İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyədə dərman məqsədli bitki çayları Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılacaq

Türkiyədə qüvvəyə minən yeni qaydalara əsasən, dərman məqsədilə istifadə olunan bitki çayları artıq Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Türkiyə Dərman və Tibbi Cihaz Qurumu (TİTCK) tərəfindən elmi və texnoloji baxımdan qiymətləndirilərək lisenziyalaşdırılacaq.

Yeni tənzimləmə ilə bu məhsulların istehsalı, lisenziyalaşdırılması, satışı və keyfiyyətinə dair qaydalar müəyyən edilib. Lisenziyalı tibbi bitki çayları yalnız apteklərdə satılacaq və onların təhlükəsiz şəkildə istehlakçılara çatdırılması təmin olunacaq.

Məhsulların qeydiyyatı üçün təqdim edilən tam sənədlərə 90 gün ərzində baxılacaq. Hər bir məhsul kvadrat kod vasitəsilə Məhsul İzləmə Sisteminə (ÜTS) daxil ediləcək və istehsaldan aptekə qədər bütün hərəkəti real vaxt rejimində izlənəcək.

Yeni qaydalara əsasən, tibbi bitki çaylarını bazara çıxaran şəxslərin ali təhsilli olması, şirkətlərin isə müvafiq sahə üzrə ixtisaslı mütəxəssis çalışdırması məcburi olacaq. Məhsulun keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə bağlı hesabatlar yalnız tibb, əczaçılıq, kimya və ya biologiya sahəsində təhsil almış, fitoterapiya üzrə ixtisası və ya sertifikatı olan mütəxəssislər tərəfindən hazırlanacaq.

Qaydalar bazarlarda və aktarlarda satılan adi bitki və meyvə çaylarını dərman məqsədli bitki çaylarından hüquqi baxımdan tam ayırır. Qida məqsədilə istifadə olunan bitki çaylarının satışı əvvəlki kimi davam edəcək, tibbi bitki çayları isə yalnız Səhiyyə Nazirliyinin təsdiqlədiyi standartlara uyğun şəkildə apteklərdə satışa çıxarılacaq.

Yeni tənzimləmə həmçinin Türkiyəyə məxsus endemik bitkilərdən istifadəni elmi sübutlar əsasında mümkün edir. Bununla yanaşı, nəsli təhlükə altında olan bitkilərin qorunması üçün onların mənşəyi, davamlı tədarük planı və beynəlxalq CITES tələblərinə uyğunluğu barədə sənədlərin təqdim edilməsi məcburi olacaq.

Bundan başqa, bütün istehsal müəssisələri üçün beynəlxalq Yaxşı İstehsalat Təcrübəsi (GMP) standartlarına uyğunluq sertifikatı tələb ediləcək. Məqsəd həm istehlakçı təhlükəsizliyini artırmaq, həm də yüksək keyfiyyətli yerli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini gücləndirməkdir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az