“Anthropic” rəhbəri süni intellektin inkişafının yavaşladılmasını istəyir. OpenAI rəhbəri Sam Altman da onu dəstəkləyir. Səbəb kimi süni intellektin həddindən artıq sürətlə güclənib təhlükəli səviyyəyə çatdığı göstərilir.
Bunu Gundelik.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, bu daha çox psixoloji təsir mesajıdır.
“OpenAI 2026-cı ildə təxminən 30 milyard dollar gəlir gözləyir. Amma həmin il təxminən 25 milyard dollar pul sərfi proqnozlaşdırılır. Şirkət 2030-cu ilin sonunadək server və hesablama infrastrukturu üçün 665 milyard dollar xərc nəzərdə tutur və yalnız 2030-cu ildə müsbət pul axınına çıxacağını gözləyir.
“Anthropic”də də vəziyyət oxşardır. 2026-cı ildə 18 milyard dollara qədər gəlir gözlənilir, amma təxminən 11 milyard dollar pul sərfi proqnozlaşdırılır”, – iqtisadçı vurğulayıb.
E. Əmirov bildirib ki, belə vəziyyətdə “süni intellekt gözlədiyimiz qədər sürətlə inkişaf etmir” demək investor üçün pis mesajdır: “Amma “süni intellekt o qədər güclənib ki, artıq onu yavaşlatmalıyıq” demək tamam başqa psixoloji təsir yaradır. İnsanlarda belə təsəvvür yaranır ki, bu şirkətlərin əlində düşündüyümüzdən də güclü texnologiya var.
Bu isə marağı artırır, yeni kapital cəlb etməyə və şirkətlərin qiymətini yüksək saxlamağa kömək edə bilər.
Əlqərəz, süni intellektin imkanları böyükdür. Amma onun imkanları və yaxın gələcəklə bağlı gözləntilər olduğundan artıq şişirdilir. “Artıq çox güclüyük, bizi yavaşlatmaq lazımdır” mesajı da bunun bir hissəsidir”.
