İyul 8, 2026
Baku
Elm və təhsil Ədəbiyyat Tarixdə bu gün

Şeirimizin sübh çağı Mikayıl Müşfiq

Hər yerdə düzələn toy-büsat mənəm,

 Ulduzlarla edən ixtilat mənəm.

 Mənim azadlığım qucağa sığmaz,

 Yer mənəm, göy mənəm, kainat mənəm.

Mikayıl Müşfiq

Qələm əhlinin ömrü kitablarının, hafizələrdə yaşayan misralarının ömrü qədərdir. Ona görə də onlara açılan qəfil güllələr, ömürlərini susduran hökmlər gücsüz və gülünc görünür. Bir anda ömürlərinə son qoyulan bu şəxsiyyətləri əsrlər boyu susdurmaq olmur. Belə sənətkarlardan biri də Mikayıl Müşfiqdir. Ümumiyyətlə, Mikayıl Müşfiq haqqında cəsarətlə demək olar ki, o, Azərbaycanın heç vaxt sönməyən, əbədiyanar və əbədiyaşar şairlərindən biridir. Müşfiq əbədi olaraq  xalqın qəlbində, ədəbiyyatında yaşamaqdadır. Mikayıl Müşfiq təpədən dırnağa fitri istedad sahibi, sözün əsl mənasında qəlbin, ruhun şairidir. Həyat sevgisi, coşqun poeziyası, yaşına uyuşmayan müdrikliyi ilə çoxundan seçilən Mikayıl Müşfiq xalqına, millətinə bağlı bir söz sərrafı idi. Şairin şeirləri, onlara yazılmış mahnılar bu gün də qəlbləri oxşayır. Mübaliğəsiz demək olar ki, Müşfiq ən çox sevilən, oxunan nəğməkar şairlərdən biridir. İyirmi doqquz yaşında repressiyaya məruz qalmış Mikayıl Müşfiq artıq 117 yaşındadır. İndi bu yubiley yaşını təəssüflər olsun ki, onsuz qeyd edirik… Belə qısa həyatına baxmayaraq,

M.Müşfiq Azərbaycan xalqı üçün 29 illik ömrünə sığdırdığı əsl sənət xəzinəsini yadigar qoyub.

Mikayıl Müşfiq 5 iyun 1908-ci il tarixində Bakıda anadan olub. Ziyalı ailəsində doğulan və əslən Azərbaycanın gözəl guşələrindən biri Xızı rayonundan olan Mikayıl Müşfiq iki aylığında anasını, altı yaşında isə atasını itirib. Valideynlərini belə erkən itirməsinə baxmayaraq şair həyatdan küsməyib və oxumağın, təhsilin dəyərini anlayaraq bu istiqamətə yönəlib. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan şair o zamankı Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. M.Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Mikayıl Müşfiq yeddi il Bakı orta məktəblərində müəllimlik etmişdir. Şairin son iş yeri olan 18 saylı Bakı şəhər orta məktəbi hazırda onun adını daşıyır. Poetik yaradıcılığa isə 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” adlı şeiri ilə başlayan M.Müşfiqin bundan sonrakı həyatı unudulmaz şeirlər, hekayələr yazmaq və ciddi bədii tərcümələr etməklə keçmişdir. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birlikdə), Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” kitablarıdır.

Mikayıl Müşfiq 1938-ci il 6 yanvarda repressiya dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir. Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulmuşdur.

Müşfiq bir oddur ki, axırda öz-özünü yandıracaq.

 Hüseyn Cavid

 Mikayıl Müşfiq haqqında unudulmaz xatirələr  M. Seyidzadə Mikayıl Müşfiqlə bağlı xatirələrində deyir: “Sevimli şairimiz Mikayıl Müşfiqlə mən ilk dəfə 1930-cu ildə yaxından tanış oldum. O zamanlar Maarif işçiləri evinin kitabxanasında işləyirdim. Müşfiq tez-tez kitabxanaya gəlirdi. Biz ədəbiyyatdan söhbət edib, yazdığımız şeirləri bir-birimizə oxuyurduq. Beləliklə, səmimi dost olduq. Müşfiq uşaqlar üçün bir neçə poema yazmışdır. Onun “Bir may”, “Vuruşmalar” adlı kitabları çap olunmuşdur. 1934-cü ildə Müşfiq “Şəngül, Şüngül, Məngül” nağılını yaratdı. Yüksək şeiriyyəti, gözəl təbiət təsvirləri ilə nəzər-diqqəti cəlb edən bu mənzum nağıl balalarımız üçün dəyərli hədiyyə idi. Mikayıl Müşfiq istedadlı şair olmaqla bərabər, gözəl bir insan idi. O, həmişə şən və üzügülər idi. Müşfiqin ilhamı coşqun çaylar kimi idi. Onun əsərləri tez-tez mətbuat səhifələrində dərc olunurdu. Müşfiqin lirik şeirləri yurdumuzun çiçəkləri kimi rəngarəng və təravətlidir.  Müşfiq çox çalışmağı, yazıb, yaratmağı sevirdi. O deyirdi ki, mən hər gün şeir yazmalıyam. Elə buna görə də, gənc yaşlarında Müşfiq bir çox şeirlər, poemalar yazmışdır. Müşfiqin şeir inciləri ədəbiyyatımızın xəzinəsini zənginləşdirmişdir. Onun odlu nəğmələrini xanəndələrimiz tez-tez oxuyur, şeirləri

