Valideynlər uşaqlarına qayda qoymaqda çətinlik çəkdiklərini tez-tez deyirlər. Lakin mütəxəssislər bildirirlər ki, düzgün, ədalətli və ardıcıl müəyyən edilən qaydalar uşaqların özlərini daha təhlükəsiz hiss etməsinə və sağlam inkişafına kömək edir.
Qaydalar və sərhədlər uşaqlar üçün həyatın daha proqnozlaşdırıla bilən olmasını təmin edir. Gündəlik rejimin və aydın sərhədlərin olması qeyri-müəyyənlikdən yaranan narahatlığı azaldır, uşağın dünyanı daha rahat kəşf etməsinə imkan verir.
TRT Çocuk-un psixoloji məsləhətçisi Esra Erə görə, qaydalar sadə, aydın və yaşa uyğun olmalıdır. Uşağa qaydanın səbəbi izah edildikdə, o, həmin qaydaya daha həvəslə əməl edir. Məsələn, “Otağını dağıtma” əvəzinə “Otağını səliqəli saxla” demək daha müsbət nəticə verir.
Ardıcıllıq vacibdir
Qaydaya əməl edilmədikdə hansı nəticənin yaranacağı əvvəlcədən uşağa izah edilməlidir. Ana və atanın eyni qaydaları tətbiq etməsi də vacibdir. Qaydaların bir gün tətbiq olunub, digər gün gözardı edilməsi uşağın çaşqınlığına və sərhədləri sınamasına səbəb olur.
Bununla yanaşı, ardıcıl olmaq sərt olmaq demək deyil. Xüsusi vəziyyətlərdə qaydalara istisnalar edilməlidir. Məsələn, uşaq xəstədirsə, otağını toplamasını tələb etməmək və ya evə qonaq gəldikdə daha gec yatmasına icazə vermək mümkündür. Əsas məsələ bu istisnanın səbəbini uşağa izah etməkdir.
Valideyn nümunə olmalıdır
Uşaqlar yalnız deyilənləri deyil, gördüklərini də öyrənirlər. Valideyn özü qaydalara əməl etmirsə, uşağın həmin qaydaya riayət etməsi çətinləşir. Buna görə də valideynlər davranışları ilə uşağa nümunə olmalı, uşaq məsuliyyətini yerinə yetirdikdə isə onu təqdir etməlidirlər.
Mütəxəssisə görə, tutarsız qaydalar uşaqlarda narahatlıq, çaşqınlıq, özünənəzarətin zəifləməsi və uzunmüddətli davranış problemlərinə səbəb olur. Buna görə uşaqlar üçün qaydaların çoxluğu deyil, onların aydın, ədalətli və ardıcıl olması daha önəmlidir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

