Gundelik.az Dünya Gözdən qaçan çatışmazlıq orqanizmdə zəncirvari problemlər yaradır – Əgər infeksiyalar artıbsa, səbəb bu ola bilər
Dünya Xəbərlər

Gözdən qaçan çatışmazlıq orqanizmdə zəncirvari problemlər yaradır – Əgər infeksiyalar artıbsa, səbəb bu ola bilər

D vitamini çatışmazlığı xüsusilə uşaqlarda immun sistemini zəiflədərək müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Baş dərisində qabıqlanma, diş çürükləri və daimi yorğunluq ən çox rast gəlinən əlamətlər sırasındadır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlərə laqeyd yanaşmaq olmaz.

Uşaqlıq dövründə sümük və immun sistemi sürətlə inkişaf edir. D vitamini isə bu prosesin ən vacib elementlərindən biri hesab olunur. Orqanizmdə bu vitaminin çatışmazlığı yarandıqda bədən müxtəlif siqnallar verməyə başlayır. İlk baxışda sadə görünən bu əlamətlər uzun müddət davam etdikdə daha ciddi sağlamlıq problemlərinə yol açır.

D vitamini niyə vacibdir?

D vitamini:

Sümüklərin inkişafında,

Əzələ və sinir sisteminin fəaliyyətində,

İmmunitetin gücləndirilməsində mühüm rol oynayır.

Bu vitamin günəş şüaları və bəzi qidalar vasitəsilə əldə edilir. Yağlı balıqlar, yumurta sarısı, süd məhsulları və yaşıl tərəvəzlər D vitamini baxımından zəngin qidalardır. Bununla belə, ən güclü mənbə günəş işığı hesab olunur.

Mütəxəssislərin fikrincə, uşaqların gündə orta hesabla 20–30 dəqiqə nəzarətli şəkildə günəş şüası qəbul etməsi böyük fayda verir.

Çatışmazlığın əlamətləri

Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Özgül Özbək D vitamini çatışmazlığının ən çox rast gəlinən əlamətlərini belə sıralayır:

Baş dərisində qabıqlanma

Yaraların gec sağalması

Diş çürükləri

Həddindən artıq tərləmə

Halsızlıq və enerji çatışmazlığı

Davamlı yorğunluq

Tez-tez infeksiyalara yoluxma

Təkrarlanan ishal halları

Uzunmüddətli çatışmazlıq nə ilə nəticələnə bilər?

D vitamini çatışmazlığı uzun müddət davam etdikdə uşaqlarda raxit xəstəliyi yaranır. Bu xəstəlik:

Ayaqlarda əyrilik,

Biləklərdə qalınlaşma,

Boy artımında geriləmə,

Döş qəfəsində forma pozğunluğu,

Sümük quruluşunda ciddi dəyişikliklərlə müşayiət olunur.

Mütəxəssislər qeyd edirlər ki, bəzi genetik xəstəliklər də oxşar əlamətlər yarada bildiyi üçün düzgün diaqnoz üçün həkim müayinəsi vacibdir.

D vitamini əlavələrindən ehtiyatla istifadə edilməlidir

D vitamini çatışmazlığının aradan qaldırılmasında düzgün qidalanma mühüm rol oynasa da, bəzi uşaqlarda vitamin əlavələrinin istifadəsi zəruridir. Lakin bu əlavələr yalnız həkim məsləhəti və nəzarəti ilə qəbul edilməlidir.

Çünki normadan artıq D vitamini qəbul edilməsi qanda kalsiumun səviyyəsini yüksəldə və orqanizmdə təhlükəli nəticələrə səbəb olur. Bu zaman yumşaq toxumalarda və daxili orqanlarda kalsium toplanması baş verir.

Nəticədə:

Böyrək daşı,

Ürək ritm pozğunluğu,

Böyrək çatışmazlığı,

Ürək çatışmazlığı kimi ciddi problemlər yaranır.

Mütəxəssislərin tövsiyəsi

Həkimlər vurğulayırlar ki, D vitamini hər kəs üçün eyni qaydada qəbul edilməməlidir. Müalicə və əlavələrin dozası fərdi şəkildə müəyyənləşdirilməli, mütəmadi tibbi nəzarət altında aparılmalıdır. Düzgün istifadə olunduqda D vitamini uşaqların sağlam inkişafı və güclü immuniteti üçün böyük əhəmiyyət daşıyır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version