  1. Dilbazi xatirələrində deyirdi: Müşfiq deyərkən yadımıza təzə cücərən ot, təzə açılan qönçə gəlir. O, həmişə xatirələrdə belə də qalacaqdır. Şairin nə özü, nə də əsərləri qocalacaq. Müşfiqdən bizə yadigar qalan əsərlər daim ətir saçacaq; həm də təzə qızılgüllər, qərənfillər, bənövşələr kimi…

Müşfiq gənc yaşlarından müəllim olmuşdur. Odur ki, uşaqlar onu, o da uşaqları çox sevərdi. O, harada bir uşaq görsə, dərhal dayanar, onu dindirərdi.  Günəş ona işıq, torpaq qüvvə, yaraşıq, vətən məhəbbəti coşqun nəğmələr bəxş etmişdi. Unudulmaz şairimizin yubileyi münasibətilə ona üz tutub deyirik:

Ürəkdə saxlayıb sənin yerini,

O coşqun, alovlu nəğmələrini

Günəşin altında oxuyuruq biz,

Əziz Müşfiqimiz, gənc Müşfiqimiz!

Aylı gecələrdə incilər xəzinəsi asimana baxarsınız… Ulduzlar…Yaxın görünən uzaq ulduzlar… Ulduz var ki, onu yerə düşürsələr asiman yaraşıqdan düşməz, ulduz da var ki, göylərin əlindən alınsa, göylər seyrəkləşər, çılpaqlaşar, göylər əliuzalı qalar. Azərbaycan şeiri fəzasının nadir ulduzlarından biri Mikayıl Müşfiqdir. Onu üfüqlərdən yerə endirmək olmaz. O qədər yüksəkdir ki! Onun şəfəqlərini duman tuta bilməz. O qədər parlaqdır ki! Bu parlaqlığa könül verməmək mümkünmü? O qədər sevimlidir ki! Bu sevimliliyə ülvilik deyərlər. O qədər şairanədir ki!.. Bunlar Müşfiq mənəviyyatını yaşadan Müşfiq incəlikləridir. Bu incəliklər rənglərlə örtülən şəfəqlər, şüalarda saxlanan ahənglərdir. Bu incəliklər getdikcə daha da təravətlənəcək, qiymətlənəcəkdir. Çünki bunlar ən gözəl, ən doğru sənət nümunələridir. Bir şeir təşnəsi Müşfiq çeşməsindən daddıqca, susuzluğu yatar, susuzluğu yatdıqca susayar. Müşfiq incəliklərini görmək üçün onun şeirlərini dindirmək lazımdır. Mən şeir yazmadım sevgiyə dair, Neyləyim, ürəyim dinc oturmayır! Mikayıl Müşfiq yazmaya bilməzdi! Yazmalıydı… Səhəri axşama, axşamı səhərə qatmalıydı, zehninin, qəlbinin təmasından nadir incilər partlamalıydı. Yaratmalıydı, fəqət yaşamalıydı. Yaşatdığını yaratdı, yaratdığını yaşatdı. Ömrünün 29 baharını yaşadı. 29 il… Bu bir şair ömrü deyil. Vəfa etməyən ömrünü saatbasaat, günbəgün, aybaay, ilbəil şeirinə fəda etdi. Getdi!.. Həyatına sığmayan bir aləm qoydu getdi. Qələmdən, şeirdən, dünyadan doymadan getdi. Şimşək kimi çaxdı, çaxması ilə yaxılması bir oldu və cavan getdi. Qocalmağa ömür vəfa etmədi, vaxtı olmadı. Vaxta sığmadı. Bahar kimi keçdi. Fəqət ona keçdi deyilməz. Çünki keçməyəcək!.. Ona keçmiş demək, gələcəyə göz yummaq deməkdir. Müşfiq şeirimizin gələcəyidir. 11 Onun yaradıcılığı üfüqlər qədər geniş, şəfəqlər qədər parlaqdır. Cocuq təbəssümlü, ixtiyar təfəkkürlü Müşfiq…

Bu dünyada şair çoxdur, dahi şairlər, istedadlı şairlər, nakam şairlər, Məcnun şairlər. Müşfiqi onların hər birinə aid etmək olar. Müşfiq şeirin özü idi. Başdan ayağa, ilk misrasından son misrasınacan poeziya mücəssəməsi idi.

O, ləbaləb dolu idi şeir ilə, sənət ilə,

Ölümdən də qorxmaz olan qüdrət ilə.

Bu misraları Müşfiq taleli Əli Kərim yazıb. Azərbaycan poeziyasında Əli Kərim qədər Müşfiqi xatırladan ikinci bir şair yoxdur…

Keçən günlərimi vərəqləyərkən

Sevdalı dillərin yadıma düşdü.

Xəyalın qarşımda canlandı birdən

Göyərçin əllərin yadıma düşdü.

Bu gözəl misralar Mikayıl Müşfiqə aiddir. Dünyanın heç bir şairi sevgilisinin əllərini göyərçinə – quşa bənzətməyib. Əgər bənzədilibsə, bu Müşfiqdən sonra olub.

Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət Mikayıl Müşfiqi bütün nəsillərin müasiri edən, həmişə sevdirən onun ürəkdən gəlmiş, səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı, Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı, cazibə qüvvəsilə oxucuların qəlbini ehtizaza gətirməsidir… Səmimiyyətlə dolu poeziyası barədə şair özü müasirlərinə müraciətlə yazıb:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa,

El kəsib qarşımı burdaca sordu,

Gözdən yaş çıxarmı ürək yanmasa?

