təəsüf hissi ilə qeyd edək ki, Ceyhun Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş və orada torpağa tapşırılmışdır. O, bütün şüurlu həyatını tərəddüdsüz olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edib. Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələr onun daxili dünyasını, narahat təbiətini, yurda qarşı sevgisini bütün çalarları ilə ifadə edir. Onun fransız dilini son dərəcə gözəl bilməsi, bu dildə ictimai-siyasi gedişatı əks etdirən dərin məzmunlu yazılar yazması siyasi hadisələri çox gözəl bildiyini göstərir. Onun Qarabağ folkloruna həsr edilmiş yazıları diqqəti xüsusi cəlb edir. Şəxsi fondundakı əsərlərinin sayca çoxluğu ilə yanaşı geniş əhatəliliyi, mövzu rəngarəngliyi maraqlı nüanslardandır. Bəli, Müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoymuş, yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, ilahiyyatçı alim, sovetoloq, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Ceyhun Hacıbəyli XX əsrin əvvəllərində yetişən görkəmli xadimlərlə bir sırada dururdu.
Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felyeton janrında sınamışdır.
Felyetonları arasında “Pristav Ağa” daha çox diqqəti cəlb edir. Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar şəkildə maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzusunda məqalələr yazıb, cap etdirmişdir. Mühacirətdən əvvəl “Kaspi”, “Proqres”, “Bakı”, “Azərbaycan” və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirən C. Hacıbəyli həmin dövrdə “Kaspi”, “İttihat” və “Azərbaycan” qəzetlərinin redaktoru olmuşdur. 1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra Fransaya mühacirət etmiş, ömrünün sonlarınadək orada yaşayıb fəaliyyət göstərmişdir. C. Hacıbəyli Parisdə Qafqaz mətbuatının fəaliyyət göstərməsi sahəsində
çalışmış, “La revyu du Monde Musulman”, “Le Fiqaro” və b. nəşrlərdə işləmişdir. Parisdə “Qafqaz”, Münxen və Parisdə “Azərbaycan” jurnallarının təsisində və nəşrində onun böyük rolu olmuşdur. C. Hacıbəyli bir çox əsərin, o cümlədən “Azərbaycan mətbuatının tarixi”, “Qarabağ dialekti və folklor”, “Azərbaycanda antiislam təbliğatı və onun metodları” və s. əsərlərin müəllifidir. 1910-cu ildə o, “Hacı Kərim” povestini yazmış və 1911-ci ildə kitab şəklində çap etdirmişdir. Ceyhun bəy Fransada yaşayarkən Parisdə fransız dilində nəşr olunan “Qafqaz” və Münhendə Azərbaycan dilində çıxan “Azərbaycan” jurnalının redaktoru olmuşdur. “Azadlıq” radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki “SSRİ-ni Öyrənən Universitetin” müxbir üzvü seçilmişdir. Ceyhun Hacıbəyli ərəb, fars, qədim türk, alman, fransız dillərini və mədəniyyətlərini dərindən bilmişdir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyası məhz Ceyhun bəyin tərcüməsində 1925-ci il iyun ayının 4-də Parisin “Femins” teatrında səhnəyə qoyulmuşdur. O, fransız oxucularına Hüseyn Cavid, C. Cabbarlı kimi şair- dramaturqlarımızı da tanıtmışdır. C.Hacıbəyli gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında məqalələrini dərc etdirmiş, məqalələrini “Dağıstanlı”, “Ceyhun dağıstanlı”, “Azəri” kimi imzalamışdır. C.Hacıbəylinin maraqlı yazılarından biri də "Azərbaycan şairələri adlı məqaləsidir. Bu yazı təxminən 1950-ci illərdə qələmə alınmışdır. Burada Ceyhun bəy Aşıq Pəri, Xurşud Banu Natəvan, İbrahim xanın qızları “Ağabacı” təxəllüsü ilə yazan Ağabəyim ağa və Gövhər ağanın həyat və yaradıcılığı haqqında fransız