Kim Çen In nadir müraciətində Vaşinqtonu ölkəsinin nüvə dövləti statusunu qəbul etməyə çağıraraq, Şimali Koreyanın nüvə arsenalını və əməliyyat imkanlarını genişləndirmək niyyətində olduğunu bəyan edib.
Onun sözlərinə görə, ABŞ və Şimali Koreya “yola gedə bilər”, lakin yalnız ABŞ Şimali Koreyanın nüvə silahlarının qalıcı olduğunu qəbul edərsə.
Paytaxt Pyongyang şəhərində keçirilən beşillik partiya qurultayında səsləndirilən bu fikirlər, ABŞ prezidenti Donald Trump-ın aprel ayında Çinə planlaşdırılan səfəri ərəfəsində Vaşinqtonla danışıqlara açıq qapı saxlanılması kimi qiymətləndirilir.
Lakin Kim Cənubi Koreya ilə diplomatik yumşalma ehtimallarını rədd edərək Seulu Şimalın “ən düşmənçi subyekti” adlandırıb. Dövlət mediası Korean Central News Agency-nin (KCNA) yaydığı məlumata görə, Kim Koreya Əmək Partiyasının Doqquzuncu Qurultayında bildirib:
“Əgər Vaşinqton Konstitusiyada təsbit olunmuş hazırkı (nüvə) mövqeyimizə hörmət etsə və düşmən siyasətindən imtina etsə, ABŞ-la yaxşı münasibətlər qurmamağımız üçün heç bir səbəb yoxdur.”
Kim əlavə edib ki, ABŞ–Şimali Koreya münasibətlərinin gələcəyi “tamamilə ABŞ-ın mövqeyindən asılıdır”.
“Sülh şəraitində birgəyaşayış da, daimi qarşıdurma da mümkündür – biz hər ikisinə hazırıq və seçim bizim əlimizdə deyil.”
O, Cənubi Koreya barədə danışaraq bildirib ki, Pxenyan Seulu “həmişəlik olaraq həmvətənlər kateqoriyasından çıxaracaq”. O əlavə edib:
“Cənubi Koreya bizimlə sərhəd paylaşdığı geosiyasi reallıqdan qaça bilmədiyi müddətdə təhlükəsiz yaşamağın yeganə yolu bizimlə bağlı hər şeydən imtina edib bizi rahat buraxmaqdır.”
Bir analitik AFP-yə bildirib ki, Pxenyanın son açıqlamaları “Cənubi Koreyanı vasitəçi etmədən ABŞ-la birbaşa münasibətlər qurmaq niyyətini” göstərir.
Kim həmçinin Şimali Koreyanın nüvə proqramına toxunaraq deyib: “Biz nüvə silahlarının sayını artırmaq və nüvə əməliyyat vasitələrini genişləndirmək layihələrinə diqqət yetirəcəyik.”
Uzunmüddətli beynəlxalq sanksiyalara baxmayaraq, Şimali Koreya nüvə potensialını inkişaf etdirməyə davam edir və mütəmadi olaraq qadağan olunmuş qitələrarası ballistik raketlər sınaqdan keçirir.
Dövlətə məxsus KCNA bu həftə bildirib ki, Kimın rəhbərliyi altında Şimali Koreya “nüvə qüvvələrini əsas dayağı kimi götürərək” öz “müharibə çəkindirmə qabiliyyətini köklü şəkildə yaxşılaşdırıb”.
Lakin rejimin qapalı xarakteri ordunun real irəliləyiş səviyyəsini qiymətləndirməyi çətinləşdirir.
Müstəqil beyin mərkəzi olan Stockholm International Peace Research Institute (SIPRI) ötən il hesab edib ki, Şimali Koreyanın təxminən 50 yığılmış nüvə başlığı var və daha 40-a qədər başlıq istehsal etməyə kifayət edəcək parçalanan material ehtiyatı mövcuddur.
Kim 2024-cü ilin noyabrında da ölkənin nüvə proqramının “limitsiz” şəkildə genişləndirilməsinə çağırmışdı.
Ötən il prezident Tramp qlobal təhlükəsizlik strategiyasını açıqlayarkən, 2003-cü ildən bəri hər ABŞ prezidentinin Milli Təhlükəsizlik Strategiyasında əsas məqsəd kimi yer alan Şimali Koreyanın nüvəsizləşdirilməsini sənəddə qeyd etməmişdi. Bu isə Tramp və Kim arasında 2019-cu ildə sonuncu dəfə keçirilən danışıqların yenidən başlaya biləcəyi barədə fərziyyələri gücləndirmişdi.
Trampın 2017-ci ildə – ilk prezidentlik dövründə – açıqladığı strategiyada isə Şimali Koreya 16 dəfə xatırlanmış, ABŞ üçün təhdid və “nüvə silahından istifadə edə biləcək avara dövlət” kimi təsvir edilmişdi.
Kim isə uzun müddətdir ki, nüvəsizləşmənin Pxenyan üçün gündəmdə olmadığını bildirir.
Sentyabr ayında parlamentdə çıxışı zamanı o deyib: “Nüvəsizləşmə anlayışı artıq mənasını itirib. Biz nüvə dövlətinə çevrilmişik. ‘Nüvəsizləşmə’ bizdən gözləniləcək ən son, ən son şeydir.”
O əlavə edib: “Əgər ABŞ başqalarının nüvəsizləşdirilməsi kimi mənasız iddiasından əl çəkib reallığı qəbul etsə və bizimlə həqiqi sülh şəraitində birgəyaşayış istəsə, üz-üzə görüşməməyimiz üçün heç bir səbəb yoxdur.”
Bu ilki partiya qurultayının bağlanış mərhələsindən yayılan fotolarda Kimın yeniyetmə qızı Ju Ae də Pxenyanda keçirilən hərbi paradda atası ilə yanaşı, eyni qara dəri gödəkçə ilə görüntülənib.
Bu ayın əvvəlində Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti deputatlara bildirib ki, Kimın təxminən 13 yaşında olduğu güman edilən Ju Ae-ni varisi kimi seçdiyi ehtimal olunur. Xidmət onun qurultayda iştirak edib-etmədiyini yaxından izləyəcəyini də açıqlayıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