Söz yox, ürəkdən yazdığındandır ki, ürəklərdə yaşayır/Müşfiq. Axı bu onun bir şair kimi ən böyük arzusu idi.

Hər kəs bilir həyatın sonu ölümdür,

Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şeirim! Bu gülünc oyun bəllidir yarın, bizi də bəklər,

Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər!

Müşfiq vətəndaş şair idi, cəsarətli idi, uzaqgörən idi. Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir. Hansı şeir nümunəsi Mikayıl Müşfiqin “Oxu, tar!” harayına çata bilər?!. Mikayıl Müşfiqin “Oxu tar” harayı qəlbində vətən sevgisi olan hər bir insanı riqqətə

gətirməyə qadirdir. Bu haray hər bir Azərbaycan gəncini mərdliyə, qəhrəmanlığa, döyüşə ruhlandırmağa, hətta Vətən sevgisinin nə olduğunu bilməyənlərə də anlatmağa qadirdir.

Oxu, tar, oxu, tar!

Səsindən ən lətif şeirlər dinləyim,

Oxu, tar, bir qadar,

Nəğməni su kimi alışan ruhuma çiləyim.

Oxu, tar!..

O dövrdə bu ruhda şeir yazmaq şairdən böyük cəsarət istəyirdi. Bu elə bir dövr idi ki, yenilik şüarı altında milli musiqi alətlərimiz gözdən salınırdı. Bu elə bir dövr idi ki, sazın sındırılması, tarın ortadan götürülməsi təklifləri irəli sürülürdü. Böyük istedada və ürəyə malik Mikayıl Müşfiq isə milli mədəniyyətə bütün varlığı ilə bağlı idi. Onun “Sındırılan saz” poeması və “Oxu tar” şeiri məhz milli musiqi alətlərini böyük cəsarətlə müdafiəyə qalxışan gözəl sənət incilərindəndir.

Gəncliyə bütün sahələrdə örnək ola biləcək Mikayıl Müşfiqin həyat yoluna qısaca bir nəzər salmaq yetər ki, bu əvəzsiz şəxsiyyətin vətənə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə necə bağlı olduğu təsdiqini tapsın.  M.Müşfiq vətənimizdən bəhs etdiyi “Ölkəm” şeirində o, sanki Azərbaycanı görmək istədiyi, arzuladığı kimi tərənnüm etmişdir. Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Elə bu da sonralar Müşfiqi ortadan götürmək üçün “qırmızı imperiyanın” əlinə bəhanə vermişdi. Müşfiqi “məhşər ayağına” çəkənlər ondan bu şeirlərin əvəzini çıxırdılar, hesab sorurdular. Onun yazdığı şeirlər isə yaz səhərində parlayan və heç vaxt sönməyəcək parlaq ulduz idi.

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,

Gördüm coşuyor dillər pək nəşəli səslərlə,

Baxdım doludur yarlar şən qəlbli kəslərlə,

Pək şad olaraq güldüm abad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

Baxdım ki, duman görməz yüksəkləri billuri,

İnsanları matəmsiz, istəkləri billuri,

Dağlar, ovalar, gülşən, hər bir yeri billuri,

Hər şey gülüyor gördüm, pək şad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə…

Vicdanları pək şəffaf, insanları nurani,

Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!

Qaplar yarın artıq sağ dünyaları ürfanı.

Hər yer güləcək, nura mötad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin “Yenə o bağ olaydı” şeirini ömründə bircə dəfə də olsa eşitməmiş olsun. M.Müşfiqin şeirlərini oxuyarkən adama elə gəlir ki, o yazdığı şeirlərdə gənclərin tərbiyəsi üçün bir konsepsiya tərtib edib. Onun vətən, ana, sevgili haqqında yazdığı şeirlərlə bəhrələnən, o şeirləri bütün varlığı ilə dərk edən gənclik yalnız yaxşı insan kimi formalaşa bilər. Sanki M.Müşfiqin bütün şeirləri insanın, gəncliyin mənəvi tərbiyəsi üçün yazılıb. Onun şeirlərində qadına yönəlmiş xüsusi diqqət, qadının bəşəriyyət üçün nə qədər uca varlıq olduğunun göstərilməsi hər bir gənc üçün örnəkdir. Bu şeirləri dərk edən oğullar vətəninə, anaya məhəbbəti öyrənməklə yanaşı, qadına hörməti də öyrənmiş olur. M.Müşfiqin şeirlərini dərk edən, onun vətənə, anaya, qadına, sevgiliyə həsr etdiyi şeirləri anlayan insan heç zaman cəmiyyətdə pis ad çıxara bilməz. Çünki bu mənəvi tərbiyə insana ən ülvi, ən romantik, ən müqqədəs hissləri duymağı öyrədir. Elə M.Müşfiqin şeirlərinin bütün nəsillər, xüsusən də gənclər tərəfindən sevilməsinin ən böyük səbəblərindən biri də yəqin ki, onun gəncliyin nəbzini tutabilməsi olub.

Vətənini dərin bir məhəbbətlə sevən Mikayıl Müşfiq onu hər zaman abad, müstəqil, azad görmək istəyirdi. Mikayıl Müşfiq Azərbaycanın istiqlalını arzulayan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlayan və bu münasibətlə gözəl şeirlərini yazıb, cümhuriyyəti təbliğ edirdi. Müşfiq “Ey Dan ulduzu” deyib ölkəsinin yeni baharını alqışlayırdı.

Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində.

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi,

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?

