Gundelik.az Ölkə Sərsəng su anbarında təmir və bərpa işlərinə 15,9 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Sərsəng su anbarında təmir və bərpa işlərinə 15,9 milyon manat ayrıldı

Sərsəng su anbarında təmir və bərpa işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Gundelik.az-ın xəbərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı hazırlıqları yekunlaşdırıb.

Belə ki təmir və bərpa işlərini “Hidro İnşaat Servis” şirkəti həyata keçirəcək.

Sözügedən işlərin icrasına 15 milyon 973 min 410 manat vəsait sərf olunacaq.

Sərsəng su anbarının layihələndirilməsi işlərini isə Türkiyənin “Temelsu Uluslararası Mühendislik Hizmetleri Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı 784.000 manata hazırlayıb.

Məlumat üçün onu da bildirək ki, Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq. Dövlət Turizm Agentliyi bu məqsədlə hələ cari ilin iyul ayında layihə-smeta sənədlərinin hazırlanmasına start verib. Bu işləri “Apex Group” həyata keçirəcək.

Qeyd edək ki, mühüm strateji əhəmiyyətə malik Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli Lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

Exit mobile version