Səyahət zamanı şübhəli su və qidaların istifadəsi, gigiyena qaydalarına əməl olunmaması və bölgəyə xas infeksiyalar tətil başa çatdıqdan sonra da sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə ishal, qarın ağrısı, köp, qaz, ürəkbulanma və səbəbsiz çəki itkisi uzun müddət davam edərsə, bağırsaq parazitləri də ehtimal kimi nəzərdən keçirilməlidir.
Mütəxəssislər bildirirlər ki, Entamoeba histolytica, Giardia intestinalis, Cryptosporidium və Dientamoeba fragilis kimi parazitlər bağırsaq infeksiyalarına səbəb olur. Xüsusilə iki həftədən çox davam edən və ya təkrarlanan ishal zamanı parazitar infeksiyaların araşdırılması vacibdir.
Səyahət zamanı necə qorunmaq olar?
Suya etibar edilməyən ərazilərdə:
Qapalı və etibarlı qablaşdırılmış içməli sudan istifadə etmək;
Kran suyunu içməmək və dişləri onunla fırçalamamaq;
İçkilərə buz əlavə edərkən ehtiyatlı olmaq;
Yaxşı bişirilmiş və isti təqdim olunan qidalara üstünlük vermək;
Çiy və ya az bişmiş ət, balıq və dəniz məhsullarından uzaq durmaq;
Pasterizə edilməmiş süd və süd məhsullarından istifadə etməmək;
Yuyulduğuna əmin olunmayan çiy meyvə-tərəvəzi yeməmək;
Yeməkdən əvvəl və sonra əlləri sabun və su ilə yumaq tövsiyə olunur.
Uzun sürən ishala diqqət
Səyahətdən sonra yaranan hər ishal parazit mənşəli deyil. Lakin ishalın uzanması, təkrarlanması, qarın ağrısı, şişkinlik, səbəbsiz çəki itkisi, qızdırma ilə müşayiət olunması zamanı həkimə müraciət edilməlidir.
Bağırsaq parazitlərinin aşkarlanmasında mikroskopik müayinə ilə yanaşı, antigen testləri və molekulyar üsullardan da istifadə edilir. Müalicə isə müəyyən edilən törədicidən asılı olaraq aparılmalıdır.
Xüsusilə uşaqlarda və immun sistemi zəif olan şəxslərdə maye itkisi daha sürətlə ciddi problemlərə səbəb ola biləcəyindən, davamlı simptomlar zamanı tibbi yardım gecikdirilməməlidir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