M.Müşfiqin yəqin ki, ən təsirli şeirlərindən biri onun “Ana” şeiridir. Bu şeirin hər bir misrasını oxuyarkən insan təəccübünü gizlədə bilmir. İki aylığında anasını itirən M.Müşfiq “Ana” şeirində onu elə vəsf edir ki, bəlkə də uzun ömür yaşayan və bütün həyatı boyu ana nəvazişi ilə böyüyən bir şair belə “ana” nı belə tərənnüm edə bilməz.

Ana dedim, yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!… Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var…

Şairin əsərlərində bir məqam da diqqət çəkir. Bu onun öncüllüyü, uzaq görənliyidir. Müşfiq 90 il öncə “Telefon” şeirində bu gün məişətimizə, həyatımıza daxil olan video telefonu, skaypı vəsf edib:

Əvət, böylə qalmaz yarın bu ölkə,

Telefonda fikrimi açarkən sənə

Həsrətlə baxdığım üzün də bəlkə

Uzaqdan-uzağa görünər mənə.

Cəmi 29 il ömür yaşayan, özündən sonrakı nəsillərə bəlkə də yaşlı bir qocanın belə ömrünə sığışmayacaq qədər romantic şeirlər irsi qoyan M.Müşfiqin daha bir şeiri isə gənclər üçün sevginin bütün formalarını ümumiləşdirdiyi “Sevgilər” şeiridir.

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,

Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Həqiqətən də hər bir ölkənin inkişafında ən böyük rollardan birini onun mənəviyyatı oynayır. Tanrıya şükürlər olsun ki, o mənəvi irsi bizə M.Müşfiq kimi şairlərimiz qoyublar. Gənclərin üzərinə düşən vəzifə isə bizə əmanət olunmuş mənəvi iris öyrənməkdən, ruhumuzu o mənəvi irslə tərbiyələndirməkdən ibarətdir. Hazırda dünya alimləri eksperimentlər aparıblar və sübut olunub ki, uşaqlıqdan mənəvi aclığı doydura bilən vətən, ana haqqında, ümumiyyətlə, sevgi ilə bağlı şeirləri oxuyaraq böyüyən uşaqlarla, adi uşaqlar arasında kəskin şəkildə fərq olur.

Belə ki, birincilər həyata daha yumşaq baxır, cinayət əməllərindən, dələduzluqdan, ədalətsizlikdən uzaq həyat yaşayırlar. Bu səbəbdən də M.Müşfiq kimi şairlərimizin şeirlərini nə qədər tez-tez oxusaq və uşaqlarımızı da körpəlikdən bu ruhda tərbiyə etsək, onların da, özümüzün də sağlam gələcəyini təmin etmiş olarıq.

Mikayıl Müşfiq Nizami, Nəsimi, Natəvan, Vaqif, Hadi, Cavid kimi görkəmli söz ustadlarından söz öyrənsə də, ən çox sevdiyi şair Füzuli və Sabir idi. Füzulidən sənətkarlıq sirlərini öyrənən şair onun adını şeirlərində tez-tez çəkmiş, dahi sənətkardan böyük məhəbbətlə bəhs etmişdir. “Teyflər keçidi” adlı poemasında Sabirin obrazını yaratmış, bundan başqa böyük Azərbaycan satirik şairinə ayrıca şeir də həsr etmişdir.  Mikayıl Müşfiq doğma klassiklərlə yanaşı türk və fars klassik şeirlərindən də faydalanmışdır. Dahi türk şairi Əbdülhəq Həmid başda olmaqla Tevfik Fikrət, Rza Tevfik, Yəhya Kamal, Orxan Seyfi, Faruq Hafiz, Nəcib Fazil kimi mütərəqqi ruhlu şairlərin yaradıcılığına hörmətlə yanaşırdı. Professor Əkrəm Cəfərə 1929-cu ildə yazdığı məktubunda XX əsr türk şairlərindən məhəbbətlə bəhs edir. Dahi fars şairi Firdovsinin “Şahnamə” dastanını və dünya şöhrətli Ömər Xəyyamın rübailərini yüksək sənətkarlıqla tərcümə etməsi Müşfiqin İran şairlərinə olan ehtiramını təsdiq edir. Xatirələrdən öyrənirik ki, Mikayıl Müşfiq fars dilini yaxşı bilirdi. Məhz buna görə də onun tərcümələri bu gün də öz bədii təravətini saxlamaqdadır. Ömər Xəyyamın rübailəri onun tərcüməsində daha gözəl, daha dəqiq, daha poetic səslənməlidir. Müşfiqin klassik Şərq poeziyası incilərinin böyük bir qismini hafizəsində yaşatması barədə də az yazılmamışdır.

Şairin müasirlərinin yazdığı xatirələrdən öyrənirik ki, o, Füzulinin, Vaqifin, Hamidin, Fikrətin, Hadinin, Cavidin onlarla şeirini əzbər söyləməklə zövq alırdı. Otuzuncu illərin vulqar sosiologizm nəzəriyyəsinə uyan gənc qələm sahibləri iləbarışmayan Müşfiq klassik irsə arxa çevirənlərə qarşı çıxırdı. 1932-ci ildə qələmə aldığı “Yeni il” başlıqlı silsilə şeirlərində Füzuliyə xor baxanlara üzünü tutub deyirdi:

Utanmazmı Füzulinin adını çəkən

özü bir heçkən..

… “Qızaran ulduzların şairi”

Hanı sənin dörd yüz sənə

dönə-dönə

Yaşayacaq dastanın?