oxucularını tanış edir. Azərbaycanda yaşadığı dövrdə C. Hacıbəylinin bir sıra məqaləsi Azərbaycan klasskilərinin və onun müasirlərinin yaradıcılığına həsr olunmuşdur. S. Ə. Nəbati, M. F. Axundov, M. Ə. Sabir, Divanbəyoğlu, Həsən bəy Zərdabi, Ə. B. Haqverdiyev, N. B. Vəzirov, İ. Qaspirinski haqqındakı məqalələri daha maraqlıdır. Azərbaycan klassiklərindən başqa türk şairi Tofiq Fİkrət, tatar şairi Abdulla Tukay və başqaları haqqında da məqalələr yazmışdır. Ceyhun Hacıbəyli ömrünün sonuna kimi Azərbaycanın azadlığı uğrunda var qüvvəsi ilə çalışmış, unuda bilmədiyi doğma vətəninə, sevimli xalqına yorulmadan xidmət etmişdir. Ceyhun bəy vətənini sevən, hadisələrə həssaslıqla yanaşan bir insan idi. Hamıya yaxşılıq etməkdən və Azəri topluluqlarında olmaqdan böyük zövq duyardı. Ceyhun bəyin qiymətli və maraqlı əsərlərindən biri də “Qarabağ dialekti və folkloru”dur. 1934-cü ildə Parisdə “Asiya” jurnalında çap edilmiş həmin əsəri Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filoloq-alim Bayram Ağayev nəşrə hazırlamışdır. Əsər rus dilində yazılmışdır. Hətta Qarabağ dialekti, folkloru və etnoqrafiyasına dair nümunələr belə bəzi hallarda tərcümə edilməmişdir. Bu əsəri bütün Avropa ictimaiyyətinə təqdim etməkdən ötrü C. Hacıbəyli onu sonradan fransız dilində işləmişdir. Əlbətdə, Azərbaycanı onun bir parçası olan Qarabağın etnoqrafiyasını öyrənmək istəyən avropalılar üçün bu əsər olduqca zəngin mənbədir. Adət- ənənələrimiz, xalq ədəbiyyatımız və dialektlərimizlə əlaqədar elə səciyyəvi, ümumiləşdirilmiş məlumatlar təqdim olunub ki, həmin məlumat o vaxtadək nəinki Fransada, Rusiyada, hətta Azərbaycanın özündə belə bu cür geniş və sistemli şəkildə araşdırılıb nəşr edilməmişdir. Əsər 33 bölmədən ibarətdir. Hər bölmənin öz adı var. 43 il Avropada yaşayan bir türk oğlu anasından eşitdiyi bayatılardan tutmuş şahidi olduğu hadisələri, adət-ənənələri, mərasimləri, oxşamaları olduğu kimi qələmə alıb. C. Hacıbəyli çox halda içində çəkdiyi Qarabağ xiffətinin ağır dərdlərini soyutmaq üçün el arasında gəzən, ədəbi dildə səslənməyən elə ifadələr, sözlər var ki, onları da öz kitabına salıb. Qarabağ dialekti səslənməsinə görə çox zəngin, formasına görə isə cazibədardır. Əslində Ceyhun bəyin gözəl ailəsi, cəmiyyətdə mövqeyi, nüfuzu, yaxşı dostları, həmrəy olduğu insanlar, Avropanın bütün ölkələrinə açılan qapısı və s. var idi. Müstəqil yaşayırdı, azad düşüncə sahibi idi. Amma vətən həsrəti içini acı qurd kimi yeyirdi. Bu səbəbdən də Qarabağla əlaqədar yaddaşında olanların hamısını nöqtəsinə, vergülünə toxunmadan yadigar qalsın deyə, kağızlara köçürürdü. O, heç vaxt ağlına gətirə bilməzdi ki, həsrətini soyutmaq üçün bildiklərinin hamısını qələmə alması gələcəkdə həmvətənlərinə də çatacaq, onun nisgili ürəklərdə alışıb yanacaq. Bayatılarla əlaqədar bölümdə onun sıraladığı bu el sərvətinin sarı simi yenə də Qarabağdı. Ömrü boyu içindəki ağrını, acını, çəkilməz dərdlərini Qarabağda eşitdiyi bayatılarla ovutdu Ceyhun Hacıbəyli. Bəli, Ceyhun Hacıbəyli – bütün şüurlu həyatını tərəddüdsüz olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edib. C. Hacıbəyli tarixi
mövzularda əsərlər yazaraq məmləkətini Avropada tanıtmağa çalışırdı. O, “Babək və qədim Arran hökuməti”, “Bakı və Bərdə şəhərlərinin tarixi” mövzularında tədqiqatlar aparmış, Şərqin böyük şairləri, Firdovsi və Şirazinin yaradıcılıqları haqqında mükəmməl məqalələr yazmışdır.
