Abituriyentlərin həyatında ən məsuliyyətli mərhələlərdən biri gələcək ixtisas seçimidir. Bu dövrdə gənclər bir tərəfdən öz maraq və arzularına uyğun peşə seçmək, digər tərəfdən isə gələcəkdə iş tapmaq və maddi təminat əldə etmək barədə düşünürlər. Belə vəziyyətdə valideynlərin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Bəzi ailələr övladlarının gələcəyini sığortalamaq məqsədilə onların ixtisas seçiminə birbaşa müdaxilə edir, bəziləri isə bu qərarı tamamilə gənclərin öz öhdəsinə buraxır.
Bəs 17-18 yaşlı gənc gələcəyini müəyyənləşdirmək üçün kifayət qədər təcrübəyə malikdirmi? Valideynin müdaxiləsi övladını yanlış seçimdən qoruya bilərmi, yoxsa onun istəklərinin qarşısını almaqla gələcək uğuruna mane olar? İxtisas seçimində şəxsi maraqlar, bacarıqlar və əmək bazarının tələbləri arasında tarazlıq necə qorunmalıdır?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Anar Kazımov Gundelik.az-a açıqlamasında bildirib ki, ixtisas seçimi zamanı valideynlərin təcrübəsi ilə gənclərin şəxsi maraqları uzlaşdırılmalıdır.
Həmsöhbətim hesab edir ki, yalnız valideynin arzusu və ya cəmiyyətdə müəyyən peşənin nüfuzlu hesab edilməsi əsasında ixtisas seçmək düzgün yanaşma deyil:
“17-18 yaşlı gəncin ixtisas seçimini tamamilə öz öhdəsinə buraxmağın riskli olduğunu düşünənlər var. Ancaq burada əsas məsələ yaş deyil, gəncin qərarını nə dərəcədə düşünülmüş və məlumatlı şəkildə verməsidir. Valideyn övladının gələcəyi ilə bağlı narahat olmaqda haqlıdır, lakin bu narahatlıq onun əvəzinə qərar verməyə çevrilməməlidir. Gəncin hansı sahəyə maraq göstərdiyi, hansı bacarıqlara malik olduğu və gələcəkdə özünü hansı peşədə gördüyü nəzərə alınmalıdır. Eyni zamanda seçilən ixtisasın təhsil imkanları, əmək bazarındakı vəziyyəti və gələcək perspektivləri də araşdırılmalıdır. Yalnız valideynin arzusu və ya cəmiyyətdə müəyyən peşəyə verilən yüksək qiymət əsasında seçim etmək düzgün yanaşma deyil. Digər tərəfdən, gənclər də qərar verərkən yalnız emosiyalarına, dostlarının seçiminə və ya dəbdə olan peşələrə əsaslanmamalıdırlar. İxtisas seçimi şəxsi maraqlar, real bacarıqlar və gələcək imkanlar arasında uyğunluq yaradılmaqla həyata keçirilməlidir”.
Mütəxəssisin fikrincə, valideynin əsas vəzifəsi övladına hazır qərar təqdim etmək deyil, düzgün seçim etməsi üçün ona istiqamət göstərməkdir.
“Gənclə açıq danışmaq, müxtəlif peşələr haqqında məlumat toplamaq və alternativləri birlikdə qiymətləndirmək daha sağlam nəticə verə bilər. Unutmaq olmaz ki, gənc seçdiyi ixtisas üzrə təhsil alacaq və gələcəkdə həmin sahədə fəaliyyət göstərəcək. Buna görə də onun fikri və istəyi qərar prosesində əsas yer tutmalıdır. Valideyn təcrübəsi ilə kömək edə bilər, amma övladının maraqlarını tamamilə kənara qoyaraq onun yerinə seçim etməsi gələcəkdə narazılığa səbəb ola bilər. Düşünürəm ki, ən doğru yanaşma gəncin müstəqil qərar verməsinə imkan yaratmaq, eyni zamanda onu məlumatsız və tələsik seçimdən qorumaqdır. Burada nə valideynin tam nəzarəti, nə də istiqamətləndirməsiz sərbəstlik ideal modeldir. Əsas məqsəd gəncin öz gələcəyinə məsuliyyətlə yanaşmasına kömək etməkdir”, – deyə A.Kazımov qeyd edib.
Nurəddin Abdullayev
Gundelik.az