Gəl çəkmə özünü yuxarı,

O düha qartalının qanadları

Bu gün belə çırpınır

Qaralan qaşlarda,

Dağlarda, daşlarda.

… Yazalım, özümüzü əyməyəlim

Füzuliyə “dəyməyəlim!”

Klassik şərq poeziyasına dərin məhəbbət bəsləyən şair Qərbi Avropa ədəbiyyatına da maraq göstərirdi. Onun şeirlərindədünyanın bütün xalqlarına böyük rəğbət, ədəbiyyatına da məhəbbət vardı. Dahi rus şairi A.S.Puşkinə bəslədiyi sevgi onu Bayronla maraqlandırmışdı. “Şair və vətəndaş” poemasındakı:

Bayron da sevmişdi bu təbiəti,

İldırım hiddəti, bulud riqqəti.

Onun da şeirində çaxdı, ağladı,

O da, bu şeylərə baxdı, ağladı.

Kimi misralar şairin Bayron sənətindən xəbərdar olduğuna sübutdur. Bunu da nəzərə almalıyıq ki, şairin yaşadığı dövrdə dahi ingilis şairinin əsərləri ana dilimizə hələ çevrilməmişdi. Deməli, Müşfiq Bayronun şeirlərini yalnız rus dilində oxuya bilərdi. Onun şeir şəkilləri Şərq və Qərb poeziyasının sintezindən doğmuşdur. Məhz belə bir geniş diapazona malik olmaq Müşfiqi novator şair səviyyəsinə gətirib çıxarmışdır.

Müşfiq yanğısı, Müşfiq fəryadı

Hamımızın sevə-sevə oxuduğu və dinlədiyi sətirlər müəllifi şair Mikayıl Müşfiq qısa ömrünə baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin iz qoyub. Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası “Səadət” məktəbində müəllimlik edib, şeirlər yazıb. 1931-ci ilin mayında Müşfiq Azərbaycan Dövlət Pedaqoji İnstitutun buraxılış gecəsində Dilbər adlı qızla tanış olur. Ona olan sevgisi şairi yeni lirik şeirlər yazmağa ruhlandırır. Gənclərin toyu 1933-cü ilin yayında olur. Müşfiqin çox sevdiyi Rəsul Rza və Nigar Rəfibəyli bir neçə gün sonra onları təbrik etməyə gəlir. O vaxt R.Rzanın xəyalına belə gəlməzdi ki, illər ötdükdən sonra bu gənc oğlanın xatirəsinə “Qızılgül olmayaydı” poemasını yazacaq. Hüseyn Cavid, Mirzə İbrahimov, Süleyman Rüstəm, Sabit Rəhman, İsrafil Nəzərov bu evin çox sevilən qonaqlarından olublar…

Boş vaxtlarında tar çalmağı sevən M.Müşfiq tarzən Qurban Pirimovla da dostluq edib. Bir dəfə Q.Pirimov onlarda olanda şair tara həsr etdiyi “Nə deməkdir” adlı şeirini oxuyub. Bundan təsirlənən tarzən “Yetim segahı” səsləndirib. Hamımızın sevdiyimiz “Oxu tar!” şeirini də Müşfiq həmin gün o melodiyanın sədaları altında yazıb. Bu o günlər idi ki, Azərbaycanda tarın qadağan edilməsi ilə bağlı fikirlər səsləndirilirdi…  M.Müşfiqin heyrətamiz hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında yazıb:

“…Müşfiq – poetik temperamenti sönməyən insandır, o, yeni poetik və təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz” poeması kimi incini yaradıb… O tələsirdi, taleyin ona az ömür payı verdiyi sanki ürəyinə dammışdı”.  30-cu illərin sonunda sanki ədəbi tənqid birbaşa Müşfiqə qarşı yönəlmişdi. Bu elə belə deyildi, çünki, dövrün böyük ədibləri Müşfiqə böyük dəyər verirdilər. Böyük Hüseyn Cavid əfəndi Müşfiqi “Gələcək şeirimizin tacidarı”, müasirləri isə onu dövrün Füzulisi adlandırırdılar. S.Vurğun isə deyirdi ki, məni yalnız Müşfiq keçəcək və s. Təbii ki, bədxahların bu fikirləri qısqanclıq yaratdığından şair yerli-yersiz tənqid atəşinə tutulurdu. Bu zaman onları dəf etmək üçün Müşfiq Stalin haqqında şeir yazır. Məzmununa poetik ruhuna, sənətkarlıq meyarlarına görə bu şeir o dövrdə Stalinə həsr olunmuş bütün əsərlərdən üstün hesab olunur.

Cahan dairəsi bir üzük kimi

Üstünün ən böyük gövhəri sənsən

Tarixin darısqal keçidlərində

Bəşərin xilaskar rəhbəri sənsən!..

Bir müddət bu şeirdən sonra Müşfiqə qarşı olan hücumlar, ədəbi tənqid səngidi. Lakin zaman şairin əleyhinə işləyirdi.  Saf qəlbli şair mətbuatda haqqında çıxan təhqir, böhtan dolu kəskin tənqidi məqalələrdən çox mütəəssir olurdu. Məhz bu qəbil məqalə və yazılar, çıxışlar Müşfiqin ölümünə hökm oxunmasına, onun qətlə yetirilməsinə rəvac vermişdir. Yazıçıların növbəti plenumunda M.Müşfiqə əksinqilabçı damğası vuruldu. O, əksinqilabi milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edildi. M.Müşfiqi 1937-ci il iyunun 4-də evində həbs etdilər. Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən Dilbərin yanına tələsdiyindən yaxınlıqda dayanan qara maşına fikir verməmişdi. Müşfiq mənzilinə daxil olduqdan sonra qapının zəngi çalındı… Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymadılar.

