Yay aylarında temperaturun yüksəlməsi mədə-bağırsaq infeksiyalarının, xüsusilə də ishal hallarının artmasına səbəb olur. İsti hava bakteriyaların daha sürətlə çoxalmasına şərait yaradır. Açıqda satılan qidalar, düzgün yuyulmamış meyvə-tərəvəz, yaxşı bişirilməmiş məhsullar və təhlükəsiz olmayan su infeksiya riskini artırır.
İnfeksiyalar zamanı ishal, qarın ağrısı, ürəkbulanma və qusma müşahidə olunur. İshalın əsas təhlükəsi isə orqanizmdə maye və elektrolit itkisinə səbəb olmasıdır. Bu vəziyyət xüsusilə uşaqlar və yaşlılar üçün ciddi risk yaradır.
Hansı hallarda həkimə müraciət edilməlidir?
İshal 1-2 gündən çox davam edərsə, hərarət, və ya gün ərzində 6 dəfədən çox defekasiya baş verərsə, həkimə müraciət etmək lazımdır. 5 yaşdan kiçik uşaqlarda və yaşlılarda maye itkisi daha sürətli baş verdiyindən tibbi yardım gecikdirilməməlidir.
İnfeksiyalardan necə qorunmaq olar?
Əlləri tez-tez və düzgün şəkildə yumaq;
Meyvə və tərəvəzləri yaxşıca yumaq;
Yalnız təhlükəsiz mənbələrdən əldə edilən sudan istifadə etmək;
İçkilərdə istifadə olunan buzun da təhlükəsizliyinə diqqət etmək;
Soyuq zənciri pozulmuş qidaları qəbul etməmək;
Açıqda və isti havada uzun müddət saxlanılan qidalardan uzaq durmaq;
Kremli tortlar, mayonezli salatlar, dondurma, dəniz məhsulları, bişmiş ət və toyuq kimi tez xarab olan qidalara xüsusilə diqqət etmək;
Çiy ətlə təmas edən doğrama taxtası və digər mətbəx avadanlıqlarını yaxşı yumaq;
Bişmiş yeməkləri uzun müddət açıqda saxlamamaq, dərhal soyuducuya yerləşdirmək.
Hovuz və dənizdən sonra duş qəbul etmək, həmçinin suyu udmamaq da bəzi infeksiyalardan qorunmağa kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

