Avqust 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlam qocalmanın yeni şifrəsi: Zülalın miqdarı qədər tərkibi də önəmlidir

Yeni bir araşdırma uzun və sağlam həyat üçün yalnız nə qədər zülal qəbul edilməsinin deyil, zülalın hansı amin turşularından təşkil olunmasının da əhəmiyyətli ola biləcəyini ortaya qoyub. Araşdırmada xüsusilə metionin adlı əvəzolunmaz amin turşusunun balanslı qəbuluna diqqət çəkilib. Nəticələr bitki mənşəli qidaların üstünlük təşkil etdiyi Aralıq dənizi tipli qidalanmanın metabolik sağlamlıq və sağlam qocalma baxımından mühüm üstünlüklər təmin edə biləcəyinə işarə edir.

Uzun ömrün sirri yalnız az yemək və ya ideal çəkini qorumaq deyil. Alimlər artıq boşqabımızdakı zülalın miqdarından daha çox, onun mənbəyinə və amin turşusu tərkibinə də diqqət yetirirlər. Yeni araşdırmada ön plana çıxan metionin isə sağlam qocalma ilə bağlı müzakirələrin əsas mövzularından birinə çevrilib.

“Milliyet” qəzetində Dilara Koçak öz köşə yazısında mövzu ilə bağlı mühüm məlumatlar verib.

Yaxın günlərdə “Cell Metabolism” jurnalında dərc olunan yeni bir araşdırma uzunömürlülük üçün yalnız ümumi zülal miqdarına diqqət yetirmək əvəzinə, zülalın amin turşusu tərkibinin də əhəmiyyətli ola biləcəyini göstərir. Araşdırmalarda diqqət çəkən amin turşularından biri isə metionindir.

Uzun və sağlam həyat dedikdə adətən ağla daha az yemək, kalorini məhdudlaşdırmaq və ideal çəkini qorumaq gəlir. Lakin elm dünyası son illərdə başqa bir sualın cavabını axtarır: Nə qədər yediyimiz qədər, nə yediyimiz və xüsusilə zülalı hansı mənbələrdən aldığımız da qocalma prosesinə təsir göstərə bilərmi?

Yaxın günlərdə “Cell Metabolism” jurnalında dərc olunan yeni araşdırma məhz bu suala diqqət çəkir. Nəticələr uzunömürlülük üçün yalnız ümumi zülal miqdarına deyil, zülalın amin turşusu tərkibinə də diqqət yetirməyin vacib ola biləcəyini düşündürür. Son illərdə sağlam qocalma ilə bağlı araşdırmalarda getdikcə daha çox diqqət çəkən amin turşularından biri isə xüsusilə ön plana çıxır: metionin.

ARALIQ DƏNİZİ PƏHRİZİ NÜMUNƏ KİMİ GÖTÜRÜLÜR

Tədqiqatçıların üzərində çalışdığı uzunömürlülük pəhrizi əslində kifayət qədər tanış olan qidalanma modelindən ilhamlanıb: Aralıq dənizi pəhrizi.

Tərəvəz, meyvə, tam taxıllı məhsullar, paxlalılar və digər bitki mənşəli qidaların üstünlük təşkil etdiyi, heyvan mənşəli zülal mənbələrinin isə daha məhdud saxlanıldığı və balığa yer verilən qidalanma modeli nəzərdə tutulur.

Tədqiqatçılar bu modeli xüsusilə uzunömürlülüklə əlaqələndirilən ənənəvi Cənubi İtaliya və Okinava qidalanma vərdişlərini əsas götürərək hazırlayıblar.

Lakin burada mühüm bir məqam var. Bitki mənşəli qidaların üstünlük təşkil etdiyi qidalanma modelləri bəzi əvəzolunmaz amin turşularını heyvan mənşəli zülallarla müqayisədə daha az miqdarda təmin edir.

Bu səbəbdən tədqiqatçılar daha az zülallı, bitki mənşəli qidalanma modelini kifayət qədər metionin təmin edəcək şəkildə tənzimləyiblər.

NİYƏ MƏHZ METİONİN?

Metionin orqanizmimiz üçün vacib olan əvəzolunmaz amin turşusudur. Yəni orqanizmimiz onu özü sintez edə bilmir və qida vasitəsilə qəbul etməliyik.

Ət, yumurta və süd məhsulları kimi heyvan mənşəli zülal mənbələrində metionin daha yüksək miqdarda olur. Bitki mənşəli qidalanma modellərində isə metioninin qəbulu adətən daha aşağıdır.

Maraqlı məqam ondan ibarətdir ki, metionin son illərdə uzunömürlülüklə bağlı araşdırmaların əsas mövzularından birinə çevrilib. Bəzi tədqiqatlar metionin qəbulunun nəzarətli şəkildə məhdudlaşdırılmasının, xüsusilə heyvanlar üzərində aparılan araşdırmalarda, metabolik sağlamlığı yaxşılaşdıra və ömrün uzanması ilə əlaqəli ola biləcəyini göstərir.

