İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sakit uşaqlar: utancaqlıq, yoxsa sosial narahatlıq?

Məktəblərdə sakit olan uşaqlar çox vaxt sadəcə “utancaq” kimi qəbul edilir. Lakin bu susqunluq bəzən sadəcə xarakter xüsusiyyəti deyil, sosial narahatlığın incə bir əlaməti ola bilər. Mütəxəssislər bildirirlər ki, uşaqların qapalı davranışları çox vaxt özünə inamsızlıqdan və ya ailədaxili ünsiyyət problemlərindən qaynaqlanır.

Sincan Təhsil və Araşdırma Xəstəxanasının psixiatriya mütəxəssisi Dr. Ümran Gül Ayvalık Baydur qeyd edib ki, sakitlik və utancaqlıq hər zaman xarakterlə izah oluna bilməz. Onun sözlərinə görə, bəzi uşaqlar başqaları tərəfindən mənfi qiymətləndirilməkdən qorxaraq ictimai yerlərdə danışmaqdan və ya fəaliyyətlərdə iştirak etməkdən çəkinirlər: “Sosial narahatlığı olan uşaqlar səhv etməkdən və ya başqalarının qarşısında alçaldılmaqdan güclü qorxu yaşayırlar. Bu hal həm akademik uğura, həm də özünə inama mənfi təsir göstərir”. – deyə Baydur vurğulayıb.

Utancaqlıqla sosial narahatlıq arasındakı fərq

Mütəxəssis bildirir ki, bu iki vəziyyət arasındakı fərqi simptomların şiddəti, müddəti və uşağın gündəlik funksionallığına təsiri ilə ayırd etmək mümkündür.

  • Utancaqlıq çox vaxt keçici olur və uşaq zamanla ətrafına uyğunlaşır.

  • Sosial narahatlıq pozğunluğu isə daha dərin və uzunmüddətli təsir göstərir, uşağın həyat keyfiyyətini aşağı salır.

Əgər sosial qaçınma davranışları altı ay və ya daha uzun müddət davam edirsə, peşəkar psixoloji dəstəyə ehtiyac ola bilər.

Sosial narahatlığın əlamətləri

Sosial narahatlıq yaşayan uşaqlarda adətən aşağıdakı simptomlar müşahidə olunur:

  • Sosial vəziyyətlərdən qaçmaq

  • Müəllim və ya digər şəxslərlə danışmaqda çətinlik

  • Təqdimatlar, şənliklər və tədbirlər zamanı aktiv iştirakdan çəkinmək

  • Mədə bulanması, qızarma, tərləmə, ürək döyüntüsü kimi fiziki reaksiyalar

  • “Səhv desəm, utanacağam” düşüncəsi ilə danışmaqdan imtina

Baydurun sözlərinə görə, bu əlamətləri “sadəcə sakitlik” kimi qəbul edib gözardı etmək düzgün deyil.

Dəstəkləyici yanaşma ən güclü müalicədir

Mütəxəssis qeyd edir ki, sakit uşaqlara yaxınlaşarkən təzyiq, müqayisə və ya aşağılayıcı ifadələrdən çəkinmək lazımdır. “Niyə danışmırsan?” kimi suallar və ya digər uşaqlarla müqayisə narahatlığı daha da dərinləşdirə bilər.

Bunun əvəzində qəbuledici və anlayışlı yanaşma daha faydalıdır. Məsələn: “Mübarizə aparırsan, amma bu normaldır” kimi sözlər uşağın özünü daha rahat hiss etməsinə kömək edir”.

Valideyn və müəllimlərin vəzifəsi uşaqların özlərini təhlükəsiz hiss etdiyi sosial mühitlər yaratmaqdır. Danışmaqda çətinlik çəkən uşaqlar üçün yazı, rəsm və oyun kimi alternativ ünsiyyət üsulları faydalı ola bilər. Kiçik sosial addımların şifahi təriflənməsi isə uşağın cəsarətini artırır.

Ailədaxili ünsiyyətin rolu

Dr. Baydur ailədaxili ünsiyyətin uşaqların sosial bacarıqlarının inkişafında mühüm rol oynadığını vurğulayır. Təhlükəsiz bağlılığın zəif olduğu və ya həddən artıq təzyiqin hökm sürdüyü ailələrdə böyüyən uşaqlarda sosial narahatlıq riski yüksəlir.

Daim tənqid edilən və valideynin gözləntilərinə cavab verə bilməməkdən qorxan uşaq sosial mühitdə də bu narahatlığı daşıyır. Dəstəkləyici ünsiyyət isə uşağın özünə inamını möhkəmləndirir. Yaşına uyğun vəzifələrin verilməsi də “uğur hissini” artıraraq sosial cəsarəti gücləndirir.

Rəqəmsal əsrdə sosial vacarıqlar

Mütəxəssis qeyd edir ki, bu gün uşaqlar üz-üzə ünsiyyətdən daha çox ekran vasitəsilə qarşılıqlı əlaqəyə üstünlük verirlər. Bu vəziyyət utancaq uşaqlar üçün əvvəlcə təhlükəsiz bir sığınacaq kimi görünsə də, uzunmüddətli dövrdə üz-üzə ünsiyyət bacarıqlarını zəiflədə bilər.

Araşdırmalar göstərir ki, həddindən artıq ekran vaxtı ilə tənhalıq, aşağı özgüvənnarahatlıq səviyyəsi arasında güclü əlaqə mövcuddur. Buna görə də, uşaqlara üz-üzə sosial təcrübə imkanları yaratmaq və ekran istifadəsini tarazlaşdırmaq vacibdir.

Son söz: Səssizliyi eşitmək

Dr. Ümran Gül Ayvalık Baydur valideyn və müəllimlərə xatırladır ki, uşaqların susqunluğunu sadəcə xarakter xüsusiyyəti kimi deyil, bəzən kömək çağırışı kimi də dəyərləndirmək lazımdır:“Hər susqunluq sakitlik demək deyil. Bəzən uşaq söz əvəzinə susaraq danışır. Ən vacibi bu susqunluğun dilini başa düşməkdir”.

Sakit uşaqların vəziyyətinə sadəcə “utancaqlıq” kimi yanaşmaq doğru deyil. Erkən müşahidə və dəstəkləyici münasibət sosial narahatlığın qarşısını almaqda böyük rol oynayır.

Gundelik.az