Gundelik.az Mədəniyyət və cəmiyyət Sevinc hissi də ürəyi sınağa çəkə bilər: “Xoşbəxt ürək sindromu”na diqqət
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sevinc hissi də ürəyi sınağa çəkə bilər: “Xoşbəxt ürək sindromu”na diqqət

Yay aylarında keçirilən toy, nişan, məzuniyyət və digər kütləvi tədbirlər zamanı yaşanan güclü həyəcan ürəyə əlavə yük yaradır. Kardioloq Dos. Dr. Emrah Özdemir bildirib ki, isti hava, yuxusuzluq, yorğunluq və emosional gərginlik bir araya gəldikdə ürək-damar sistemi daha çox təsirlənir.

Mütəxəssisin sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan şəxslər və yaşlı insanlar bu dövrdə daha ehtiyatlı olmalıdır. O qeyd edib ki, həddindən artıq sevinc də infarktla qarışdırıla bilən ciddi vəziyyətə səbəb olur.

“Xoşbəxt ürək sindromu” nədir?

Xalq arasında “qırıq ürək sindromu” kimi tanınan Takotsubo kardiomiopatiyası yalnız kədər və qorxu kimi mənfi emosiyalar nəticəsində yaranmır. Toy, ad günü, məzuniyyət və ya gözlənilməz xoş xəbər kimi güclü sevinc hissi yaradan hadisələr də nadir hallarda ürək əzələsinin fəaliyyətini müvəqqəti pozur. Bu hal “xoşbəxt ürək sindromu” adlandırılır.

Ani həyəcan zamanı yüksələn stress hormonları ürəyin, xüsusilə sol mədəciyin fəaliyyətinə təsir göstərərək onun qan pompalama qabiliyyətini müvəqqəti azaldır.

Əlamətləri infarktla oxşardır

Dos. Dr. Özdemir bildirib ki, sindrom aşağıdakı əlamətlərlə özünü göstərir:

Sinə ağrısı

Nəfəs darlığı

Ürəkdöyünmə

Güclü tərləmə

Huşunu itirmə hissi

Bu əlamətlər infarktla çox oxşar olduğundan, onları sadəcə həyəcan və ya yorğunluqla əlaqələndirib gözləmək düzgün deyil.

Yay tədbirlərində nələrə diqqət edilməlidir?

Mütəxəssis isti havada uzun müddət ayaq üstə qalmağın, kifayət qədər su içməməyin, yuxusuzluğun və ağır fiziki fəaliyyətin ürəyə düşən yükü artırdığını bildirib. Buna görə də:

Kifayət qədər su qəbul edin;

Müntəzəm fasilələr verin;

Həddindən artıq fiziki yüklənmədən çəkinin;

İsti havada uzun müddət ayaq üstə qalmayın.

Ani başlayan sinə ağrısı və ya nəfəs darlığı yaranarsa, vaxt itirmədən ən yaxın tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur.

Daha çox qadınlarda rast gəlinir

Takotsubo sindromu diaqnozu qoyulan xəstələrin təxminən 90 faizi qadınlardır. Halların əksəriyyəti 50 yaşdan yuxarı qadınlarda müşahidə edilir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version