Gundelik.az Dünya Samsunq bir ilkə imza atdı
Dünya Xəbərlər

Samsunq bir ilkə imza atdı

Samsunq Cənubi Koreyanın Çunq-Anq Universitetinin Qvanqmyeonq Xəstəxanası ilə birgə apardığı klinik tədqiqatın nəticələrini açıqlayıb. Araşdırma göstərib ki, Galaxy Watch 6 ağıllı saatından əldə edilən bioloji siqnallar vasitəsilə bayılma hallarını yüksək dəqiqliklə əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Bu nəticə gələcəkdə real vaxt rejimində xəbərdarlıq sistemlərinin yaradılmasına yol açır.

Tədqiqatın əsas mövzusu vazovagal sinkop (VVS) adlanan vəziyyət olub. Bu hal adətən güclü stress və ya digər amillər nəticəsində ürək döyüntüsünün və qan təzyiqinin qəfil azalması səbəbindən yaranan müvəqqəti huş itirməsi ilə xarakterizə olunur. Bayılmanın özü çox vaxt həyati təhlükə yaratmasa da, qəfil yıxılma nəticəsində sınıqlar, beyin silkələnməsi və digər ciddi xəsarətlər baş verir. Buna görə də riskin əvvəlcədən müəyyən edilməsi böyük əhəmiyyət daşıyır.

Çunq-Anq Universitetinin Qvanqmyeonq Xəstəxanasının kardiologiya şöbəsinin professoru Junhvan Ço bildirib ki, insanların təxminən 40 faizi həyatları boyunca ən azı bir dəfə vazovagal sinkop keçirir və onların üçdə birində bu hallar təkrarlanır.

Onun sözlərinə görə, erkən xəbərdarlıq xəstələrə təhlükəsiz yerə keçmək və ya yardım çağırmaq üçün vaxt qazandırır ki, bu da sonradan yarana biləcək xəsarətlərin sayını əhəmiyyətli dərəcədə azaldır.

Professor Çonun rəhbərlik etdiyi tədqiqat qrupu bayılma əlamətləri müşahidə olunan 132 xəstə üzərində sınaqlar aparıb. Fotopletizmoqrafiya (PPG) sensoru ilə təchiz olunmuş Galaxy Watch vasitəsilə toplanan ürək ritmi dəyişkənliyi (HRV) göstəriciləri süni intellekt alqoritmi ilə təhlil edilib.

Hazırlanan model yaxınlaşan bayılma hallarını 5 dəqiqə əvvəldən müəyyən etməyə nail olub. Sistem:

84,6 faiz ümumi dəqiqlik,

90 faiz həssaslıq,

64 faiz spesifiklik göstəricisi əldə edib.

Səhiyyədə “profilaktik qayğı” dövrü

Samsunq Electronics şirkətinin Mobil Təcrübə Bölməsinin Sağlamlıq üzrə Tədqiqat və İnkişaf Qrupunun rəhbəri Conqmin Çoi bildirib ki, bu araşdırma geyilə bilən texnologiyaların səhiyyə xidmətlərini xəstəlik baş verdikdən sonra müdaxilə modelindən, xəstəliyin qarşısını almağa yönəlmiş profilaktik qayğı modelinə necə keçirə biləcəyini göstərir.

O vurğulayıb ki, Samsunq istifadəçilərin daha sağlam həyat sürməsinə kömək edən texnoloji yeniliklər hazırlamaqda qərarlıdır.

Araşdırmanın nəticələri dünyanın nüfuzlu tibbi nəşrlərindən biri olan European Heart Journal – Digital Health jurnalının 7-ci cildinin 4-cü sayında dərc olunub.

Bu tədqiqat Samsunq üçün də bir ilk hesab olunur. Şirkət ilk dəfə ağıllı saat vasitəsilə bayılma hallarının əvvəlcədən proqnozlaşdırılmasının mümkün olduğunu elmi şəkildə nümayiş etdirib.

Samsunq gələcəkdə geyilə bilən cihazlarının sağlamlıq izləmə imkanlarını daha da genişləndirməyi, aparıcı tibb müəssisələri ilə əməkdaşlığı artırmağı və fərdiləşdirilmiş profilaktik sağlamlıq həllərinin tətbiqini sürətləndirməyi planlaşdırır. Şirkətin məqsədi rəqəmsal səhiyyə sahəsində lider mövqeyini daha da möhkəmləndirməkdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version