Gundelik.az Mədəniyyət və cəmiyyət Səhərlər isti su içmək həqiqətən faydalıdırmı?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Səhərlər isti su içmək həqiqətən faydalıdırmı?

Son dövrlərdə sosial mediada səhərlər isti və ya ilıq su içmək dəb halına gəlib. TikTok və Instagram-da milyonlarla baxış toplayan videolarda gənclərin günə isti su, isti səhər yeməyi və dartınma hərəkətləri ilə başladığı görünür.

21 yaşlı Meriyam Xan da bu tendensiyanı sosial mediada gördükdən sonra sınamağa qərar verib.

“Videolar qarşıma çıxmağa başladı. Düşündüm ki, niyə də sınamayım?” – deyə o bildirib.

İsti və ya ilıq su içmək ənənəvi Çin təbabəti və Hindistan mənşəli Ayurveda təcrübəsində min illərdir sağlamlıqla əlaqələndirilir. Bəs bu vərdişin elmi əsasları varmı?

“Çini qorumaq”

Ənənəvi Çin təbabətinin əsas anlayışlarından biri bədəndə “Çi” adlandırılan enerji axınının mövcudluğudur. Bu enerji axınının pozulmasının xəstəliklərə səbəb olduğuna inanılır.

Ənənəvi Çin təbabətini araşdıran professor Şun Au isti su içməyin bədəndəki “Çi”ni gücləndirdiyinə inanan yanaşmanı izah edərkən bədəni evə bənzədir. Onun fikrincə, soyuq qidalar qəbul etmək evin soyuq hava axınına məruz qalmasına bənzəyir.

Bu yanaşma isti səhər yeməyi yemək və soyuq havalarda ayaqları isti saxlamaq kimi digər ənənəvi vərdişlərdə də özünü göstərir.

Meriyam Xan isə səhərlər tai çi ilə məşğul olmağa və qəhvə əvəzinə ilıq su içməyə başladıqdan sonra özünü daha yaxşı hiss etdiyini deyir.

“Qəhvə içəndə sonradan ürəyim bulanırdı. İndi isə sadə isti su içirəm, bəzən ona nanə və limon əlavə edirəm. Özümü daha enerjili hiss edirəm”, – deyə o bildirib.

İnsanlar niyə ənənəvi təbabətə yönəlir?

Ümumdünya Səhiyyə Təşkilatının ənənəvi təbabət üzrə mütəxəssisi Şyama Kuruvillanın sözlərinə görə, sosial mediada bu mövzuya marağın artması daha geniş tendensiyanın bir hissəsidir.

Onun bildirdiyinə görə, bəzi ölkələrdə insanların böyük hissəsi ənənəvi, tamamlayıcı və ya inteqrativ tibbi yanaşmalardan istifadə edir.

Bəzi insanlar isə müasir səhiyyə sisteminə olan inamın azalması və daha fərdi yanaşma axtarışı səbəbindən ənənəvi üsullara üstünlük verirlər.

Bununla belə, ənənəvi müalicə üsullarının effektivliyi və təhlükəsizliyi ilə bağlı elmi sübutların daha geniş araşdırılmasına ehtiyac olduğu bildirilir.

Kuruvilla hər hansı ənənəvi müalicə üsulunu sınamazdan əvvəl onun təhlükəsizliyi barədə həkimlə məsləhətləşməyi tövsiyə edir.

Bəs isti su barədə elm nə deyir?

Ailə həkimi və uzunömürlülük üzrə mütəxəssis Rozi Bruks səhərlər ilıq su içməyin müəyyən faydalarının ola biləcəyini bildirir.

Onun sözlərinə görə, ilıq su həzm prosesinə və qəbizliyə müəyyən qədər kömək edir. Həmçinin onun qida borusunda yaranan spazmları sakitləşdirməsinə dair məhdud sübutlar mövcuddur.

Lakin bundan başqa, suyun isti və ya soyuq olmasının sağlamlıq baxımından ciddi fərqi olduğuna dair kifayət qədər sübut yoxdur. Əsas fayda orqanizmin kifayət qədər maye qəbul etməsidir.

Həkim Selina Qrey də soyuq suyun sağlamlığa zərərli olduğunu göstərən elmi sübutların olmadığını bildirir.

Sosial mediada yayılan bəzi iddiaların əksinə olaraq, ilıq suyun yağ yandırdığını, maddələr mübadiləsini sürətləndirdiyini və orqanizmi “detoks” etdiyini göstərən etibarlı sübut yoxdur.

“İlıq su içmək insana daha çox su qəbul etməyə kömək edirsə, bu, yaxşı vərdişdir. Amma bunu maddələr mübadiləsini sürətləndirən qısa yol hesab etmək olmaz”, – deyə Qrey vurğulayır.

Bəzən əsas fayda yavaşlamaqdır

İsti suyun sağlamlığa təsiri ilə bağlı elmi sübutlar məhdud olsa da, bu vərdişin gündəlik həyatın digər faydalı elementləri ilə birlikdə müəyyən müsbət təsiri olur.

Məsələn, qidalı məhsullardan hazırlanmış isti səhər yeməyi sadə və şəkərli səhər yeməyindən daha faydalı ola bilər.

Ayaqların soyuq olmasının xəstəliyə səbəb olduğunu göstərən sübut yoxdur. Lakin isti və rahat hiss etmək insanın dincəlməsinə və yuxusunun yaxşılaşmasına kömək edir.

Araşdırmalar həmçinin tai çi və çiqonq kimi ənənəvi Çin məşqlərinin hərəkət qabiliyyətini və gücü yaxşılaşdırmağa, stressi azaltmağa kömək edə biləcəyini göstərir.

Ənənəvi Çin təbabəti üzrə mütəxəssis Şun Au bu məşqlərin əsas məqsədinin müasir həyatın sürətini azaltmaq olduğunu deyir.

Ailə həkimi Rozi Bruks isə isti su içməyin ciddi tibbi faydasına dair kifayət qədər sübut olmadığını bildirsə də, bu vərdişin psixoloji baxımdan faydalı ola biləcəyini qeyd edir.

Onun fikrincə, səhərlər bir neçə dəqiqə isti su içmək insana özünə vaxt ayırmaq və günə daha sakit başlamaq imkanı verir.

Meriyam Xan da bu ritualın ona günün əvvəlində özünə vaxt ayırmaq və ruhən daha yaxşı hiss etmək imkanı verdiyini deyir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version