1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsinin hərbi səhra kollegiyasının 20 dəqiqəlik məhkəmə iclası M.Müşfiqin barəsində güllələnmə qərarı verdi. Hökm bir neçə saatdan sonra– yanvarın 6-na keçən gecə icra olundu. …Bədxahlar elə bildilər ki, Mikayıl Müşfiqi fiziki məhv etməklə onu xalqın yaddaşından, bütövlükdə Azərbaycan ədəbiyyatı tarixindən siləcəklər. Lakin… yanıldılar. Əksinə Müşfiq yaşadı, xalqın yaddaşında əbədilik qazandı. 29 yaşlı Müşfiq sanki 80-100 il ömür sürmüş bir ədib qədər ədəbi irsini bizə miras qoydu… Əslinə qalanda Müşfiq bu günü gözləyirdi, o dövrün ab-havasından bunu duymuşdu. Hətta şeirində bu haqda deyirdi:

Mən gəncəm, bilirəm istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim açılır, qara yel əsmə,

Mənim bu dünyada bir sandalım var.

 

Müşfiqli günlərim

Təkcə Müşfiq özü yox bütün ailəsi repressiyanın qurbanına çevrildi. Həyat yoldaşı Dilbər Axundzadə tək adamlıq kamerada ağır işgəncələrdən sonra əsəb sarsıntısı keçirdi, ruhi xəstəxanaya yerləşdirildi. Bacısı Böyükxanım onu aparmağa gələn NKVD işçilərindən bəhanə ilə aralanaraq mətbəxə keçib, üstünə ağ neft tökərək odlamış və həlak olmuşdur. Kiçik bacısı Balacaxanım isə istintaq zamanı müstəntiqin həqarətlərinə dözməyərək, masadaki su qrafinini onun başına çırpmış, həbs edilərək sürgün həyatı yaşamağa məhkum olunmuşdur. Bəraətdən sonra psixoloji durumda tək ömrünü başa vurmuşdur. Bu, bir ailənin faciəsi, repressiyanın günahsız qurbanları deyilmi?…

Deyirlər ki, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, onların həbsxanada son görüşündə Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: “Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb…”

Lakin bu təxminən 20 il keçəndən sonra baş verdi. Beləki, ölkə şəxsiyyətə pərəstişin dəhşətindən özünə gəldi və Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin işinə yenidən baxılması barədə müraciət etdilər. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadə bəraət qazandı.  Əlbəttə, repressiya tufanının apardığı yazıçı və şairlərdən heç kəs silahlı üsyan hazırlamamışdı. Lakin böyük həqiqət ondadır ki, onlar Azərbaycan Xalq Cümhuriyyətinin qısa dövründəazadlığın sevincini dadmışdılar və vətənin müstəqilliyini arzulayırdılar. Onların bu arzuları yarım əsrdən sonra həyata keçdi.

Qəlbdə ilk eşqin odu,

Sağa-sola boylandım.

Harda bülbül oxudu,

Mən onu Müşfiq sandım.

Ürək yandı həsrətlə,

Yandırdı dağı-daşı.

Qaynadı bulaq kimi

Axdı gözümün yaşı.

Baharım harda qaldı,

Ay mənim bahar baxtım.

Yadıma Müşfiq düşdü,

Bağda bülbülə baxdım.

Elə bildim o sənsən,

Döyünən ürəyimsən.

Ana Vətən qoynunda

Mehimsən, küləyimsən…

Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı 1968-ci ildə Bakıda nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə “Gənclik” nəşriyyatında işıq üzü görmüşdür. Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür-gün sirdaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin könül çırpıntılarıdır. “Müşfiqli günlərim” Dilbər Axundzadənin sağlığında bir neçə dəfə işıq üzü görmüşdür. Dilbər xanım bu kitabdan sonra müxtəlif dövrlərdə, məqalələr, xatirələr, şeirlər yazmışdır. Bu yazılar da bir növ “Müşfiqli günlərim”in davamıdır. Kitaba filologiya elmləri namizədi Cəlal Qasımovun “Dilbər Axundzadə nə üçün həbs edilmişdir?” məqaləsi və publisist Rafiq Rəhimlinin Dilbər xanımın vəfatının ildönümünə həsr etdiyi “Sən neyçün ağlarsan” essesi də daxil edilmişdir.

Kitabın ön sözünü yazan Dilbər Axundzadənin qızı Leyla Axundzadənin bu sözləri diqqəti cəlb edir: “ Mən onun Müşfiqli günlərini görməmişəm, ancaq Müşfiqsiz günlərinin çox şahidi olmuşam. Bunları yazmaq mənə nə qədər çətindirsə, deməmək, yazmamaq daha çətindir, bağışlanmazdır. Axı kim onun Müşfiqsiz günlərini mənim qədər yaxından seyr edib, yuxusuz gecələrinin, narahat gündüzlərinin, Müşfiqsiz həyatının şahidi olub? Müşfiqsizmi dedim? Bağışla, ana, bağışla! Sən heç

Müşfiqsiz oldunmu, ana!?”