Bu araşdırmada isə tədqiqatçılar bitki mənşəli uzunömürlülük pəhrizində metioninin həddindən artıq azalmasının qarşısını almaq üçün qidaya nəzarətli miqdarda metionin əlavə ediblər.

Çünki məqsəd metionini mümkün qədər azaltmaq deyil, onu aşağı, lakin kifayət qədər səviyyədə saxlamaqdır.

Araşdırmanın diqqət çəkdiyi əsas məqam da məhz bu tarazlıqdır. Metioninin həddindən artıq məhdudlaşdırılması zəifliyi və kövrəkliyi artırır. Digər tərəfdən, yüksək miqdarda qəbul edilməsi də uzunömürlülük pəhrizinin yaratdığı metabolik üstünlükləri azaldır.

Bu səbəbdən araşdırma “Metionin yaxşıdır, yoxsa pis?” sualından daha çox, metioninin miqdarının və onun daxil olduğu ümumi qidalanma modelinin əhəmiyyətli ola biləcəyinə işarə edir.

METABOLİK SİQNALLAR DA DƏYİŞİR

Tədqiqatçılar yalnız iştirakçıların çəkisinə və ya bədən yağının miqdarına baxmayıblar. Onlar həmçinin metabolik sağlamlıq və qocalma ilə əlaqəli hormonal siqnalları da araşdırıblar.

Uzunömürlülük pəhrizi tətbiq edən insanlarda GLP-1 və FGF21 kimi maddələr mübadiləsi, enerji balansı və qocalma prosesləri ilə əlaqəli siqnal molekullarında müsbət dəyişikliklər müşahidə edilib.

Xüsusilə GLP-1 son illərdə iştaha və çəkiyə nəzarətə təsiri səbəbindən kifayət qədər tanınan hormona çevrilib. Lakin GLP-1-in fizioloji rolu yalnız iştahanın idarə olunması ilə məhdudlaşmır. Bu hormon həmçinin qlükoza mübadiləsinin və enerji balansının tənzimlənməsində də iştirak edir.

BİTKİ MƏNŞƏLİ ZÜLALLARI BİRLƏŞDİRMƏK NİYƏ ÖNƏMLİDİR?

Bitki mənşəli qidalanmaq zülal və ya əvəzolunmaz amin turşuları baxımından kifayət qədər qidalanmamaq demək deyil. Burada əsas məsələ müxtəliflikdir.

Çünki bəzi bitki mənşəli zülal mənbələrində müəyyən əvəzolunmaz amin turşuları daha azdır, digər qidalar isə bu çatışmazlığı tamamlayır.

Ənənəvi mətbəximizdəki lobya-plov bunun ən yaxşı nümunələrindən biridir.

Paxlalılar lizin baxımından zəngin, metionin baxımından isə nisbətən məhduddur. Taxıllarda isə lizin daha az, metionin isə daha çox olur.

Bu iki qidanı bir araya gətirdikdə onların amin turşusu profilləri bir-birini tamamlayır və daha balanslı zülal tərkibi yaranır.

Üstəlik, bu tamamlayıcı zülalları mütləq eyni yemək zamanı qəbul etmək də lazım deyil. Gün ərzində müxtəlif bitki mənşəli zülal mənbələrindən istifadə etmək kifayətdir.

Bu səbəbdən bitki mənşəli qidaların üstünlük təşkil etdiyi uzunömürlülük modelində əsas məsələ yalnız heyvan mənşəli zülalı azaltmaq deyil. Bitki mənşəli zülal mənbələrini müxtəlifləndirmək və düzgün kombinasiyalarla qidalanmanın amin turşusu keyfiyyətini dəstəkləmək vacibdir.

Mərcimək və bulqur, humus və tam taxıllı çörək, noxud və düyü kimi kombinasiyalar da müxtəlif bitki mənşəli zülal mənbələrinin əvəzolunmaz amin turşusu tərkibini bir-birini tamamlayacaq şəkildə birləşdirməyin yaxşı nümunələridir.

BOŞQABIN MƏRKƏZİNDƏ BİTKİ MƏNŞƏLİ QİDALAR

Bəlkə də “uzunömürlülük pəhrizi” ifadəsində ən vacib söz əslində “uzunömürlülük” deyil, “sağlam həyat müddətidir”.

Elm dünyasında “healthspan” adlandırılan bu anlayış yalnız neçə il yaşadığımızı deyil, həmin illərin nə qədərini xəstəliklərdən və fiziki zəiflikdən uzaq keçirdiyimizi ifadə edir.

Yeni araşdırmada diqqət çəkən nəticələrdən biri də məhz budur: daha az bədən yağı, daha aşağı fiziki kövrəklik və daha uzun müddət qorunan metabolik sağlamlıq.

Mövcud məlumatların verdiyi mesaj kifayət qədər aydındır: uzun və sağlam həyat üçün boşqabın mərkəzinə bitki mənşəli qidaları yerləşdirmək, zülalı yalnız miqdarına görə deyil, mənbəyinə görə də qiymətləndirmək və Aralıq dənizi tipli qidalanma modelinə yaxınlaşmaq güclü strategiya olaraq qalır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az