Oktyabr 6, 2026
Baku
Aktual İdman Xəbərlər

Dünən gecə həyəcan zirvədə idi! Milyonlarla insan ekranlara kilidlənmişdi

UEFA Millətlər Liqasının dördüncü turunda A, B və D liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.

Gundelik.az xəbər verir ki, gecənin diqqətçəkən nəticələri arasında Portuqaliyanın ardıcıl dördüncü qələbəsi, Niderlandın Serbiyanı məğlub etməsi və Almaniyanın Yunanıstanla heç-heçə etməsi olub.

Niderland Serbiyanı məğlub etdi

A Liqasının 2-ci qrupunda Niderland doğma meydanda Serbiyaya 2:1 hesabı ilə qalib gəlib. Ev sahiblərinin qollarını Teun Koopmeiners və Joshua Zirkzee vurub. Serbiyanın yeganə qolunu isə 19 yaşlı Mihajlo Cvetkovic hesabına yazdırıb.

Almaniya Yunanıstanla heç-heçə etdi

Qrupun digər oyununda Almaniya səfərdə Yunanıstanla qarşılaşıb. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Almaniya bu dəfə də qələbə qazana bilməyib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Portuqaliyadan 4-də 4

A Liqasının 4-cü qrupunda Portuqaliya Norveçi 2:1 hesabı ilə məğlub edib. Portuqaliyanın qollarını Joao Cancelo və Gonçalo Ramos, Norveçin qolunu isə Kristoffer Ajer vurub. Bu nəticə ilə Portuqaliya turnirdə keçirdiyi dörd oyunun hamısından qələbə ilə ayrılıb.

İrlandiya-İsrail oyununda etiraz

B Liqasının 3-cü qrupunda İrlandiya və İsrail Serbiyada üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

İrlandiya millisinin futbolçuları Qəzzada həlak olanların xatirəsinə qara sarğı ilə meydana çıxıblar. İsrailin dövlət himni səsləndirilərkən irlandiyalı futbolçuların başlarını aşağı əydikləri, matçdan əvvəl isə komandalar arasında əl sıxma mərasiminin keçirilmədiyi bildirilib.

Gecənin nəticələri

A Liqası – 2-ci qrup

Niderland 2:1 Serbiya

Yunanıstan 0:0 Almaniya

A Liqası – 4-cü qrup

Uels 0:1 Danimarka

Portuqaliya 2:1 Norveç

B Liqası – 3-cü qrup

Kosovo 1:1 Avstriya

İrlandiya 1:1 İsrail

D Liqası – 1-ci qrup

Malta 1:0 Andorra

D Liqası – 2-ci qrup

Azərbaycan 1:0 Litva

Nurəddin Abdullayev
Gundelik.az