Dibər xanımın xatirələrindən:

Müşfiq elə nadir istedad idi ki, yeddi il müddətində mən onu dərk edə bilməzdim. Onun coşqun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi. Mən Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəslikimi xatırlayıram. Hər il bahar fəsli gələndə, quşlar səs-səsə verib oxuyandan mən onu baharın qoynunda axtarıram.

Sanıram bülbülün cəh-cəhi səsindi,

Güllərin ətri də xoş nəfəsindi.

O coşqun ürəyin, de, Xəzərimmi,

Yoxsa şeirə olan ilk həvəsindi?!

… Bir gün Dağüstü parka gəzməyə çıxdıq. İşıqlar qoynunda üzən Bakı güzgü önündə dayanıb camalına tamaşa edən gözələ bənzəyirdi.

– Dilbər, görürsən Bakı axşamları nə füsunkar olur?! Bu gözəlliyi, onun hüsnünü vəsf etmək şairdən hünər istəyir. O,insan qəlbini eşqlə, hərarətlə doldurur, ürəyini vəcdə gətirir.

İstər-istəməz sən bu gözəlliyə şeir deməli olursan. Qulaq as!

Sevgilim, həyata məhəbbətlə bax!

Bu sulu, torpaqlı dünya gözəldir.

Yer gözəl, göy gözəl, təbiət gözəl,

Asiman gözəldir, dərya gözəldir.

Fəqət sənin eşqin, mənim xəyalım

Bunların hamsından daha gözəldir.

– Ay Müşfiq, elə bil şeiri qabaqcadan yazıbsanmış, nə rəvan

şeirdir.

 

Mikayıl Müşfiq həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verən əsl şairdir. O, ahəngini Azərbaycanın dahi şairlərinin ahəngindən götürmüş bir şairdir. O, həyata, həyat həqiqətlərinə inanar, vətəni, insanları, təbiəti sevərdi. Şeirə, sənətə dərya böyüklüyündə məhəbbəti vardı. Hərəkətlərində, oturuşunda, duruşunda, şair narahatlığı, şair çılğınlığı yaşayırdı. Ürəkdən yanmadığı, duymadığı heç nəyi qələmə almazdı. Özünün dediyi kimi, yaratdığı şeiri sevərək yaradırdı. Müşfiq deyəndə gözümüzün önündə çoşqun təbiətli, cavan və əzəmətli bir şair canlanır. O, Azərbaycan poeziyasının əbədi gənc şairidir.

Müşfiqin səmimi, dərin orijinal poeziyası mövzuca rəngarəng, məzmunca dolğundur. Zəmanəsi üçün səciyyəvi olan problemlər bu poeziyada öz bədii inikasını tapmışdır. M.Müşfiq özünə qarşı tələbkar olan sənətkarlarımızdan olmuşdur.

“Neynəyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim”. Bu sual həmişə onu düşündürmüş, poetik formalar sahəsində yeni-yeni kəşflər etməyə sövq vermişdir.

Müşfiqin şeirləri musiqili, ahəngdar, rəngarəng, ölçülü, tutarlı, oynaq qafiyəlidir. Hələ axıcılıq. Müşfiqanə axıcılıq. Müşfiq şairlərimiz içərisində dil zənginliyi etibarilə ən irəlidə gedənlərdəndir. Bəli, sözə hakim, sözü məharətlə yerində işlətməyi bacaran obrazlı dilə malik şairin poeziyası həmişə müasirdir. Oxucuların bədii zövqlərinin inkişafında fəal rol oynayır, qəlbləri oxşayır. Ruhlara bir sərinlik gətirir.

M.Müşfiq poeziyası sözün həqiqi mənasında xəlqi poeziyadır. Xalq ruhunun, xalq mənəviyyatının poetic misralarda həmişə inikasına çalışan Müşfiq “Tərtərhes nəğmələri” ndə xalqa, torpağa bağlılıq haqqında heç də təsadüfi yazmamışdı:

Həqiqəti görməyənin,

Elə könül verməyənin

Batsın adı-sanı, şair!

Elə könül verən şair oğlunu xalq öz könlündə yaşadır, əbədiyyətə aparır. Mikayıl Müşfiq həm də bir şəxsiyyət kimi iz qoyub. O, ilk növbədə vətənini, xalqını, millətini, el-obasını, soykökünü sevən, ona bağlı olan bir vətəndaş-şair olub. O, təpədən dırnağa türkçü idi. Çünki onun damarlarında türk qanıaxırdı. O, İslam dininə könüldən bağlı idi, dərin etiqadı, sevgisi vardı. Allah sevdalısı idi. Müşfiq həm də bir qəhrəmanlıq, kişilik mücəssiməsi idi. Bütün amansız, misli görünməmiş əzab-əziyyət, işgəncələrə, psixoloji təsirlərə rəğmən öz ustadı, müəllimi olan Hüseyn Cavidə, Əhməd Cavada dönük çıxmadı, onları satmadı. Bu da Müşfiqin böyüklüyünün bariz nümunəsidir deyilmi?

Mikayıl Müşfiq elə əsərlərə imza atıb ki, onlardan həmişə müdrik ifadə kimi istifadə edirik. Gəlin oxucuların ifasında həmin müdrik ifadələrdən bir neçəsini dinləyək.

Oxucular səhnəyə yaxınlaşır.

Sevgim mübarizə, sevgilim həyat.

***

Bəxtiyardır o şair ki, rübabında mühitinin mahnısını çağırır,

sonra bütün gur səsilə gələcəyə hayqırır.

***

Ah nə böyük şərəfdir sənətkar olmaq! Nə xoşdur bir his kimi

qəlblərə girmək səssiz, sorğusuz, Bütün fənalıqları yıxıb

devirmək qara-qorxusuz.