Ceyhun bəyin təmasda olduğu, birgə çalışdığı, əməkdaşlıq etdiyi insanlar C. Hacıbəylinin əqidəsi, mənəviyyatı, şəxsiyyəti barədə fikrin formalaşmasına kifayət edir. Qardaşları Üzeyir və Zülfüqar Ceyhun bəyin, həm də ən yaxın mənəvi dostu olmuşdur. Ceyhun Hacıbəylinin mühacirətəqədərki həyat və yaradıcılığı 90-cı illərdə ilk dəfə elmi-təbliğat mövzusu kimi işlənmiş və 1996-cı ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə edilmişdir. Onun həyatının bu hissəsini bir cümlə ilə ifadə etmək, belə söyləmək mümkündür: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu mübarizə 1919-cu ildən başlamış 1962-ci ilədək vəfatına  qədər fasiləsiz davam etmişdir. C.Hacıbəyli “Azərbaycan mədəniyyətinin pioneri” adlandırdığı Həsən bəy Zərdabinin vurğunu idi. C. Hacıbəylinin H. Zərdabi, İ. Qaspiralı, Azərbaycanın qadın aşıq şairləri, Hüseyn Ərəblinski, Haşım bəy Vəzirov, Hüseyn Əfəndi Qayıbov barədə yazdıqları, eləcə də Azərbaycan mətbuat tarixi ilə araşdırmaları da olduqca maraqlı və faydalıdır. Ailə- məişət, maarif, teatr, mədəniyyət, təhsil problemlərinə həsr olunmuş “Etinasızlığımız”, “Ev tərbiyəsi haqqında bəzi qeydlər”, “Zülmət işıq”, Müəllimlərin təqdimatı”, “Qan düşmənçiliyi”, “Aktyora kömək edin” “Cəmiyyətin artistə ehtiramı”, “Müsəlman teatr mövsümü”, “Kömək
lazımdır”, “Bizdə cəmiyyət varmı?”, “Səhər ibtidai məktəbinin müəllimləri haqqında”, “Nuxada gimnaziya”, “Qadın təhsilinin ehtiyacları” və s. Turgenevin “Pulsuzluq” komediyası (1909-cu il) ilə Azərbaycan oxucusu ilk dəfə məhz C.Hacıbəylinin tərcüməsindən tanış olub. O, həmin illərdə Azərbaycan klassiklərinin və müasirlərinin yaradıcılığı ilə bağlı məqalələr yazır, həmçinin qonşu türkdilli xalqların nümayəndələrinin yaradıcılığına müraciət edirdi. Arxiv sənədlərindən aydın olur ki, Üzeyir bəyin məşhur “Arşın mal alan” komediyası da məhz Ceyhun bəyin tərcüməsində ilk dəfə olaraq 1925-ci ildə Parisin “Femino” teatrında tamaşaya qoyulmuşdur. 1933-cü ilin yanvar – mart aylarında Parisdə nəşr olunmuş “Asiya” jurnalının əlavə xüsusi buraxılışında C.Hacıbəylinin 144 səhifədən ibarət olan “Qarabağ dialekti və folkloru” əsəri dərc edilmişdir.
C.Hacıbəyli 1940-cı ildə fars şairi Ə.Firdovsinin həyat və yaradıcılığı haqqında da məqalə yazmışdır. Onun Azərbaycan muğamları və musiqi klassikləri haqqında yazıları da maraqlıdır.
