Son günlər bəzi xarici media orqanlarında və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən ayrı-ayrı dairələr tərəfindən ölkəmizin beynəlxalq fəaliyyəti, xüsusilə enerji siyasəti ilə bağlı həqiqəti əks etdirməyən fikirlərin səsləndirilməsi müzakirə mövzusuna çevrilib. Halbuki, Azərbaycanın həyata keçirdiyi ardıcıl enerji siyasəti təkcə region üçün deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmiz bu gün dünyanın etibarlı enerji tərəfdaşlarından biri kimi qəbul olunur və beynəlxalq əməkdaşlıq platformalarında nüfuzu durmadan artır.
Mövzu ilə bağlı Gundelik.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Azərbaycanın qazandığı beynəlxalq mövqe konkret nəticələrə, etibarlı tərəfdaşlıq prinsiplərinə və milli maraqlara söykənən müstəqil siyasətin məhsuludur.
Deputatın sözlərinə görə, son günlər bəzi xarici media orqanlarında və ölkəmizə qarşı qərəzli münasibət bəsləyən müəyyən dairələr tərəfindən səsləndirilən iddialar reallığı əks etdirmir:
“Diqqət yetirsək görərik ki, bu cür əsassız ittihamlar məhz Azərbaycanın beynəlxalq nüfuzunun artdığı, Avropa İttifaqı ilə əməkdaşlığının yeni mərhələyə yüksəldiyi bir dövrdə ortaya atılır. Halbuki bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas və etibarlı tərəfdaşlardan biridir. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji layihələri təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük strateji əhəmiyyət daşıyır.”
Sadiq Qurbanov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində Avropa bazarına enerji resurslarının etibarlı və dayanıqlı şəkildə çatdırılması mümkün olub.
“Bu gün qarşılıqlı əməkdaşlıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Yaşıl enerji sahəsində həyata keçirilən layihələr, bərpaolunan enerji potensialının inkişafı, Xəzər dənizinin imkanlarından səmərəli istifadə istiqamətində görülən işlər Azərbaycanın gələcəyin enerji bazarında da aparıcı aktorlardan biri olacağını göstərir.”
Komitə sədri vurğulayıb ki, Azərbaycanın strateji əhəmiyyəti təkcə enerji sektoru ilə məhdudlaşmır.
“Ölkəmiz eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısıdır. Artan tranzit imkanları, müasir logistika infrastrukturu və etibarlı tərəfdaş imici Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə rolunu daha da gücləndirir.”
Deputat bildirib ki, Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində də prinsipial mövqe nümayiş etdirir.
“Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olub. Dövlətimiz uzunmüddətli sülhün, qarşılıqlı etimadın və konstruktiv əməkdaşlığın formalaşması üçün real təşəbbüslərlə çıxış edir. Bu gün beynəlxalq münasibətlər siyasi sifarişlər və informasiya manipulyasiyaları ilə deyil, obyektiv faktlar və qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməlidir.”
Sadiq Qurbanov sonda vurğulayıb ki, Azərbaycanın müstəqil xarici siyasəti, enerji diplomatiyası və beynəlxalq əməkdaşlığa sadiqliyi ölkəmizin nüfuzunu daha da artırır.
“Azərbaycan milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, beynəlxalq öhdəliklərinə sadiq qalır, etibarlı tərəfdaş kimi fəaliyyətini uğurla davam etdirir. Məhz buna görə də ölkəmizin strateji tərəfdaşlarının sayı ildən-ilə artır, beynəlxalq nüfuzu isə daha da möhkəmlənir. Heç bir qərəzli informasiya kampaniyası bu reallığı dəyişə bilməz.”
Gundelik.az