***

Ey şeir yazmaqla keçən günlərim, Siz ki, ən vəfalı günlərimsiniz!

Mən şirin nəğməli bir bülbüləm ki…

Bu gün Müşfiqin şeirlərinə musiqi yozumu verilir. Sənətkarlar onun yaradıcılığına dönə-dönə müraciət edirlər. Korifey ifaçılardan tutmuş gənc istedadlara qədər Mikayıl Müşfiqdən oxumağı özlərinə şərəf sayırlar. Unudulmaz Şövkət Ələkbərovanın həzin səslə ifa etdiyi “Oxu tar, oxu tar”, Zeynəb Xanlarovanın məlahətlə oxuduğu “Qal sənə qurban”, “Sənin gülüşlərin”, Nəzakət Məmmədovanın can verdiyi “Maralım”, Eyyub Yaqubovun təqdim etdiyi “Ana” mahnıları dinləyici alqışını, rəgbətini qazanmış sənət inciləridir.

Düşünəndə ki, Mikayıl Müşfiq cəmi 29 il yaşayıb heyrətlənməyə, dəhşətə gəlməyə bilmirsən. Belə qısa ömürdə bu qədər mükəmməl yaradıcılığa nail olmaq ancaq istedadın sayəsində mümkün idi. Bir də təqdiqatçılar haqlı olaraq söyləyirlər ki, Mikayıl Müşfiqin qəlbində həmişə səksəkə varmış. Əgər belə olmasaydı, o, 1935-ci ildə “Necə əl çəkim” şeirini nədən yazırdı. Müşfiq sanki sövqi-təbii duyurmuş ki, onu açılan yelkənini bağlayacaq qara yellər tezliklə əsəcək.

Məlum 37-ci il… Şəxsiyyətə pərəstişin qurbanları: Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn… Tufana düşdülər, ürəyimizdə hər an sızıldayan yara açdılar. Onların içində Müşfiq ən cavanı idi.

Şairin faciəli ölümünü səs-küysüz qarşılamağa məcbur olan qələm dostlarından şairə Nigar Rəfibəyli təəssüf hissi ilə deyirdi: Dostumuz, qardaşımız Müşfiqin faciəli ölümü qəlblərimizdə faciəli iz açdı. Bu yaranın ağrısını səssiz keçirmək lazım idi. Ona bərkdən belə ağlamaq olmazdı”.  Müşfiqi tez susdurdular. Fəqət o unudulası biri deyil. O həmişə yaşıl rəngdə ümidlər verən sevgi ümmanıdır. Sevgi isə unudulmur, lal olsa belə… O, doğma Azərbaycanımızı hürr, müstəqil, azad görmək arzusundaydı. Bu arzu, istəklər çin oldu, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.

29 il qısa, lakin son dərəcə şərəfli, mənali, parlaqömür sürən özü demişkən xalqı ilə titrəyən, xalq ilə gülən, vətən üçün yaşayan, vətən üçün ölən Mikayıl Müşfiq XX əsr Azərbaycan ədəbiyyatının klassikinə çevrilib, müasir Azərbaycan poeziyasının banilərindən oldu. Adətən, Nizami,Füzuli, Nəsimi dedikdə gözlərimiz önündə yaşlı bir nuranı kişi obrazı canlanır. Lakin bu gün 110 yaşlı Mikayıl Müşfiq gözlərimiz önündə elə 29 yaşlı yaraşıqlı, gözəl simada canlanır,  xatirələrə köçür.  Mikayıl Müşfiqə daima xalq məhəbbəti, dövlət qayğısı vardır. Xalq onu hər zaman ehtiramla yad edir, hər il Bakıda və

Xızıda büstü önündə tədbirlər keçirdilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şairin 100 illik yubileyi respublikada təntənəli şəkildə qeyd olunub.

Bir zaman dahi dramaturq Cəfər Cabbarlının ölümünə həsr etdiyi şeirində söylədiyi fikriləri bu gün Müşfiqin özünə aid etmək olar.

… Fəqət ölən deyil onun sənəti,

Bağlamış adına əbədiyyəti.

Fikirlərimizi Mikayıl Müşfiqin 1931-ci il yanvarın 27-də qələmə aldığı bu sətirlərlə bitirmək istərdik: “İnsanın ömrü birçiçəyin ömründən daha qısadı. Çiçək solur və tökülürsə, bu gün gülən, sevilən və sevdiyinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmək ehtimalı yox! Lakin bu heç də qorxulacaq bir şey deyildir. Həyatda əbədi və daimi yaşamaq hər kəsin öz əlindədir. Cəmiyyət həyatı əbədi və ölməzdir. O, dalğalanan, daşan və inkişaf edən bir seldir ki, getdikcə yeni dalğalar əskilərini basaraq köpüklənir. Bu sel ölümsüz və sonsuzdur. Bu selin ağuşuna atılanlar və öz xüsusi həyatlarını cəmiyyət həyatına fəda edənlər üçün həyat əbədi və daimidir”. Böyük məna və fəlsəfi fikir var bu sətirlərdə deyilmi? Sanki qulağıma Müşfiqin öz səsində bir səs gəldi:

Gəlmiş hüzuruna bir qara dağlı,

Bir qara qulundur, qolları bağlı,

Gəl, çəkmə könlümə sən hicran dağı,

Gümüş topuğunda xal, sənə qurban.

AYNUR TURAN 


Gundelik.az