Gundelik.az Mədəniyyət və cəmiyyət Maqnezium çatışmazlığı xroniki xəstəliklərə zəmin yaradır
Mədəniyyət və cəmiyyət Xəbərlər

Maqnezium çatışmazlığı xroniki xəstəliklərə zəmin yaradır

Maqnezium orqanizmdə enerji istehsalı, zülal sintezi, qan şəkərinin və təzyiqin tənzimlənməsi, sümük, ürək, əzələ və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır. Araşdırmalar maqnezium səviyyəsinin aşağı olmasının Alzheimer, Parkinson, diabet, mədə-bağırsaq xəstəlikləri və bəzi xərçəng növləri də daxil olmaqla xroniki xəstəliklərə meyli artıra biləcəyini göstərir.

Mütəxəssislərin sözlərinə görə, maqnezium çatışmazlığının əsas əlamətləri halsızlıq, iştahasızlıq, əzələ zəifliyi, xüsusilə ayaqlarda qıcolmalar, bədəndə keyimə, qarışqa gəzməsi və titrəmədir. Çatışmazlıq ağırlaşdıqda şəxsiyyət dəyişiklikləri, qıcolma tutmaları və ürək ritminin pozulması da yaranır.

Maqnezium niyə azalır?

Sağlam və düzgün qidalanan insanlarda maqnezium çatışmazlığı nadir hallarda görülür. Əsas səbəblər arasında qeyri-kafi qidalanma, bağırsaqlarda sorulma pozğunluğu, xroniki ishal, uzunmüddətli qusma, yüksək miqdarda alkoqol qəbulu və bəzi dərmanların istifadəsi var.

Mədə turşusunu azaldan proton pompası inhibitorlarının uzunmüddətli istifadəsi də maqnezium itkisinə səbəb olur. Diabet xəstələri və yaşlı insanlar da maqnezium çatışmazlığı baxımından risk qrupundadır.

Maqneziumu necə artırmaq olar?

Maqnezium yaşıl yarpaqlı tərəvəzlər, taxıllar, paxlalılar, qoz-fındıq, lifli qidalar, içməli və mineral sularda bol olur.

Məsələn:

30 qram balqabaq tumunda – 150 mq

Yarım boşqab bişmiş ispanaqda – 80 mq

30 qram badamda – 80 mq

1 orta ölçülü bananda – 30 mq

250 qram yoqurtda – 42 mq

1 stəkan süddə – 25 mq maqnezium var.

Yüngül və simptomsuz çatışmazlıq zamanı maqneziumla zəngin qidaların qəbulu kifayət edir. Daha ciddi hallarda isə həkim nəzarəti ilə maqnezium preparatlarından istifadə edilir. Ağır çatışmazlıq zamanı venadaxili müalicə tətbiq olunur.

Böyrək çatışmazlığı olan şəxslər isə maqnezium preparatlarını mütləq həkim nəzarəti altında qəbul etməlidirlər. Belə hallarda maqneziumun orqanizmdən xaric olması azalaraq qanda təhlükəli səviyyəyə yüksəlir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version