İyul 21, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Şəkərsiz içkilərlə bağlı təəccüblü araşdırma: Doğrudanmı zərərsizdir?

Şəkərsiz və aşağı kalorili içkilərdə istifadə olunan bəzi dadlandırıcıların bağırsaqlardakı faydalı bakteriyaların inkişafını ləngidə biləcəyi müəyyən edilib. Kembric Universitetinin alimləri bildirirlər ki, bu təsir bəzi dərmanlarla birlikdə qəbul edildikdə daha da güclənir. Mütəxəssislər isə qəti nəticələrə gəlmək üçün daha geniş klinik araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Şəkəri əvəz edən süni və təbii dadlandırıcılarla bağlı diqqətçəkən yeni tədqiqat dərc olunub. Laboratoriya şəraitində 39 fərqli dadlandırıcının 25 növ bağırsaq bakteriyasına təsiri araşdırılıb. Nəticələr göstərib ki, bəzi dadlandırıcılar, xüsusilə müəyyən dərmanlarla birlikdə istifadə edildikdə, faydalı bakteriyaların çoxalmasını zəiflədir.

Şəkər istehlakını azaltmaq istəyən insanların tez-tez üstünlük verdiyi şəkərsiz və aşağı kalorili məhsulların bağırsaq mikrobiotasına mümkün təsirləri Kembric Universitetinin alimləri tərəfindən ətraflı araşdırılıb. Məlum olub ki, bəzi dadlandırıcılar bağırsaqlarda yaşayan faydalı bakteriyaların inkişafını ləngidir. Bu təsirin bəzi dərmanların aktiv maddələri ilə birlikdə qəbul zamanı daha güclü olduğu qeyd edilir.

39 fərqli dadlandırıcı araşdırılıb

Tədqiqat zamanı faydalı, neytral və potensial zərərli növlər də daxil olmaqla 25 müxtəlif bağırsaq bakteriyası laboratoriya şəraitində yetişdirilib.

Bu bakteriyalar bazarda geniş istifadə olunan 39 müxtəlif süni və aşağı kalorili dadlandırıcıya ayrı-ayrılıqda məruz qoyulub. Daha sonra alimlər həmin maddələrin bakteriyaların böyümə və çoxalma sürətinə təsirini qiymətləndiriblər.

Molecular Systems Biology jurnalında dərc olunan nəticələr göstərib ki, bəzi dadlandırıcılar bağırsaq bakteriyalarına tamamilə təsirsiz deyil.

Dərmanlarla birlikdə qəbul edildikdə təsir güclənir

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri steviya bitkisindən əldə olunan izosteviol maddəsi ilə bağlı olub. Məlum olub ki, izosteviol antidepresantların tərkibində istifadə edilən duloksetin adlı aktiv maddə ilə birlikdə olduqda bəzi faydalı bağırsaq bakteriyalarının inkişafını nəzərəçarpacaq dərəcədə zəiflədir.

Tədqiqatçılar həmçinin bu kombinasiyanın laboratoriyada yetişdirilən bəzi hüceyrələrdə toksik təsiri artırdığını müşahidə ediblər. Bundan əlavə, immun sistemi və iltihab proseslərində rol oynayan bəzi hüceyrə mexanizmlərinin də bu təsirdən təsirlənə biləcəyi müəyyən olunub.

“Dadlandırıcılar tamamilə təsirsiz olmaya bilər”

Tədqiqatın aparıcı müəllifi, doktor Sonja Blaşe bildirib ki, dadlandırıcılar uzun müddətdir maddələr mübadiləsinə neytral təsir göstərən maddələr kimi təqdim olunsa da, əldə olunan nəticələr bu yanaşmanı yenidən qiymətləndirməyə əsas verir.

Onun sözlərinə görə, dadlandırıcılar bəzi dərmanlar və digər qida əlavələri ilə birlikdə istifadə edildikdə bağırsaq bakteriyalarına birbaşa təsir göstərə bilər.

Alimlər qeyd edirlər ki, dadlandırıcılar adi şəkər kimi mədədə tam həzm olunmur. Onlar bağırsaqlara çataraq burada yaşayan mikroorqanizmlərlə birbaşa qarşılıqlı əlaqəyə girirlər.

Qəti nəticə üçün əlavə araşdırmalar lazımdır

Tədqiqat müəllifləri xüsusilə vurğulayırlar ki, əldə olunan nəticələr yalnız laboratoriya şəraitində aparılmış təcrübələrə əsaslanır. Bu, eyni təsirin insan orqanizmində də mütləq baş verəcəyi anlamına gəlmir.

Dadlandırıcıların gündəlik qidalanmada istifadə miqdarı, qəbul tezliyi və dərmanlarla birlikdə istifadəsinin insan sağlamlığına real təsirini müəyyən etmək üçün daha genişmiqyaslı klinik araşdırmaların aparılması vacib hesab olunur.

Son illərdə dərc olunan bəzi elmi işlər süni dadlandırıcıların piylənmə, 2-ci tip diabet və digər sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini irəli sürsə də, onların uzunmüddətli təsirləri barədə elmi ictimaiyyətdə hələ də yekdil fikir formalaşmayıb.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az