İkinci Dünya müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçmir. Üzeyir bəyin hər bir məktubunda xatırlanan və əzizlənən Ceyhun bəyin Bakıda dünyaya gəlmiş oğlu Ceyhun 1937-ci ildə Paris Hərbi Akademiyasını müvəffəqiyyətlə bitirəndən sonra alman faşizminə qarşı vuruşmaq üçün cəbhəyə gedir. Düşmənlə döyüşmək üçün təyyarəsi ilə səmaya qalxan Ceyhun bərabər olmayan vuruşda qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy sarsıntılar keçirir. Bir tərəfdən vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi uzun zaman onu rahat buraxmır. Ceyhun Hacıbəyli əziz vətəninin və xalqının qurtuluş mübarizəsinə liderlik edənlərdən biri olmuşdur. Eyni zamanda istedadlı bir publisist olan məhrum istilaya uğrayan vətənin haqq və hüquq davasını bütün dünya ictimaiyyəti qarşısında layiqli müdafiə etmişdir. Mühacirət həyatının son illərini daha da ağır nisgillə keçirən Ceyhun Hacıbəyli Azərbaycan istiqlal mücadiləsinin, azadlıq hərəkatının ən gənc mühaciri olmaqla yanaşı, qürbətdə ən acı və ən çox ömür keçirən bir şəxs kimi yadda qaldı. Onu haqqında xatirələrin birində deyilir:
“Ceyhun bəy Parisə özü ilə birgə daim həsrətini çəkdiyi, ömrünün sonuna qədər xəyallarında yaşatdığı Qarabağı da gətirmişdi. O, qürbətdə iki həyat yaşayırdı – bir real Paris həyatını, bir də xəyallarında qurub- yaratdığı nisgillərdən, gümanlardan, xatirələrdən ibarət vətən həyatını”. Parisdə dəfn edilən Ceyhun Hacıbəylinin vətəndə də hələ qazılmamış məzarı var. Üzeyir bəy hələ də onu “gözləyir…”. Azərbaycan ədəbiyyatını, incəsənətini, tarixini yetərincə təbliğ edən Ceyhun bəy Hacıbəyli 1962-ci ildə – Fransada vətən həsrəti ilə gözlərini əbədi yumur və Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılır. İllər keçəcək, Hacıbəylilər nəslinin mədəniyyətimizin inkişafındakı müsətəsna xidmətləriylə bağlı daha yeni – yeni soraqlar üzə çıxacaq. Məhz Hacıbəylilər nəslinin sözün böyük mənasında yaradıcılıq təşnəsinin güclü olmasındandır ki, bu nəsildən olan Ceyhun Hacıbəylinin gördüyü işlərin qiyməti, dəyəri bundan sonra aydın şəkildə bilinəcək. Azərbaycanı o zaman tərk edən Ceyhun Hacıbəylinin 90-cı illərdə Vətənə ruhən qayıdışını həmişəlik qayıdış hesab etmək olar. Ceyhun Hacıbəyli Azərbaycana tükənməz sevgisi, böyük mübarizəsi ilə Vətən üçün yaşadığını sübut etdi. Deyirlər ki, zaman bir çox ayrılıqlara, itkilərə, müsibətlərə sığal çəkir, unutdurur. Amma zamanın gücü çatmadığı, yaddan çıxarda bilmədiyi yalnız Vətən dərdidir. Əksinə, bu ayrılıq yaşlaşdıqca həsrəti daha da cavanlaşaraq üstünə çalağan kimi şığıyır. Xatirələrdən bəlli olur ki,
Ceyhun Hacıbəyli ömrünün sonlarında tez-tez ana dilində bu sözləri pıçıldayarmış: “Qarabağ, Qarabağ, bir gün səndən ayrı tabım olmazdı. İndi oldum illər ayrısı…” Bu ayrılıq bir gün sona yetdi. C. Hacıbəylinin övladı, nəvəsi Azərbaycana gəldi. Qarabağ erməni quldurlarından Ali baş komandanımız İlham Əliyevin səyi nəticəsində qəhrəman oğullarımız tərəfindən azad edildi.
Azərbaycanın ədəbi-mədəni, ictimai-siyasi fikir tarixində əhəmiyyətli rolu olan C. Hacıbəylinin həyat fəaliyyəti uzun illər öyrənilməmiş, mühacirət ədəbiyyatımız kimi, gözdən uzaqda qalmışdı. Nəhayət Azərbaycan Respublikasının YUNESKO ilə işlər üzrə milli komissiyasının katibi Ramiz Abutalıbov xaricdən ədəbi-mədəni irsimizin toplanmasında və Vətənə gətirilməsində böyük xidmətlər göstərmiş, bir neçə mühacirimizin, eyni zamanda C. Hacıbəyliyə də məxsus yüzlərlə sənədi dövlət arxiv fonduna təhvil vermişdir. Hazırda S. Mumtaz adına Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində C. Hacıbəylinin şəxsi fondu yaradılıb. Ü. Hacıbəylinin ev- muzeyində Azərbaycanın ictimai – siyasi xadimlərindən, ən görkəmli simalarından olan C. Hacıbəyliyə aid guşə yaradılmışdır. Bu guşədə onun Fransada çıxmış kitablarından, məqalələrindən nümunələr və şəkillər var. Hazırda həmin arxivdə 20-dən artıq qovluqda Ceyhun bəyin 500 – dən çox sənədi var. Bəli, dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir, onların əməllərinin sayəsində dünyanın nuru artır. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz.

Məmmədli Ruhiyyə
F.Köçərli adına RUK-nın Elmi Metodika şöbəsinin müdiri 

Gundelik.az

Exit mobile version