Skolioz onurğanın yana doğru əyilməsi və fəqərələrin öz oxu ətrafında fırlanması ilə müşayiət olunan mürəkkəb vəziyyətdir. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə aşkarlandıqda, düzgün qiymətləndirmə və müalicə planının vaxtında müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu prosesdə fizioterapiya və reabilitasiya mühüm rol oynaya bilər. Lakin fizioterapiyanın imkanlarını düzgün qiymətləndirmək və onu bütün hallarda “onurğanı düzəldən” müalicə kimi təqdim etməmək vacibdir.
Mövzu ilə bağlı tanınmış reabilitoloq və fizioterapevt Afaq Azadın redaksiya üçün hazırlanmış açıqlamasına əsasən, fizioterapiyanın əsas məqsədi xəstənin vəziyyətinə uyğun olaraq əzələ balansını yaxşılaşdırmaq, bədən duruşuna nəzarəti artırmaq, hərəkət keyfiyyətini yüksəltmək, ağrı və funksional məhdudiyyətləri azaltmaqdır.
“Skolioz diaqnozu qoyulan hər bir insan üçün eyni məşq proqramı tətbiq edilə bilməz. Əyriliyin dərəcəsi, yerləşməsi, xəstənin yaşı, böyümə potensialı, əzələ balansı və digər klinik xüsusiyyətlər nəzərə alınmalıdır. Xüsusi fizioterapevtik məşqlər düzgün seçildikdə xəstənin funksional vəziyyətinin yaxşılaşdırılmasına və onurğanın mövcud vəziyyətinin idarə olunmasına kömək edə bilər. Ancaq fizioterapiyanın imkanlarını şişirtmək də doğru deyil. Xüsusilə struktur skoliozlarda məşqlərin məqsədi hər zaman əyriliyi tamamilə aradan qaldırmaq olmur. Müalicə planı həkim, fizioterapevt və digər mütəxəssislərin birgə qiymətləndirməsi əsasında qurulmalıdır”, – deyə açıqlama layihəsində qeyd olunur.
Mütəxəssislərin yanaşmasına görə, skoliozun müalicəsi zamanı müşahidə, xüsusi məşqlər, bəzi hallarda korset müalicəsi və daha ağır vəziyyətlərdə cərrahi müdaxilə gündəmə gələ bilər. Hansı metodun seçiləcəyi əyriliyin xüsusiyyətlərindən və xəstənin fərdi vəziyyətindən asılıdır. Buna görə sosial şəbəkələrdə yayılan təsadüfi məşqlərdən istifadə etmək və ya yalnız fizioterapiyaya güvənərək tibbi qiymətləndirməni təxirə salmaq tövsiyə edilmir.
Fizioterapiyanın digər mühüm üstünlüyü isə xəstəyə gündəlik hərəkətlərini daha düzgün yerinə yetirməyi öyrətməsi və fiziki aktivliyin qorunmasına kömək etməsidir. Müalicənin nəticəsi isə yalnız seansların sayından deyil, düzgün diaqnostik qiymətləndirmədən, fərdi proqramdan və məşqlərin davamlı icrasından asılıdır.
Nuri
Gundelik.az
