İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Səhrada, dənizdə və ya dağda internet: VSAT stansiyalarının sayı 8 minə yaxınlaşdı

Şəhər mərkəzlərindən kənarda internetə çıxış əsasən mobil şəbəkələr vasitəsilə mümkün olur. Lakin mobil rabitənin də olmadığı ərazilərdə VSAT texnologiyası köməyə çatır. Bu sistem səhralarda, açıq dənizlərdə və yüksək dağ zirvələrində internet bağlantısını mümkün edir. Türkiyənin peyk operatoru olan TÜRKSAT tərəfindən quraşdırılan VSAT stansiyalarının sayı artıq 8 minə yaxınlaşıb.

İnternetin yaranması 1969-cu ilə təsadüf etsə də, onun geniş yayılması 2000-ci illərdən başlayıb. Bu gün 5G mobil şəbəkələri və yerüstü genişzolaqlı internet dünyanın böyük hissəsini əhatə edir. Buna baxmayaraq, hələ də internet şəbəkələrindən kənarda qalan bölgələr mövcuddur. Xüsusilə açıq dənizlərdə, yaşayış məntəqələrindən uzaq səhralarda və yüksək dağlıq ərazilərdə internetə çıxış olduqca çətindir.

Mobil və ya kabel internetinin olmadığı yerlərdə aşağı orbitli peyk sistemləri vasitəsilə internet xidməti göstərilməyə çalışılır. Lakin bu üsul yüksək maliyyət və təhlükəsizlik problemləri yarada bilir. Bu sahədə alternativ həll kimi TÜRKSAT-ın yerli VSAT sistemi ön plana çıxır.

TÜRKSAT VSAT ilə 100 Mbit/s sürətə qədər internet

Türkiyənin peyk rabitəsi şirkəti olan TÜRKSAT çətin coğrafi şəraitdə peyk üzərindən genişzolaqlı internet xidməti təqdim edir. Yerüstü infrastrukturun və GSM şəbəkələrinin kifayət etmədiyi bölgələrdə istifadəçilər peyk bağlantısı vasitəsilə internet əldə edə bilirlər. Beləliklə, yerləşdiyi yerdən asılı olmayaraq istifadəçilər sürətli internetə qoşula bilirlər.

Ka-band tezlikləri və Very Small Aperture Terminal (VSAT) texnologiyası sayəsində istifadəçilərə saniyədə 100 Mbitədək yükləmə sürəti təqdim olunur.

VSAT terminallarının sayı 8 minə yaxınlaşıb

VSAT sistemində istifadəçi kiçik peyk antenası vasitəsilə birbaşa peyklərlə əlaqə qurur. Antena məlumatları kosmosdakı peykə ötürür, peyk isə onları daha böyük yerüstü stansiyalara və qlobal şəbəkələrə yönləndirir.

Türkiyədə peyk internetinin ilk addımı 2004-cü ildə atılıb. Sonrakı illərdə həm ehtiyacların, həm də texniki imkanların artması ilə istifadəçi sayı sürətlə yüksəlib. 2026-cı ildə TÜRKSAT tərəfindən quraşdırılan VSAT terminallarının sayı 8 minə yaxınlaşıb.

Fövqəladə hallarda mühüm rol oynayır

Sistem xüsusilə dənizçilik və aviasiya sektorlarında geniş istifadə olunur. Açıq dənizdə üzən gəmilər və uçuş zamanı təyyarələr üçün internet bağlantısının təmin edilməsində VSAT mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, çətin əlçatan kənd və dağlıq ərazilərdə, eləcə də təbii fəlakətlər və fövqəladə hallar zamanı internetə çıxışın təmin edilməsində ən vacib vasitələrdən biri hesab olunur.

Biznes sahəsində isə yanacaqdoldurma məntəqələri, mağazalar və bir-birindən uzaqda yerləşən filialları olan şirkətlər təhlükəsiz məlumat ötürülməsi üçün bu texnologiyadan istifadə edirlər.

Təhlükəsizlik üstünlüyü

Heç bir yerüstü rabitə xəttinə ehtiyac duymayan VSAT sistemi Türkiyə, Yaxın Şərq və Afrika başda olmaqla geniş coğrafiyada fəaliyyət göstərə bilir. Bağlantının birbaşa TÜRKSAT peykləri üzərindən həyata keçirilməsi müdaxilə risklərini azaldır və təhlükəsizliyi artırır.

Bu səbəbdən sistem açıq dənizdə fəaliyyət göstərən neft və təbii qaz axtarış gəmilərində, mədən sahələrində və tikinti meydançalarında etibarlı rabitə vasitəsi kimi istifadə olunur. Həmçinin dövlət qurumlarının və özəl şirkətlərin xaricdəki nümayəndəlikləri üçün də vacib alternativ rabitə həllinə çevrilib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az